Macar rapsodiyası (esse-hekayə)

5 May 2020 22:54 (UTC+04:00)

Hüseyn MİRTƏQƏVİ

Şəhidlər xiyabanını ziyarət etdikcə addımlarım, fikirlərim, bütün vücudum ağırlaşır. Qara mərmərdən baxan şəhid baxışları sanki bir ekran kimi qanlı yanvar hadisələrini əks etdirir, içimi göynədir. Dilimdə və fikrimdəki duaların ardınca ruhumdan bir fəryad qopur! Ölüm hökmünü kəsənlərə və cəlladlara min lənətlər yağdırıram!.. Görəsən bu, qara mərmər altında yatanların ruhu o qatilləri rahat buraxırmı?- deyə düşünürəm. Onlar gecələr rahat yata bilirlərmi? Ruhunu İblisə satan bu əsgər geyimli məxluqlar, yalan ideyaların pafoslu təbliğatınamı, şirnikdirici vədlərəmi, pulamı, daha nələrə uyub qatilə, cəllada çevrilirlər? Bəlkə əllərini qana bulayan canilik onların nadan xilqətindən, genindən gəlir?.. Evlərinə qayıdanda və anaları ilə üzbəüz oturub dərdləşəndə, “ana, sən qatil doğmusan!”, deyirlərmi?..

Bu yerdə mən sizə Macarıstanda öz tankını azadlıq istəyi ilə küçələrə çıxan xalqın üstünə sürən və qatilə çevrilən bir əsgərin faciəli taleyindən danışmaq istəyirəm.

...Çayın kənarında xeyli adam yığılmışdı. Hamının diqqəti qarsanmış otun üstündə, sanki tavada qovrulmuş və bir-birinə sıxılmış qadın və kişi meyitlərinə zillənmişdi. Bu ətürpədici, faciəli mənzərə hamını ovsunlayıb keyləşdirmişdi…

Az vaxta milis və təcili yardım da gəldi. Mayor yaxınlaşdıqda camaat aralandı. İrəlidə durmuş, şəhərdə hamının tanıdığı həkim Dubinin mayoru köksötürücü tərzdə salamladı və:

- Anatoli Petroviç, bu nə sizlikdir, nə də bizlik… İldırım vurub. Özü də adi ildırım yox, kürəvari ildırım! Özüm gördüm. Mən arvadım Nina Vasilyevna və oğlumla bazardan gəlirdik. Biz Naxır körpüsünə çatanda qəfil külək qalxdı. Ani olaraq zülmət çökdü və elektrik qaynağı kimi ağ işıq verən, top boyda odlu bir şar peyda oldu. Sürətlə dolanıb bu yazığın düz sağ gicgahından vurdu. İkisi də birdən yanmağa başladı. Hər şey ani və qəfil oldu. Heç səsləri də çıxmadı. Biz durduğumuz yerdə donub qaldıq. Bir neçə dəqiqə nə addım ata, nə danışa bildik. Əvvəl qaranlıq çökdü, sonra hər yan işıqlandı. İki dəqiqədən sonra bunların üstündən ağlı-qaralı bir tüstü qalxdı, duman kimi çəkilib getdi. Elə bil heç nə olmayıb. Yaxınlaşdıq. Çox dəhşətli bir səhnə gördük… Bu bədbəxtlər, mənim qonşularım Leonid Berdişev və onun arvadı Qalinadır. Görünür bazara getmək istəyirlərmiş. Yazıq Qalya hamilə idi, uşaq gözləyirdi…

- Yaxınlarına xəbər verilibmi? - Mən Nina Vasilyevnanı oğlumla evə göndərdim. Tapşırdım ki, xəbər çatdırsınlar…

Teykovo şəhərinin köhnə hissəsi adi rus kəndlərini xatırladır. Vyazma çayının sol sahilində, bir yandan hərbi şəhərcik, digər tərəfdən beşmərtəbəli yaşayış binaları ilə əhatələnən Zareçni küçələri birmərtəbəli şalban evlərdən və yaşıl keçıdlərdən ibarətdir. Adətən bu kimsəsiz küçələrdə, ilin bir yarısı dumanlı bataqlıq havası, ikinci yarısında qış yuxusu hökm sürür. Bu ab-hava burada yaşayanların

xasiyyətinə də qonub. Cavanlar köçüb iri şəhərlərə getdiyindən, qalanlar əksərən yaşlılardır. Onları da ya başıaşağı, həyətyanı sahədə kətmən vuran, ya da pəncərədən, oğrun-oğrun pərdə arxasından baxan görərsən.

Berdişevlərin evi Üçüncü Zareçnidə idi. Mənə bu ailə ilə maraqlanmağı jurnalist dostlarım - Mixail və Olqa Smirnovlar məsləhət görmüşdülər. Onlar öz jurnallarında bu ailənin böyük qızı, müharibədə partizanlıq etmiş Tonya barədə yazmışdılar…

Mənə verilən ünvandakı evin qapısından iri bir qıfıl asılmışdı. Evə tərəf gedən cığırı ot, qarşısındakı güldanlığı kol-kos basmışdı. Gövdəsi mamırla örtülmüş iki yoğun küknar sanki evin keşiyini çəkirdi. Qalın taxtalı pəncərə qapaqlarındakı hörümcək torları onların çoxdan açılmadığına dəlalət edirdi. Öz-özümə “dünyaya yeddi övlad vermiş bir ailənin yurdu-yuvası kimsəsiz qalıb”,- deyə düşündüm…

Küçə və yaxın həyətlərdə bir kəs yox idi ki, bu evin yiyələrini soruşum. Xeyli dayanıb, ətrafı seyr etdim. Arabir sükunəti itlərin ulaşmayabənzər tənbəl hürüşməsi pozurdu. Sanki darıxdıqlarından, bu boynu zəncirlilər bir-biri ilə uzaqdan-uzağa öz it dillərində hal-əhval tuturdular. Qonşu evin pəncərəsindən kiminsə mənə baxdığını hiss edib yanaşdım. Xeyli vaxtdan sonra qapıda yaşlı bir qadın göründü. Məni diqqətlə süzüb, şübhəli-şübhəli:

- Sizə kim lazımdır? – deyə soruşdu. - Berdişevlərdən kimisə görmək istərdim. - Onlar çoxdan burada yaşamırlar. O qəhvəyi evi görürsünüz? Küçənin üst tərəfindəki evi deyirəm. Nina Vasilyevnanı soruşun. O, sizə kömək edər… Yadıma düşdü ki, Smirnovlar da Nina Vasilyevnanın adını çəkmişdilər. Qapının zəngini basmağa macal tapmamış qara tüklü həyət iti haray qopardı. Aşağı çöməlib darvaza arxasındakı itə:

- Hə, qaraca, görünür çoxdan hürməyə adam tapmırsan. Sahibəni çağır görüm – dedim. İt bir az da coşdu… Çiyninə göy flanel xalatın üstündən nimdaş palto atmış hündürboylu, dolu bədənli ev sahibəsi iti sakitləşdirdi. Küçə qapısını açıb, məni içəri dəvət elədi. Tanış olduq, gəlişimin məqsədini qısaca izah etdim. Sahibə:

- Mixail Vladimiroviç zəng vurub, sizin gəlişiniz barədə məni xəbərdar edib - dedi və sonra əlavə etdi: - Həyətdə, havada otursaq sizə soyuq olmaz? - Yox, narahat olmayın. Cənublu olsam da, soyuğa dözümlüyəm. Mən təbiət adamıyam!

Evin arxa tərəfində, gül və qarağat kolları ilə əhatələnmiş çardağın altındakı skamyada əyləşdik. Vaxtilə tanınmış həkim olan Nina Vasilyevna Dubininanın, özü dediyinə görə, səksən üç yaşı vardı. Amma ona bu yaşı heç vermək olmazdı. Baxışı aydın, nitqi səlis idi. Smirnovlar onun fenomenal yaddaşlı bir insan olduğunu demiş, yaman tərifləmişdilər… Xeyli söhbətdən sonra Vasilyevna əsas mətləbə - Leonid Berdişev haqda söhbətə keçdi:

- Berdişevlər çox qəribə taleli ailədir. Onların hərəsi bir faciə ilə bu dünyanı tərk edirlər. Ataları İlya Mixalıç çox ağırxasiyyət və qəddar adam idi. Uşaqları ondan bir xoş söz eşitməzdi. Anaları Yevdakiya Aleksandrovna sakit, adi rus qadını idi. Kişinin uşaqlara olan qəzəbini çox vaxt öz üzərinə götürürdü. Bir də görürdün, qışın şaxtasında Mixalıç ya Dusyanı, ya da uşaqlardan kimisə, bir köynəkdə qovub küçəyə…

Leonid ailənin dördüncü uşağı idi. Uşaqlıqda adamayovuşmaz, azdanışan, qaraqabaq bir oğlan idi. Sanki həmişə nədənsə qorxurdu. Anası deyirdi ki, onun bu xasiyyətinin səbəbkarı atasıdır. Mixalıç hər dəfə coşanda Leonid döyüləcəyindən qorxub sakitcə çarpayının altına girər, bəzən də elə oradaca yatıb qalardı. Məktəbdə pis oxumurdu. Amma məktəbi bitirəndən sonra heç yana getmədi. Traktorçuluq kursunu qurtarıb sovxozda işlədi. Yaxşı traktorçu idi. Gecə-gündüz işləyir, çox vaxt evə gəlmir, elə sahədə qalırdı. Yaxşı da qazanırdı və məvacibini anasına verirdi. Sonra onu əsgər apardılar. Orada tankçı oldu. Əsgərlikdən sonra yenə sovxozda işlədi… Macarıstan hadisələrindən bir az qabaq, oktyabrın ortalarında, Leonidi hərbi komissarlığa çağırdılar. Onda Leonidin 27 yaşı vardı… O gedəndən sonra düz bir il ondan nə bir məktub gəldi, nə bir xəbər çıxdı. Anası dəfələrlə hərbi komissarlığa da müraciət etmişdi və həmişə də “bizdə bir məlumat yoxdur”,- deyərək onu başlarından eləyirdilər. Bir ildən sonra Leonidi Zinovo psixiatriya xəstəxanasına gətirmiş və heç ailəsinə də xəbər verməmişdilər. Qardaşı Viktor onu təsadüfən görmüşdü…

Teykovo rayonunun Zinovo kəndi öz psixiatriya xəstəxanası, yəni dəlixanası ilə məşhurdur. Viktor Berdişevi işlədiyi toxuculuq kombinatından Zinovaya kartof yığmağa göndərəndə o, hələ bir lağ da eləmişdi:

- Dəli deyiləm ki, məni Zinovaya göndərirsiniz. Heç orada dəli qohumum da yoxdur ki, yoluxam! Sex həmkarlar komitəsinin sədri də cavab olaraq: - Kim bilir, tale insana çox sürprizlər bəxş edə bilər. Bir də, həbsxana və dəlixanadan heç kəs sığortalanmayıb! - demişdi.

Zinovo Regional Psixiatriya xəstəxanası İvanovo – Teykovo magistralına yaxın, kəndlə meşə arasında, gözəl təbiətli bir massivdə yerləşirdi. Yayda şam ətirli, güllü-çiçəkli, giləmeyvəli-göbələkli meşəliyin talalarında ot dizə çıxır, quşların səsi aləmi bürüyürdü. Qışdasa, təbiətin üzünə çəkilmiş gümüşü-ağ pərdə bütün bu rəngarəngliyi qar örtüyü altında gizlədir, hər tərəfdə yuxulu bir sükunət yaranırdı.

Səhər yeməyindən sonra həkimlər “ipəyatan” xəstələrə dəlixana ətrafında gəzməyə icazə verirdilər. Nahar fasiləsinə az qalırdı. Viktor yığdığı kartofları qazançaya doldurdu. Yeri qazıb ocaq düzəltdi. Ətrafdan topladığı çır-çırpını və quru kartof kollarını ocağa basdı, od vurdu. Qazançanı ocağa qoyub ortağı Nikolayı səslədi:

- Kolya, özünü ver dəlixanaya. Tibb bacılarından olsa havayı, olmasa bir az pul verib spirt al. Təzə kartofu yumaq lazımdır, ya yox! - Bəs həkimlər? Baş həkim tutsa nə deyim?..

- Tutsa, de ki, məni də salın siyahınıza. Sən onsuz da dəlilərdən seçilmirsən. Get, get, tez elə, kartof bişdi…

Heç beş dəqiqə çəkmədi ki, Nikolay qayitdı. Özü də əli boş. Rəngi-ruhu özündə deyildi. Nə isə demək istəyir, amma dili söz tutmurdu.

- Nə tez qayıtdın? Bəs spirt hanı? - Vit, desəm inanmayacaqsan! Orada sənin qardaşın Lyonyanı gördüm! Dəlixananın həyətində!..

- Sən nə çərənləyirsən? Deyəsən dəlixanaya girib-çıxmaqla sən də ağlını itirmisən! Mənim qardaşım Leonid, burada, dəlixanada?! Axmaq, Leonid bir ildir Macarıstanda hərbi xidmətdədir! Tankçıdır! - Vit, inanmırsan, get bax! Həyətdə gəzir. - Sənə deyirəm, ola bilməz!..

Xeyli tərəddüddən sonra Viktor ayağa qalxdı, siqaretini sona qədər sümürüb tulladı və Nikolaya sarı dönmədən: - Gedək, göstər!- dedi.

Onlar məftilli çəpərin arasından keçib, xəstələrin gəzindiyi alleya tərəfə addımladılar.

- Vit, bax odur, o yaşıl xalatlı. - Kolya, əgər Lyonya olmasa, torpaq yedirdəcəyəm sənə! - Bəs əgər olsa? Yarım litrlik səndən!

Viktor Nikolayın göstərdiyi adama yaxınlaşdı, bir neçə addımlıqdan ona diqqətlə baxdı, digər tərəfə keçib yenə baxdı… Gözlərinə inana bilmədi! Qardaşı Leonid idi!.. Amma elə bil, bu bir ildə o, on il qocalmışdı. Çox arıqlamışdı. Çuxura düşmüş qonur gözləri ilə lap konslager məhbuslarını xatırladırdı… Viktor yanaşmadı. Özünü ələ alıb geri döndü. Nikolaya çatcağın:

- Başdan xarab qancıq oğlu! Məni ələ salmısan? Sən gör kimi mənim döyüşçü qardaşıma oxşatmısan!..

Axşamüstü Viktor özünü güclə evə çatdırdı. Az qalırdı ürəyi partlaya. Həyətə girəndə anası zivədən paltarları yığırdı. Ana oğlunun üzünə baxcağın bildi ki, nə isə olub:

- Viktor, niyə belə qanıqarasan? - Ana, gəl içəri!

Onlar evə keçdilər.Viktor sırıqlısını çıxartmadan miz arxasına əyləşdi. Əli ilə anasına üzbəüzdə oturmasına işarə etdi:

- Ana, otur. Bədbəxtlik üz verib! - Lyonya!-– deyə ana qışqırıb hönkürdü- Leonid həlak olub?!.. - Yox, ana səbr elə, danışım. Sağdır, ölməyib. Amma Zinovadadır! - Ola bilməz! Sən nə danışırsan?! Mənim oğlum əsgərdir! - Yox, ana, Zinovadadır! Özüm görmüşəm…- Viktoru da ağlamaq tutdu…

Ana və oğul qucaqlaşıb xeyli hönkürdülər.Viktor günortadan sinəsində yığılan ağrını boşaltdı. Ana ağlayırdı. Bilmirdi oğlunun sağ olmasına sevinsin, ya onun dəli olması faciəsinə yansın… Leonidin Zinovadan evə gətirilməsini Dubinin həll elədi. O, baş həkimlə, hərbi komissarla və raykomla özü danışdı.

Leonidin başına hava gəlməsini Berdişevlər də, biz də bir sirr kimi saxlayırdıq. Bilirdik ki, şəhər kiçikdir və əgər kimsə bilsə, bu Berdişevlər ailəsi üçün bir damğa olacaq…

Tutması tutanda Leonid özünü-sözün bilmirdi. Qışqırırdı. Qaçıb rus sobasının arxasına girirdi və eyni sözləri dayanmadan təkrarlayırdı: “Tanklar!.. Uşaqlar!.. Qan!.. Tanklar!.. Uşaqlar!.. Qan!..” Belə məqamlarda, heç kəs onu sobanın arxasından çıxara bimirdi. Düz yarım saat, eyni sözləri təkrar edir, haldan düşür, axırda sızıltı ilə xısın-xısın ağlayırdı…

Evdəkiləri bezikdirmişdi. Qardaşı Viktor deyirdi ki, belə anlarda az qalıram onu tutub boğam. Anam qoymur. Yalvarıb diz üstə çökür ki, amandı, dəymə, dözməliyik!.. Yevdokiya dərdini mənə danışırdı: “Leonidin dərdi məni öldürəcək! Bilirəm ki, həkimlərə müraciət etsək, onu yenə də Zinovaya, dəlixanaya aparacaqlar…” Mən o zaman, ərim Dubininlə birgə, hərbi qospitalda işləyirdim. O, cərrah idi, mən terapevt. Biz hərbi xəstəxananın psixiatrı Mark Kassilskiylə məsləhətləşdik. Bu qoca yəhudi çox bilikli və təcrübəli həkim idi. O, Leonidi müayinə etdi, müalicə kursu təyin etdi. Kassilskiy məsləhət gördü ki, Lyonyanı təbiətdə, havada çox gəzdirsinlər və musiqiyə qulaq asdırsınlar. İnsanlarla, xüsusilə keçmiş dostları ilə ünsiyyətdə olsun, onu qızla tanış etsinlər… Bir neçə aydan sonra Leonid xeyli yaxşılaşdı. Kassilskiyin müalicəsi öz bəhrəsini verirdi. Son müayinədə qoca həkim, “Lyonya, indi səni lap evləndirmək də olar!”, demişdi.

Hələ məktəb yaşlarından qonşu küçədən Vera adlı bir qız Leonidin xoşuna gəlirdi.Vera Leoniddən üç yaş böyük idi. Şən, qəhqəhəsindən qulaq cingildəyən, çəpiş kimi atılıb-düşən bu qız lap Uzuncorab Peppiyə oxşayırdı. İllər ötdü, dəcəl Vera dolğun sinəli, şux bədənli bir qadına çevrildi.Az bir vaxtda, ərə də getdi, uşaq da doğdu və boşandı da.

