Rəsmi statistika: Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır - FAKT

21 Aprel 2011 04:47 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, işğalçı ölkədəki sosial-iqtisadi problemlərin davamlılığı və eləcə də, Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti nəticəsində beynəlxalq nüfuzunun sarsılması həm yerli vətəndaşların, həm də beynəlxalq maliyyə institutlarının inamının itməsinə gətirib çıxarıb. Beləliklə də, maliyyə problemləri ucbatından artıq yerli emaledici şirkətlərin fəaliyyətinin dayanması, eləcə də, xarici ölkələrdə yaşayan erməni disaporu nümayəndələrinin ianələrinin "axınının sabitliyinin" pozulması, həmçinin, beynəlxalq maliyyə institutlarının ucuz kreditorlarının inamının azalması səbəbindən böyük məbləğlərin köçürməsi və ya ümumiyyətlə maliyyələşdirməni dayandırması işğalçı ölkəni çıxılmaz vəziyyətə salıb. Bununla da, özünütəcrid siyasəti yürüdən Ermənistanın sabit inkişaf imkanlarından yararlanmasına maksimum dərəcədə əngəllər yaradan, qeyri-konstruktiv mövqeyi ilə diplomatik nüfuzu sıfıra bərabər olan Sarkisyan hakimiyyəti artıq maraqlı tərəflərin "etimadını" doğrulmadığından növbəti dəstəkdən də məhrum olub. Məlum olduğu kimi, əsas məqsədi sülh, demokratiya və insan haqları sahəsinə böyük islahatlar keçirən, vətəndaş cəmiyyəti quruculuğunda müəyyən məsafə qət edən, yaxud da bunun üçün islahatlar bazası hazırlayan ölkələr üçün nəzərdə tutulan "Minilliyin çağırışı" proqramı da Ermənistandakı layihələri maliyyələşdirməkdən imtina edib. Qeyd edək ki, ümumiyyətlə, Ermənistan demokratik cəmiyyət quruculuğu istiqamətində müəyyən məsafə qət etməsə də (yəni avtoritar rejimin hökmranlığı və bilavasitə Rusiyanın diktəsi ilə hakimiyyətə gələn siyasi qüvvələrin hökmranlığı altında olsa da), ABŞ ayrı-ayrı illərdə təxminən isə 1 milyard dollardan çox İrəvana sözügedən proqram çərçivəsində xeyli maliyyə vəsaiti ayırıb. Lakin Ermənistan demək olar ki, həmin proqramın nəzərdə tutduğu müddəaların heç birini həyata keçirməyib. Plüralist cəmiyyətin yaradılması, çoxpartiyalı sisteminin reallaşdırılması, seçki sisteminin şəffaflığı, insan haqlarına hörmət göstərilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən qəti addımların atılması müşahidə edilməyib. Bunun əvəzində, işğalçı ölkədə mövcud rejimin avtoritarlaşması prosesi, müxalifətə basqı, söz-azadlığının pozulması və senzuranın tətbiqi, xüsusilə də, 2008-ci ilin bir mart hadisələri zamanı 30 yaxın müxalifətçinin öldürülməsi, 300 nəfərin yaralanması belə demək mümkünsə, sarkisyan hakimiyyətinin ümidləri doğrultmadığını göstərir. Yerli ekspertlərin rəyinə görə, Amerikanın məqsədi Ermənistanı bir növ Rusiyanın cəngindən çıxarıb qərbə doğru meyilləndirmək cəhdləri baş tutmadığından nəhayət ABŞ bir daha əmin olub ki, buradakı yarım hərbi, yarım avtoritar quldur rejim Rusiyanın bir növ quberniyası kimi fəaliyyət göstərir. Yerli inhisarçı quldur rejimin isə qərb dəyərlərinə hörmət göstərməyəcəyi, həmin dəyərlərin öz ölkəsində bərqərar olmasına şərait yaratmayacağı məlumdur. Əsasən dünyada yeni dəyərlərə, yeni siyasi sistemə əsaslanan, cəmiyyətdə yeni əxlaq və davranış formalarını müəyyənləşdirməyə yönəlmiş ciddi islahatların həyata keçirilməsini