Fiziki kamillik və sağlam ruh

5 Aprel 2020 10:19 (UTC+04:00)

Fiziki kamilliyə nail olmaq heç də yalnız bundan əməli fəaliyyətdə istifadə etmək üçün deyil. Şəxsiyyətin özünü xoşbəxt hiss edə bilməsi üçün, əldə olunmuş nailiyyətlərdən yüksək dərəcədə faydalana bilməsi, gözəlliyə, ümumi ahəngə qovuşa bilməsi, dünyaya estetik münasibət bəsləyə bilməsi üçün də fiziki sağlamlıq, yüksək fiziki inkişaf səviyyəsi lazımdır. Fiziki kamilliyə nail olmaq heç də asan məsələ deyil; onun əldə olunması bir sıra ciddi şərtlərin ödənilməsini tələb edir.

İnsanın fiziki aspektdə inkişafını öyrənərkən belə bir cəhətə xüsusi fikir vermək lazımdır ki, fiziki kamillik yalnız dar mənada fiziki tərbiyə vasitəsi ilə əldə edilə bilməz. Fiziki tərbiyə bilavasitə bu məqsədə xidmət edən, istiqamətlənmiş, məqsədyönlü fəaliyyətdir və müəyyən fiziki hərəkətlərin icra olunmasını, gimnastika, idman oyunları və sairi əhatə edir.

Fiziki tərbiyə, şübhəsiz ki, ümumi fiziki inkişafın təmin olunmasında, fiziki kamilliyin əldə edilməsi prosesində mühüm rol oynayır. Lakin fiziki inkişafa bundan başqa və ilk növbədə fiziki sağlamlığın təmin olunmasında mühüm yer tutan gigiyena, müxtəlif profilaktik tədbirlər, iş və məişət şəraitinin sağlamlıq üçün təhlükəli ola biləcək cəhətləri və s. bu kimi sosial hadisələr daxildir.

Bəzən fiziki inkişaf anlayışı altında bir sıra zahiri əlamətlərin, göstəricilərin kəmiyyətcə artımı nəzərdə tutulur ki, bu da həmin anlayışın əsl mahiyyətini kölgədə qoyur.

Fiziki sağlamlığın adamın özü ilə, mövcud ictimai- iqtisadi şəraitlə bağlı olan cəhətlərindən başqa, elə qlobal aspektləri də vardır ki. bunlar yalnız ümumbəşəri tərəqqi, cəmiyyət-təbiət münasibətləri miqyasında həll oluna bilər. Bu miqyasda elmi-texniki tərəqqinin də bir qlobal hadisə kimi təsir dairəsi genişdir və ona görə də, bu problem üzərində ətraflı dayanmağa ehtiyac vardır.

İnsanın hərtərəfli inkişafı prosesində fiziki tərbiyə istiqaməti ilə əlaqədar olan mühüm məsələlərdən birincisi müasir texnikanın və sənayenin təsirilə ətraf mühitin, insanla həmahəng olan təbiətin dəyişdirilməsi və bunun nəticəsində insan sağlamlığına dəyən zərərdir.

Elm və texnikanın inkişafı, bir tərəfdən, fiziki sağlamlığın qorunması və bərpası üçün geniş imkanlar açırsa, təbabətin və əczaçılığın sürətli inkişafına səbəb olursa, digər tərəfdən də, əgər xüsusi profilaktik tədbirlər görülməzsə, bir sıra istiqamətlərdə sağlamlıq üçün təhlükələr törədir. Bu problem ilk növbədə ekoloji aspektdə təzahür edir. Belə ki, elmi-texniki nailiyyətlər əvvəllər təbiətdə olmayan (həmin şəkildə olmayan) elə hadisələr yaranmasına gətirir ki, bunlar daha insan ilə təbiət arasında əsrlər boyu formalaşmış ümumi ahəngə uyğun gəlmir və yeni şəraitin insan sağlımlığı üçün nə dərəcədə əlverişli olması şübhə altına almır. Lakin ətraf mühitin insan sağlamlığı üçün təhlükəli istiqamətdə dəyişilməsi elmi-texniki tərəqqinin labüd nəticəsi sayıla bilməz. Hər şey mümkün ekoloji böhranın irəlicədən nəzərə alı- nıb-alınmamasından, dəyişdiricilik fəaliyyətinə hansı mövqedən yanaşmaqdan asılıdır. Müasir dövrdə təbiətə təsir edə biləcək istənilən iri miqyaslı quruculuq fəaliyyəti əvvəlcə ekoloji ekspertizadan keçməli, mühiti korlaya bilən, insan sağlamlığına ziyan verə bilən amillər layihədən çıxarılmalı və ya konpcnsasiya edilməlidir. Lakin əgər sifarişçi, sahibkar ekoloji amili nəzərə almırsa, bunun ziyanı ətrafda yaşayanəhaliyə dəydiyindən insanların öz hüquqlarını müdafiə etmək üçün heç olmazsa elementar ekoloji bilikləri mənimsəmələri lazımdır. Ancaq ekoloji maarifləndirmə işi sayəsində əhali ətraf mühitin qorunmasının əsas təminatçısına çevrilə bilər.