Yevdokiyanın bu qızdan zəhləsi gedirdi. Macarıstandan qabaq, anası narazı olsa da, Leonid arabir Veragilə gedir, bəzən gecələri də onlarda qalırdı. Səhərlərsə Leonid anasının danlağına qulaq asmalı olurdu: “…Əl çək bu ləçərdən. Hərbi şəhərciyin yarısı sənin Veranın aşnasıdır. Neyləyirsən bu murdar əskini. Xəcalətimdən qonşular arasına çıxa bilmirəm!..”

Leonid özünə gələndən sonra bir-iki dəfə Veragilə getmişdi. Lakin keçmiş “sevgili” onu soyuq qarşılamış, daha gəlməməyi məsləhət görmüşdü. Veranın belə münasibətindən Leonid iztirab çəkirdi. Anasına yalvarıb Vera ilə danışmağı ondan xahiş etmişdi. Yevdokiya da naəlac qalıb Veranın ayağına, təvəqqəyə getmişdi. Verasa:

- Nəyinə lazımdır ləçər, hərbi şəhərciyin yarısı ilə yatan gəlin?!.. Leonid sağlam olanda qoymadın bizi evlənək! İndi gəlmisən dəlini mənə sırımağa?! Mənə öküz kimi sağlam kişi lazımdır, xəstə yox!..

Dusya Vera ilə söhbətdən sonra çox fikir eləyirdi. Hətta xəstələnmişdi də…

Bizim sirrimiz bütün şəhərə yayılmışdı. Teykovoda Leonidə qız verən olmadı. Uzun axtarışdan sonra ona Kleykino kəndindən Qalina adlı bir qız aldılar. Onlara

ayrıca ev də tikdilər. Leonidi işə düzəltdilər. O, kombinatın yardımçı təsərrüfatında bağban işləyirdi.

Biz də, anasıgil də heç zaman Leoniddən Macarıstanda olanlar barədə soruşmurduq. Amma bir dəfə Leonid bizə musiqiyə qulaq asmağa gələndə özü dərdini-sirrini açırmış kimi, mənə belə bir şey danışdı: “…Biz tanklarımızı meydanda saxlamışdıq. Əli plakatlı, plakatsız camaat tankların ətrafına toplaşırdı. Bizi söyən, “çıxıb gedin!” deyənlər də, elə-belə tamaşa edənlər də, valideyni ilə, ya valideynsiz gələn uşaqlar da… Cavanlar çox idi. Bizə əmr verilmişdi ki, heç bir hərəkət etməyək, heç kəsə cavab verməyək.

Birdən gülləbaran başladı. Evlərdən, damlardan atırdılar. Gözümün qabağında, tankımın yanında bərkdən danışan iki nəfər cavan, bir qadın yıxıldı. Sonra yenə, yenə… Çaşıb qalmışdım. Bilmirdim nə edim. Leytenant tankın içindən qışqırdı:

- Berdişev, gir içəri, yoxsa vurarlar!.. Tanka girib lyuku örtdüm. Leytenant: - Sür geriyə! – deyə, əmr etdi.

Mən tankı işə salıb, axıracan qazı basdım. Tank yerindən sıçradı. Amma geriyə yox, irəliyə!.. Onda gördüm ki, camaatı əzirəm!.. Tez motoru söndürüb, lyuku açdım. Tankdan düşdüm… Tankın tırtılları, ətrafı bütün qan və insan tikələri idi!.. Tankın arxasında əzilib, bir-birinə qarışmış qanlı şleyfdə insan bədənləri hələ də tərpənirdi!.. Onların əksəri uşaq idi!.. Elə bil dəhşətli bir yuxuda idim!..”

Nina Vasilyevna danışdıqca mətbuatdan və kitablardan oxuduğum Budapeşt hadisələrinin xronikası yadıma düşdü:

… oktyabrın 24-ə keçən gecə, general Laşenkonun başçılığı ilə 6000 sovet əsgəri və zabiti Budapeştə daxil olur. Qoşunların orada olduğu üç ay ərzində 2500 nəfər macar vətəndaşı öldürülür. 19000 min nəfər yaralanır. Hərbi tribunal tərəfindən 229 nəfər güllələnir. 22000 nəfər həbs edilir…”

Havanın sərinləşməsini və söhbətin uzun çəkəcəyini hiss edən Nina Vasilyevna evə keçməyi məsləhət bildi. Pillələri qalxıb, alaqaranlıq dəhlizə daxil olduq. Sahibə ev başmaqları gətirdi:

- Təzədir. Heç kəs geyməyib.

Ayaqqabımı dəyişib, dəri gödəkçəmi asıb, otağa keçdim.

Ev üç otaq və mətbəxdən ibarət idi. Yataq otaği ilə böyük otaq və mətbəx arasında rus sobası qoyulmuşdu. Sobanın böyük otaq tərəfi tünd qəhvəyi rəngli, bəzəkli kaşı ilə örtülmüşdü. Otağın küçəyə baxan üç pəncərəsi krujevalı pərdələrlə bəzədilmişdi. Bir qapı mətbəxə, digəri yataq otağına, üçüncü qonaq otağına açılırdı. Otağın ortasında qədimi iri oval stol, ətrafında dörd stul qoyulmuşdu. Orta tirdən büllur çilçıraq asılmışdı. Yoğun tavan tirləri və divar şalbanları ustalıqla yonulmuşdu. Tirlər arasına tıxanmış mamır və kəndirlər demək olar ki, görünmürdü. Ev içəridən nəfis mebeli xatırladırdı…

Maraqla baxdığımı görən Nina Vasilyevna:

- Bu evi Dubinin özü tikdirib. Düz qırx il əvvəl. Rəhmətliyin başı hər şeydən çıxırdı. Ustaların başının üstündə durur, istədiyinə nail olurdu. Heç sizin tərəflərdə belə evlər varmı?

- Yox, bizdə daş evlər olur. İndi tək-tək varlı adamlar şalban evlər tikdirir. Bizdə meşələr azdır, qorumaq lazımdır. Sahibənin təklifi ilə mən miz arxasına keçdim.Vasilyevna qarşımda oturdu. Söhbətimizi davam etdirdik: - Leonidgilin evlərində yalnız hava radiosu var idi. O da xırıltı ilə işləyirdi.

Ona görə də mən arada Leonidi musiqiyə qulaq asmağa çağırırdım. O vaxt bizdə iri “Rekord” radiosu vardı. Üstündə val da oxutmaq olurdu. Dubinin klassik musiqini sevdiyindən çoxlu val toplamışdı. Bethoven, Bax, Mosart, List, Ravel, Çaykovski, Raxmaninov, sizin Qara Qarayev!..

Həmişə ağır cərrahiyyə əməliyyatından sonra evə qayıdanda kresloda oturar, papiros çəkə-çəkə, saatlarla musiqiyə qulaq asardı. Onun valları hələ də durur. Bir çevrilin baxın?

Arxaya döndüm. Divarboyu ortasında iri radio və üç tərəfdən səliqə ilə, ölçülərinə müvafiq düzülmüş, qara vallar olan enli stilaja yanaşdım. Mən belə stilaj görməmişdim. Əksərən oyma ağacdan olan mebel muzey eksponatına oxşayırdı. Təəccübləndiyimdən xoşallanan Nina Vasilyevna:

- Dubinin özü düzəltdirib. Beləsini heç yanda görməzsiniz!

Sahibəyə qulaq asa-asa bir neçə valın üst yazısını oxuyur, hansı ildə buraxılmasına diqqət yetirirdim. Valların çox yaşı olsa da, birinin də üstündə kiçicik belə cızıq görünmürdü. Kənarında Ferents List yazılmış rəfdəki vallara baxa-baxa:

- Nina Vasilyevna, “Macar Rapsodiyaları” varmı?- deyə soruşdum. - Var! Üçüncü val. “Rapsodiyalar”dan xəbəriniz varsa, demək sizinlə klassik musiqidən danışmaq olar. - Listin rapsodiyalarını və bizim Qara Qarayevin “Alban Rapsodiyasını” çox sevirəm. Bilirsiniz “rapsodiya” nə deməkdir? Qədim yunanlar epik nəğmə qoşanlara rapsodlar, qədim türklər isə ozan, akın, aşıq deyirdilər.Yunanlar epik poemalara rapsodiya, bizim babalarımız isə dastan deyiblər. Biz də babalarımız kimi dastan deyirik.Ona görə də rapsodiyalar mənim də ruhuma yaxın musiqidır. Bizim toylarda heyif ki, görməmisiniz, aşıqlarımızın deyib-oxuduqları dastanlar da elə rapsodiyalardır. Rapsodiyalar bizdə el-aşıq yaradıcılığı kimi, qərbdəsə klassik musiqi kimi qalıb.

- Mən heç bunları bilmirdim. Sizinlə söhbət etmək maraqlıdır…

Nina Vasilyevna mətbəxə keçdi. Bir-neçə dəqiqədən sonra əvvəl mürəbbə, sonra çay gətirdi.

- Qaragilə mürəbbəsidir. Heç qaragilə mürəbbəsi yemisiniz? - Yemişəm. Bizim meşələrdə də olur. Göz üçün çox xeyirlidir…

İcazə alıb valı qoydum. Ferents Listin həzin musiqisi otağı bürüdü…

- Musiqi onu sakitləşdirirdi. Rapsodiyalara qulaq asandasa, Leonid ağlayırdı. Deyirdi: “Görün necə bir xalqın üstünə tankla getmişəm? İsaya and olsun ki, mən lap cəhənnəmliyəm!”

Ölümündən bir həftə əvvəl Leonid bizə gəlmişdi. Fikirli-sözlü görünürdü. Nə olduğunu soruşdum.

- Vasilyevna, iki gecədir ki, oxşar yuxular görürəm. Görürəm ki, çayın kənarındayam. Özü də uçuram. Hər yan xarabalığa çevrilib. Sanki güclü zəlzələ

baş verib. İstədim evimizə gəlim, gördüm bizim ev də uçub və yalnız qıfıllı qapısı dik qalıb, bir də evin qabağındakı iki ağac. Çayın o tərəfinə uçdum. Uşaq bağçasını gördüm. Uşaqlıqda həmişə sevinə-sevinə getdiyim uşaq bağçası. Həyət bomboş idi. Oyuncaqları külək o tərəf-bu tərəfə qovurdu. Bir qaraçı arvad oturmuşdu bağçanın pillələrində. Qışqırdım ki, “Ay qaraçı, dur falıma bax!” Cavab verdi ki, “Sənin falına çoxdan baxılıb! Bu uşaqlar baxıb!..” O, bağçanın qapısını açdı və içəridən macar geyimində bir dəstə uşaq çıxdı. Yaxınlaşıb üzlərinə baxdım. Bunlar həmin - Budapeştdəki, tankın altına düşüb qana boyanmış macar uşaqları idi!.. Qorxub göyə qalxdım. Onlar da qalxdılar. Məni əhatələdilər. Hara uçdumsa, dövrəmdə uçdular. Uçur və düz gözlərimə baxırdılar! Az qalırdım partlayam! Qışqırırdım, səsim çıxmırdı!.. Qalinanın səsinə oyandım. Gördüm ki, yatağımdayam. Tər içində…

Sonrası gün yenə macar uşaqları yuxuma girdilər. Bu dəfə onlar qan içində deyildilər. Özü də qırmızı rəngli təzə paltarda idilər. Soruşdum ki, sizi kim belə bəzəndirib? Dedilər, anamız gəlib. Gəlib ki, bizi evimizə aparsın. Sən bizi bir daha görməyəcəksən!..

Dəmir yol vağzalına kimi mən onları, onlar məni müşayiət edirdi. Məktəbimizin üstündən keçəndə aşağı endim. Heç kəs dərs oxumurdu. Məktəblilər hamısı araq içib, siqaret çəkirdilər. Soruşdum ki, niyə dərs oxumursunuz? Cavab verdilər ki, biz də sənin kimi əsgər olacağıqsa, savad nəyimizə lazımdır!..

Sonra uçub vağzala çatdıq. Vağzal bomboş idi. Yalnız birinci yolda Macarıstan bayrağı kimi üç rəngdə- qırmızı, ağ və yaşıl rənglənmiş bir qatar dayanmışdı. Uşaqlar yerə endilər. Qatardan ağ geyimli, hündürboylu, qar kimi ağbəniz bir qadın çıxıb onları qucaqladı, öpdü, bir-bir qatara mindirdi. Uşaqlar qatara minəndə mən də yerə enmək istədim. Qadın əlini mənə tərəf uzadıb, əmrlə:

- Sən gəlmə! – dedi.

Sonra hökm edirmiş kimi:

- Dur burada və qardaşını gözlə! Bu qatar Macarıstana gedir. Oradasa sənə yer yoxdur!..

Bir anın içində hər şey, ağ geyimli qadın da, uşaqlar da, üç rəngli qatar da yoxa çıxdı… Gözümü açdım. Gördüm yenə tər içindəyəm… Amma nədənsə, özümdə bir yüngüllük hiss edirdim. Elə bil əvvəlki narahatlığım buz kimi əriyib getmişdi…

Leonidin öldüyü günün gecəsi mən də qəribə bir yuxu gördüm. Bəlkə də səhər çay qırağında gördüyümüz dəhşətin təsirindən idi. Leonid girdi yuxuma. Özü də əsgər geyimində. O, mənə danışdığı yuxudakı kimi uçurdu. Mən isə heç bilmirdim uçuram, ya gedirəm. Amma onunla yanaşı hərəkət edirdik. Soruşdum ki, “Lyonya, hara gedirik?” O isə:

- Siz getmirsiniz, mən gedirəm- dedi və gözləri doldu. Sonra əlavə etdi: - Vasilyevna, sizdən bir, son xahişim var. Musiqiyə, “Macar rapsodiyalarına” qulaq asmaq istəyirəm. Bizim evə yaxınlaşanda az qaldı öz doğma ocağımı tanımayam. Payızın bu şaxtasında evin hər yanı gül-çiçək idi! Quşlar oxuyurdu!.. - Nina xala, bu mənim sizə hədiyyəmdir. Əriniz də, siz də çox xeyirxah

insanlarsınız.Mən sizə borcluyam. İndi siz valı qoyun, mən gedim anamı da çağırım. Sonra birlikdə məni yola salarsınız. - Lyonka, axı sənin anan ölüb! - Vasilyevna, o, indi evimizdədir. Gəlib ki, mənimlə vidalaşsın. Məni yola salıb, öz dünyasına qayıdacaq.

Mən valı qoydum. Musiqi sədaları yayıldıqca evin ətrafındakı güllər, çiçəklər, quşlar - hamısı rəqs etməyə başladı. Bir dəstə qırmızı paltarlı uşaq onlara qoşuldu. Leonidsə anası ilə kənardan bu rəqsə baxır, musiqini dinləyir, ağlayırdılar… Ayıldım!.. Saata baxdım. Gecə saat üç idi. Böyük otaqdan musiqi səsi gəlirdi. Dubinin hələ də yatmırdı. Görünür bu faciəli ölüm ona çox pis təsir etmişdi. Kresloda oturub, papiros çəkə-çəkə musiqiyə - Ferents Listin “Macar Rapsodiyalarına” qulaq asırdı…

Qardaşından sonra Viktor özün-sözün bilmirdi. Hər axşam dəmiryolu vağzalına, qatar qabağına çıxır, ya vağzal növbətçisindən, ya da vaqon bələdçilərindən dəfələrlə:

- Bu qatar Macarıstana gedir?- deyə soruşur, ardınca- Bax Macarıstana getməyin, ha!.. Mənim qardaşım Leonid Macarıstana getdi, onu ildırım vurdu. Tanrının qəzəbinə gəldi!.. - deyir, bir az gözləyir, sonra sürətli addımlarla düz evlərinə qayıdardı…

Axşamlar Teykovodan Moskvaya tərəf, bir-birinin ardınca iki qatar keçirdi. İvanovo-Moskva və Kineşma-Moskva. Artıq bütün vağzal işçiləri, bələdçilər, hətta maşinistlər də Viktoru tanıyırdı. Hamı onun sualına alışmışdı. Son dəfə vaqona qalxmaq istəyən Viktoru bələdçi milisə təhvil vermişdi. Viktorsa, qatar yola düşəndən sonra milislərin əlindən çıxıb qaçmış:

- Qoymaram səni Macarıstana gedəsən!..- deyə, qışqıraraq qatardan yapışmış və təkərin altına düşmüşdü…

Nina Vasilyevna ilə sağollaşıb küçəyə çıxdım. Hava sərinləmişdi. Berdişevlərin evinin qabağında ayaq saxladım. Evin bacasında boz rəngli, yumağa bənzər bir şey tərpənirdi. Diqqətlə baxdım. Bayquş balası idi. “Yəqin yem dalınca gedən anasını gözləyir”, deyə düşündüm. Öz-özümə: “Sən bir taleyə bax! Adətən evlərin damında leyləklər yuva salır. Bu evdəsə bayquş yuvalayıb!” Ətrafa göz gəzdirdim. Küçədə bir kimsə yox idi ki, bu yiyəsiz qalmış evin son sakinini ona göstərim. Bu anda istədim ki, yer üzündə olan bütün özgə torpaqlarına göz dikənlərə, bu sahibsiz evi - viran qalmış ocağı göstərim!..

Şəhidlər xiyabanında, əbədi məşəlin önündəyəm. Bu yüksəklikdən Bakıda, Təbrizdə, Budapeştdə, Praqada, Vilnüsdə, Tbilisidə,..- bütün şəhərlərdə, azadlıq yolunda şəhid olmuşların ruhuna dua edirəm. Məşəldən göylərə ucalan alov dilləri elə bil ki, şəhidlərin ruhudur! Onlar səmaya yüksəlir, oradan gözəlləşən, azad ölkəmizə, dalğalanan bayrağımıza tamaşa edir və sonra yalnız özlərinə agah olan ünvanlara uçurlar!

Bakı şəhəri