"Nabucco" təbii qaz kəməri ilə bağlı son qərar 2011-ci ilin sonuna kimi verilə bilər. SİA-nın məlumatına görə, qaz kəməri ilə bağlı bu başlıqlı yazı "New York Times" qəzetində verilib.
Yanvar ayında Avropa Komissiyasının rəhbəri Joze Manual Barrozonun Bakıya səfərində qazı idxal etmək üçün "ilkin" razılaşmanın imzalandığını yazan qəzet Avropa İttifaqının (Aİ) təbii qaz tələbatına toxunub. Aİ-nin təbii qaza olan tələbatın təxminən 60 faizini idxalla təmin etdiyi qeyd edilən yazıda bildirilib ki, istehlakın 25 faizini Rusiya ödəyir: "Finlandiya, Latviya, Estoniya və Litva kimi ölkələr isə 100 faiz Rusiyadan asılıdır. Müəyyən müddət ərzində Avropa Birliyi Rusiyadan olan asılılığa son qoymağa cəhd edir. Türkmənistan söz verir ki, Rusiya və Çin ilə yanaşı Xəzər dənizinin altında çəkiləcək boru kəmərinə də qaz verəcək. Bu isə Rusiyanın və İranın güclü etirazı ilə qarşılaşır. Türkmənistandan təbii qazın Avropaya nəqli üçün Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu daha münasibdir. İraqdan boru kəmərin çəkilməsi hələ ki görünmür, bu ölkənin qaz hasilatı tələbatdan aşağıdır və qaza kəməri terrorizmə asanlıqla qənimət ola bilər. İran sanksiyalardan əziyyət çəkir və etibarlı partnyor hesab edilmir".
Qəzetin yazdığına görə ekspertlər güman edir ki, Bakının son qərarı siyasi, eyni zamanda iqtisadi olacaq. Qeyd olunub ki, Azərbaycan təbii qazın satışından istifadə etməklə Avropa ilə müxtəlif şaxəli və davamlı əlaqələr yaratmağa cəhd edir.