Azərbaycanda alman avtomobilləri birmənalı üstünlük təşkil edir. Maşınların şahı sayılan Mersedes, sürət, zəhmlilik rəmzi sayılan BMW ölkəmizdə layiq olduğu şəksiz liderliyini davam etdirməkdədir. Həmin avtomobillərin birbaşa Almaniyadan gətirilməsi isə daha yaxşıdır. Bir çox həvəskarlar var ki, bu işi özü görmək istəyir, yəni Almaniyaya gedib özünə maşın almaq arzusundadır. Heç də pis fikir deyil. Necə deyərlər, həm ticarət, həm də ziyarət.
Təbii ki, bizim oxucularımız arasında da bu həvəcdə olanları kifayyət qədərdir. Gələn yazılarda Azərbaycandan Almaniyaya gedib avtomobil gətirmək arzusunda olanlara lazımı məsləhətlərimizi verəcəyik. Çalışacağıq ki, tam marşrutu cızmaqla bərabər həm də nələrə fikir vermək, hansı qaydalara riayət etmək barədə də bildiklərimizi sizlərə açıqlayaq. Amma, hələlik gəlin görək Almaniyadan gətirilən maşınlar nədən yaxşı sayılır? Mersedes elə həmin Mersedesdirsə niyə məhz Almaniyanın özündən gətirilənlərə daha çox üstünlük verilir? Cavab təbii ki, var...
"nemka"lar niyə üstünlük təşkil edir?
Əlbəttə, bu sözü ilk anlam kimi alman qadınına aid etsəydik, cavab müsbət olmaya bilərdi. Alman qadınları bütün dünyada soyuq, dominant, ciddi qadın imici qazanıb. Əsl alman qadını ciddi tərbiyə üsuluna malik əla bir anadır amma, məşuqə və ya həyat yoldaşı kimi əksər digər millətlərə uduzurlar. Azərbaycanda isə "nemka" sözü alman qadınına deyil, daha çox bu ölkədən gətirilən avtomobillərə aid edildiyindən birmənalı üstünlüyə malikdir. Xüsusən də birinci əldən və ya nüfuzlu salonlardan alınan maşınlar keyfiyyəti ilə seçilir.
Hamıya məlumdur ki, "nemka"lar Azərbaycan bazarında eyni markadan olan "amerikanka" və ya "yaponka"lara nəzərən ən azı 12-15 faiz baha satılır. Səbəbi isə yenə də alman millətində, alman dövlətində axtarmaq lazımdır. Məsələ burasındadır ki, bu millət özünə məxsus olan bütün digər əşyaların qədrini bildiyi kimi aldığı maşının da uzunömürlü olmasının, daim saz vəziyyətdə qalmasının qeydinə qalır.
Əlavə olaraq buna dövlət də, qanun da xüsusi nəzarət edir. Məsələn, Almaniyada texniki baxış anlamı bizdəki, və ya əksər digər ölkələrdəki vəziyətdən fərqlənir. Bizdə çox vaxt texniki baxış avtomobolin şassi və mühərrik nömrəsinin sənədlə düz gəməsini yoxlamaqdan uzağa getmir. Hətta bəzən tanışlıqla bunlarsız da texniki baxışdan keçmək olar. Amma Almaniyada texniki baxışdan sonra təqdim olunan TÜV deyilən kağız maşının öz sənədi qədər vacib sayılır. Avtomobildə cüzi bir nasazlıq olduqda belə TÜV verilmir və maşının sahibi məcburdur ki, həmin nasazlığı aradan qaldırsın. Hətta maşında hər hansı bir hissə işləyirsə, amma, istifadə müddətini keçibsə, yenə də dəyişdirilir.
Almanlar haqlı olaraq hesab edirlər ki, detal yaxşı vəziyyətdə görünməyinə baxmayaraq istifadə müddətini keçibsə, dəyişdirilməyi məsləhətdir, çünki o artıq avtomobilin ümumi ahəngdar çalışmasına mane olar və digər detalların tez sıradan çıxmasına şərait yarada bilər. Üstəlik bu ölkədə birinci növbədə keyfiyyətə üstünlük verildiyindən dəyişdirilən hissələrin də ən keyfiyyətlisi seçilir.
Təsadüfi deyil ki, bizdə avtomobil "ölüxanalarında" satılan bəzi işlənmiş alman istehsallı detallar dükanlarda satılan yeni hissələrdən daha baha olur. Bu da dediyimiz kimi, Almaniyada maşınlara xüsusi diqqət, keyfiyyətli xidmətlə izah olunur.
Misal üçün, şəxsi müşahidələrimdən sonra əmin oldum ki, amerikalılar ən pis maşına qulluq edənlərdən hesab oluna bilərlər. Sadə amerikalı üçün maşının yağını vaxtında dəyişməyi unutmaq adi bir şeydir. Eyni sözləri hətta əksər avropalılara da aid etmək olar. Avropanın özündə belə ən yaxşı işlənmiş avtomobillər almaniyadakılar sayılır. Bu da millətin özündən gələn cavabdehlik, ona məxsus olan əşyasına qayğıdan və qanuna baş əyməkdən irəli gəlir. Üstəlik avtoservislər də öz işlərini vicdanla, vaxtında görürlər. Bir çox nüfuzlu avtoservislərin əməkdaşları özlərinə borc bilirlər ki, öz müştərilərinin maşınlarına vaxtında nəzarət etsinlər və hər hansı xidmətin vaxtının çatması barədə onlara xəbər versinlər.
Bütün bunlardan sonra razılaşın ki, belə qulluq göstərilən maşınlara TÜV də almaq heç bir çətinlik törətmir. Yəni alman sürdüyü maşınına TÜV almaq xatirinə deyil, öz rahatlığı xatirinə baxır və qulluq göstərir. İndi öz aramızdır, belə qulluqdan sonra 15 illik alman maşınının təzə kimi görünməsinə təəccüblənməliyikmi? Təbii ki, yox. Sadəcə cibimizə uyğun olaraq istədiyimiz işlənmiş alman maşınını alıb sürmək olar.