nəzərdə tutan proqram çərçivəsində heç bir iş görülməyib, işğalçı ölkənin cəmiyyəti on il bundan əvvəl necə idisə, indi ondan da pis vəziyyətdədir. Üstəlik də Amerikadan həm bu proqram, həm də humanitar yardım proqramı çərçivəsində alınan pulların hamısı sadəcə Sarkisyan hakmiyyətinin yaxın ətrafına, qohum-əqrabasının mülkiyyətinə çevrilib. Bu yaxınlarda "Miabanutyun" Erməni Milli klubunun rəhbəri Sumbat Qaraxanyanın açıqladığı Ermənistan iqtidarının mənimsədiyi əmlak və maliyyə vəsaitlərinin yer aldığı hesabatdan da bir daha görünür ki, hazırda Ermənistanda bütün maliyyə axınının 90 faizi hakimiyyətin əlində cəmləşib. "Miabanutyun"-un verdiyi məlumata görə, Robert Köçəryan ailəsinin ümumi varidatının dəyəri Ermənistanın ümumi dövlət borclıarı qədərdir, yəni 4 milyard dollardan artıqdır. "Miabanutyun" klubunun rəhbərinin gəldiyi yekun qənatə görə ölkədə formalaşlan kriminal-güc quruluşu dövlət və hakimiyyət funksiyalarını tamamilə əvəz edib. Hökumət, Mərkəzi Bank, bütün icra və qanunverici hakimiyyət bu kriminal-güc sisteminə sadəcə olaraq bir əlavədir. Bu qeyri formal, mahiyyət etibarilə kriminal siyasi büronun əsas üzvləri şübhəli və kriminal keçmişə malik şəxslərdir. Belə bir vəziyyətdə isə sadə erməni vətəndaşı ifrat yoxsulluq şəraitində yaşamağa məhkum və ya ölkəni tərk etməyə məcburdur. Ermənistan Statistika xidmətinin təmsilcisi Diana Martirosovanın dediyinə görə, 2008-ci ildə əhalinin 28 faizi yoxsulluq səviyyəsində yaşayırdısa, 2009-cu ildə bu rəqəm 34 faiz təşkil edib. Ümumiyyətlə uşaqların 4,5 faizi, əhalinin isə yarıdan çoxu yoxsulluq həddində yaşayır. Qiymətlərin daim bahalaşması isə yoxsullarının sayının artmasına "zəmanət verir". Ermənistanda cari ilin təkcə dekabr ayında ərzaq, xüsusilə də, meyvə-tərəvəz məhsullarında 45 fazi bahalaşma qeydə alınıb. Miqrasiyanın səviyyəsi 2,5 faiz artıb, Rusiyadan ölkəyə şəxsi pul köçürtmə əməliyyatlarını əhata keçirənlərin sayı isə 37 fazi artıb. "Bir sözlə Ermənistan hakimiyyətinin xalqdan fantastik sürət və fantastik məsafəyədək uzaqlaşması xalqı iqtidardan çoxdan ayırıb və indi onların yaxınlaşması demək olar ki, mümkün deyil". Digər tərəfdən, İrəvanın mövqesizlik nümayiş etdirməsi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları demək olar dalana dirənib, Gürcüstan parlamenti Rusiya ilə hərbi yüklərin daşınması ilə bağlı müqavilənin qüvvədən düşməsi barədə qərar qəbul edib. Beləliklə də, istənilən halda Ermənistan dövlətçiliyi üçün ciddi problemlərin yaranacağını və ümumiyyətlə indiki rejimin özünün mövcudluğu, fəaliyyətini qoruyub saxlaması üçün ciddi problemlərin yaranacağını qabaqcadan söyləmək mümkündür. Yerli KİV-in yaydığı məlumatlara görə isə, Ermənistanda keçiriləcək növbəti prezident seçkisində ABŞ müxalifətçi "İrs" partiyasının lideri Raffi Ovannisyanın namizədliyini dəstəkləyəcək. Məlumata görə, Ovannisyanın bir müddət əvvəl "Azadlıq" meydanında aclıq aksiyası keçirməsi də "özbaşına" olmayıb. "Onun aclığa ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviçin hakimiyyəti tənqid edən bəyanatlarından dərhal sonra başlayıb. Bütün bunlar isə, hakimiyyətə yaxın dairələrdə də Vaşinqtonun seçkidə R.Ovannisyanı dəstəkləyə biləcəyinə dair narahatlıq yaradıb.