İş zamanı müəssisələrdə fəaliyyətin spesifikasına uyğun olaraq müəyyən fiziki hərəkətlərin icra edilməsi, gimnastika üçün fasilə verilməsi çox vacibdir. Bu həm yeknəsək fiziki işlə məşğul olan adamlara, həm də oturaq işlə məşğul olanlara aiddir. Bu baxımdan müəssisələrdə idman salonlarının və ya məşq avadanlıqlarının olması vacibdir.

Fiziki kamillik dərəcəsi hansı meyarla ölçülür? İnsanın hansı fiziki halının yaxşı, hansının pis olmasını müəyyənləşdirmək üçün elə bır xüsusi etalon - ideal model yoxdur. Antik dövrdə və intibah mərhələsində qismən hələ bu günə qədər rəssamlar və heykəltəraşlar nümunəvi insan bədəninin obrazını yaratmağa çalışıblar. Lakin bu əsərlərdən hər hansı birini ideal nümunə kimi götürmək mümkün deyil. Qədim Spartalılar fiziki cəhətdən möhkəm, dözümlü, güclü adamlar yetişdirmək üçün ən müxtəlif fiziki tərbiyə vasitələrindən istifadə edirdilər. Lakin Afinalılarla görüşdə bu üstünlük özünü real şəkildə göstərə bilmədi. Çünki onlar da başqa üstünlüyə - hərtərəfli inkişafa, ahəngdarlığa malik idilər.

İnsanın istər xarici, istərsə də daxili fiziki göstəriciləri üçün əsas meyar onun fəaliyyəti, ictimai funksiyasıdır. Elə fiziki vəziyyət üstün sayıla bilər ki, o, insanın öz ictimai funksiyasını icra etməyə daha çox imkan vermiş olsun. Başqa sözlə, fiziki inkişafın dəyəri onun əməli fəaliyyətində bir vasitə kimi təzahüründə aşkara çıxır. Fiziki inkişaf o zaman insanın əməli fəaliyyətində mühüm rol oynaya bilir ki, o, digər aspektlərdəki inkişafla paralel, həmahəng şəkildə həyala keçsin. Sağlam həyat tərzi, bədənin fiziki inkişafı sağlam emosional psixoloji durumla tamamlanmış olsun.

Müasir şəraitdə insanların fiziki sağlamlığı üçün ən böyük təhlükə əsəb gərginliyi, streslərdir. Bütün başqa xəstəliklər də çox vaxt mənfi emosiyaların təsiri ilə yaranır. Son dövrlərdə Qərb alimləri bu vəziyyətdən çıxış yolu axtararkən belə qənaətə gəliblər ki, sağlamlığın bərpa olunması üçün insan öz mənəvi enerji ehtiyatlarından istifadə etməyi öyrənməlidir. Bütün dərdlərin əlacı insanın özündədir. Biz çox vaxt kənardakı hadisələri öyrənir və hətta onları idarə edirik. Bədəndə gedən poseslər isə kortəbii cərəyan edir. Halbuki, bədənin əsas tənzimləyicisi nəfsdir. Bu qənaət əslində Şərqdə min illər bundan əvvəl intişar tapmış tərbiyə sisteminin necə də səmərəli olduğunu göstərir. İndi məlum olur ki, daosizmin və buddizmin bazasında yaranmış müxtəlif fiziki-mənəvi təlimlər məhz insanın öz ruhuna sahib olması və onun köməyi ilə öz bədənini idarə etməsinə əsaslanmışdır. Bu baxımdan, indi Qərbdə yoqa təliminin geniş yayılması heç də təsadüfi deyildir.

Bizcə, müasir dövrdə fiziki tərbiyədən daha çox sağlamlığın qorunmasından söhbət getməlidir. Yəni bədən özü genetik olaraq sağlam inkişaf proqramına malikdir. Bizim məqsədimiz bu sağlamlığı pozan amilləri aşkar etmək və aradan qaldırmaqdan ibarətdir. Bədənin mühitlə optimal qarşılıqlı əlaqə normalarının müəyyənləşdirilməsi, onun əlavə yüklənmədən qorunması üçün şərtdir. İnsanın nə ilə nəfəs alması, nə ilə qidalanması və hansı lokal iqlim şəraitində olması, habelə orqanizmin müxtəlif hissələrinin hərəkət dinamikasının hüdudları da genetik səviyyədə kodlaşdınlmışdır. Necə ki, biliklərin öyrədilməsi insanın genetik əqli potensialına uyğun surətdə həyata keçirilməlidir, eləcə də fiziki tərbiyə hər bir konkret orqanizmin xüsusiyyətlərinə və potensialına uyğun aparılmalıdır. Bır sözlə fiziki tərbiyə əslində cismani potensialın realızasiyasından ibarət olmalıdır. Bu problemi optimal surətdə həll etmək üçün isə sağlam həyat tərzinin əsasları öyrənilməlidir. Bədənin müxtəlif orqanlarının və əzələlərinin yüklənmə imkanları da müxtəlifdir. Ona görə, müəyyən bır idman növü ilə məşğul olarkən də əvvəlcə bədənin genetik potensialı üzə çıxarılmalı və həkətlər bu potensiala uyğun olaraq hüdudlanına- lıdır.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru.dosen

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb