Ələkbər Muradovun lentə aldığı “Tarixin rəmzi” sənədli filminin çəkilişləri başa çatıb
21 Aprel 2011 02:22 (UTC+04:00)
Əməkdar incəsənət xadimi, kinorejissor və kinooperator Ələkbər Muradovun lentə aldığı "Tarixin rəmzi" sənədli filminin çəkilişləri başa çatıb. Bu barədə SİA-ya Ə.Muradov açıqlamasında bildirib.
"Film ermənilərin aprel-may aylarında azərbaycanlıların başına gətirdikləri bəlalardan bəhs edir. 20 dəqiqəyə yaxın olan filmin çəkilişləri artıq 2-3 ay olar ki gedirdi. Baxmayaraq ki, bu filmi 31 mart soyqırımının ildönümündə nümayiş etdirməyi düşünürdük, ancaq müəyyən texniki səbəblərə görə ləngidi",- deyə Ələkbər Muradov əlavə edib.
Kinorejissor onu da qeyd edib k, bu filmi o Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcək: "Əgər nazirlik filmə baxdıqdan sonra bəyənilsə, o zaman yaxın zamanda ekran əsərinin təqdimatı olacaq".
Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında ekranlaşdırılan sənədli film 1918-ci ildə baş verən Quba soyqırımına həsr olunub.
Qeyd edək ki, filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru və operatoru Ələkbər Muradov, prodüsseri Əbdül Qutsiyev, rejissor assistenti isə Murad Muradovdur.