Ağaəli İbrahimov: “Hər dəfə yeni əsər işləyəndə yoldaşım deyir ki, kiməsə vurulmusan?”- MÜSAHİBƏ

21 Aprel 2011 01:46 (UTC+04:00)

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimovun SİA-ya müsahibəsi:

- Sizin haqqınızda internet sistemində vikipediyada məlumat yoxdur, bunun səbəbi nədir?

- Bəlkə bu hal ondan irəli gəlir ki, 1986-cı ildən Rəssamlar İttifaqının sərgilərində iştirak etmirəm. Lakin özüm haqqında az danışıb, verilişlərə də az getmişəm. Hər bir insanın öz taleyi və həyata öz baxışı var. 1986-cı ilə kimi sərgilərdə iştirak edirdim, ancaq sonralar sovetlər dövründə baş verən hadisələr məni kənarlaşmağa vadar etdi. Həmin vaxtlar çox ağır günlər keçirirdim. Ancaq özümə qapılmaq o demək deyildi ki, heç bir şey etmirdim. Bizim ailəmiz də sənətlə bağlı olan insanlardır. Yoldaşım tanınmış rəssam, qızım həm rəssam, həm musiqiçi, həm də Səməd Vurğun adına Rus Dram Teatrının aktrisasıdır.

- 45 illik yaradıcılıq dövrünüzdə ilk fərdi sərginizin təşkil olunması nə ilə əlaqədardır?

- Bu sərgini keçirilməsini Mədəniyyət və Turizm Nazirliyi 65 illik yubileyi həsr ediblər. Onu da qeyd edim ki, bu mənə qalsa idi, sərgimin keçirilməsi hələ də qalacaqdı.

- Sərginin vaxtının uzadılması sizi sevənlərin sayının çox olması deməkdir...

- Bəlkə də hə. Bütün dostlarım, ziyalılar, hətta xarici ölkənin vətəndaşları da bu sərginin açılışında iştirak etdilər. Bununla yanaşı, ən çox ona sevindim ki, burada cavanlar çoxluq təşkil edirdi. Onu da səmimi deyim ki, sərginin bu cür yüksək səviyyədə keçirilməsini gözləmirdim. Hər zaman çalışmışam ki, əsərlərimdə səmimi olum. Hər bir əsərimdə qəlbimin və ruhumun bir parçası var. Bəlkə də əsərlərimdəki səmimilikdən irəli gəlirdi ki, sərgimə bu qədər insan gəlir.

- Bəlkə də uzun müddətli durğunluğun aradan qalxması üçün bu sərgi yaxşı addım idi...

- Bu mənim ilk sərgim idi. Heç vaxt fərdi sərgimi təşkil etməmişdim. Ancaq buna baxmayaraq bir çox dünya ölkələrinin sərgilərinə öz əsərlərimi göndərmişəm.

- Sizin sərgilərinizdə demək olar ki, daha çox dini mövzular var, bu nə ilə bağlıdır?

- Bütün dünya və insan Allahın adı ilə qurulub. Müəyyən dəyərlər var ki, onlar ömrü boyu yaşayır. Əsərlərimdə şeytan, insan və digər məxluqların varlıqları əks olunub.

- Bəlkə də ola bilər ki, bunlar yaşla bağlı olsun, çünki cavanlıqda daha çılğın mövzulara toxunulur...

- Yaş məsələsi də düzgündür. Ancaq düşünürəm ki, sənətdə yaş həddi düzgün deyil. Bir çox tanınmış rəssamlar və ya başqa sahənin məşhur simaları cavan olarkən ölüblər. Sənətdə yaş yox, onun dünyagörüşü önəm kəsb edir. Bu yolla o, istədiyini insanlara çatdıra bilər.

- Bəzi insanlar hesab edirlər ki, rəssamlara diqqət daha azdır. Bəlkə də sizin sərginizdən sonra belə düşünülməz...

- Əgər bu sahəyə diqqət az olsa idi, o zaman son illərdə Azərbaycanda çoxlu sayda qalereyalar açılardı? Elə bir gün yoxdur ki, mədəniyyət və incəsənət sahəsində tədbirlər olmasın. Hətta elə olur ki, gün ərzində 3-4 sərgi olur.

- Xalq rəssamı Azərbaycanda necə yaşayır, bu sahənin gəliri ilə dolanmaq çətin deyil ki?

- İnsan yaranan birinci gündən problemi olur. Həyatda heç bir şey asanlıqla başa gəlmir.

- Xaricdə yaşayan rəssamlara qibtə etmirsiniz ki, onlar sizdən daha yaxşı yaşayırlar?

- Dünyanın hər bir yerində olmuşam. Hətta bu yaxınlarda Argentinaya da getmişəm. Bununla yanaşı, imkanım da var idi ki, Moskvada emalatxana da açım. İnan ki, Azərbaycandan başqa heç bir yerdə işləyə bilmərəm. Təbii ki, çətinliklər hər zaman olur. İstər maddi, istərsə də mənəvi. Sənətkar özü istəyərəkdən bu həyatı seçir. Mənim üçün maddiyyat elə də önəmli deyil. İnsan gərək daxilən varlı olsun.

- Əsərlərinizin tənqidçisi varmı?

- Elə rəssamlar var ki, istəyirlər ki? ancaq tərifləsinlər. Ancaq mən tamam başqayam. Hər zaman istəmişəm ki, həqiqəti hiss edim. Təriflə yanaşı əsərdəki qüsurları da kimsə görüb sənə deyəndə onu səmimi qəbul etmək lazımdır. Hər hansı bir əsəri çəkəndə qarşına məqsəd qoymursan ki, kiminsə mütləq xoşuna gəlsin. Düşünürəm ki, sənətkarı onun əsəri və həyat tərzi ilə tanıyırlar.

- Şah əsərinizi yaratmısınız? yoxsa hələ yaratmaq arzusundasınız?

- Hollandiya rəssamı Van Qoqun bir sözü var ki, hər zaman mənim yadımdadır. O deyib ki, ən gözəl əsərlər rəssamlarla ölür. 1974-cü ildə yaratdığım "Avtoportret" əsərimi yaradıcılığımda şah əsərim kimi hesab edirəm.

- Özünüzü bu sahədə yetərincə tanınmış rəssam hesab edirsinizmi?

- 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqında çalışıram, dövlət əhəmiyyətli tədbirlərdə oluram. Bununla yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoruyam. Baxmayaraq ki, uzun illərdir, əsərlərimi nümayiş etdirmirdim, ancaq ilk sərgimin belə seviləcəyini bilməzdim. Sərgimi izləmək üçün nə qədər insanlar gəlir. Onların hamısı da bilirlər ki, mən işləyirəm. Bütün bunlara görə də mən hesab edirəm ki, Azərbaycanda məni tanıyırlar.

- Əsərlərinizdə ən çox hansı mövzulara üstünlük verirsiniz?

- Mənim əsərlərimdə əsasən həqiqətlə həyatı dərk eləmək var. Mənim üçün ən vacib mövzular odur ki, həqiqəti hiss edəsən. Çünki o, sənətkarlar, şairlər, adi mövzulara toxunurlar mən onlardan uzağam. Hər bir yaratdığın sənət əsərində insan ruhu olmalıdır. Fəlsəfi cəhətdəndə nəyəsə yanaşmaq daha yaxşıdır.

- Bir çox tanınmış rəssamların əsərlərinə əvvəlcə pis deyiblər, ancaq illər keçdikcə həmin əsərlər şah əsərə çevrilirlər...

- Bunu tarix də sübut edir. Bu hal Leonardo da Vinçinin zamanından başlayıb və bir çox rəssamların 300 il bundan qabaq çəkdiyi əsərləri zirzəmilərdə qalırdı. Ancaq zaman keçdikcə onların əsərləri şah əsərlər hesab edildi. Rəssamlara hardasa bir az zaman lazımdır. Çünki rəssamlar 50 il qabağı görürlər. Bizim də bir çox rəssamlarımız var ki, misal olaraq Səttar Bəhluzadə, Tofiq Cavadov bu qəbildən olan insanlardandır. Bu insanları da zamanında tanınmayıblar və onları çox incidiblər. Çarli Çaplinin bir sözü var ki, çox xoşuma gəlir. O deyir ki, "Sənətkarın düşməni onun zamanıdır".

- Hərdən deyirlər ki, rəssamlar qadın vurğunu olurlar, bəs siz necə?

- Hər dəfə yeni əsər işləyəndə yoldaşım deyir ki, kiməsə vurulmusan? Sənətkar hər hansı bir əsərində qadın gözəlliyinə baxanda Allahın yaratdığı gözəlliyə vurğun qalır. Həmin məxluqda sən Allahın bir hissəsini görürsən.

- Onda belə çıxır ki, hər yeni əsərinizdə bir qadına vurulursunuz?

- (gülür...) Hətta qurandada deyilir ki, o kişi ki, deyirsə heç bir qadına baxmıram, o zaman yalan deyir. Yer sudan doymayan kimi qadın da kişidən, kişi də qadından doymur. Bu sahədə elə bir sənətkar yoxdur ki, qadın mövzusuna müraciət etməsin. Qadın ilham verən bir məfhumdur.

- Rəssamların xarici görünüşündə hər zaman fərqlilik olur, bunun səbəbi nədir?

- Bəzi rəssamlar vaxt itirməsinlər deyə saqqallarını kəsmirlər. Bu sahənin insanları çalışırlar ki, hər zaman başqalarından fərqlənsinlər. Elələri də var ki, fərqlənmək istəmirlər. Misal olaraq gündəlik həyatda kimisi qalstuk taxır, ancaq mən həyatımda yalnız 1 dəfə-o da öz toyumda taxmışam.

- Hər hansı bir əsərin gözəl çıxması üçün əhval- ruhiyyənin də xüsusi önəmi var?

- Əlbəttə ki önəmi var. Misal olaraq bizim dövlətimizdə olan problem var ki, onlar insana bu sahənin insanlarına təsir edir. Xalqın başına gələn o qədər bəlalar sənətkarı lap ağladır. Belə mövzular hər zaman əsərlərimdə öz əksini tapır. Bütün bu hadisələrə görə uzun müddət özümə qapanmışdım.

- Bir sənət əsəri yaratmaq üçün rəssama nə qədər vaxt lazımdır?

- Elə bir əsər olur ki, onu 1 ilə, eləsi də var ki 6 aya hazır olur. Mən əsərlərimi yaradarkən sanki onları özüm dünyaya gətirirəm. Elə an ola bilər ki, gecə oturan zaman hər hansı bir əsəri işləyə bilərəm. Elə əsərdə var ki, mən onu 20-30 ildir ki, öz daxilimdə yaşadıram.