“Əli Kərimlini aparılan iqtisadi, siyasi və ideoloji islahatlar qorxudur” Hacı Hacıyev - MÜSAHİBƏ

27 Aprel 2020 16:09 (UTC+04:00)

Azərbaycan Kommunist Partiyasının sədri Hacı Hacıyevin SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Hacı müəllim, koronavirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirləri necə qiymətləndirirsiniz?

- Dünyanın ən inkişaf etmiş dövlətləri koronavirus epidemiyasının yayılmasının qarşısını ala bilmir və çox ciddi ziyanlar görməkdədirlər. Azərbaycan isə bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır. Ölkə başçısı Cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısı alındı. Bu baxımdan görülən tədbirləri və imzalanan Prezident sərəncamlarını yüksək qiymətləndirərəm. 2020-ci ilin fevral ayından hazırlıq işlərinin təşkili öz müsbət nəticəsini verdi. Mart ayının axırlarında isə sərt karantin tədbirləri tətbiq olundu. Onun nəticəsi olaraq hal-hazırda mərhələli şəkildə karantin tədbirlərinin yumşaldılmasına respublikanın iş ahənginin bərpa olunmasına başlanılıb. Aparılan tədbirlərin mütəşəkkilliyini bəyənirəm.

- İşsizlərə birdəfəlik ödəmələrin edilməsi, iri və xırda sahibkarlara yardımların göstərilməsi dövlətin hər bir vətəndaşının yanında olduğunun sübutu sayıla bilər?

- İri və xırda sahibkarlar bundan sonra işəgötürənlər kimi, işçilərlə müqavilə bağlamalarına dair "Əmək Məcəlləsinə" əməl etmələri, vergi orqanlara ciddi tapşırılmasını vacib sayıram. Bu işdə Respublika Həmkarlar İttifaqlarının da fəallığına ehtiyac var.

- Siyasi partiyalar arasında canlı dialoqun qurulması üçün iqtidarın xoşməramlı addımlarına AXCP və Müsavatın müsbət cavab vermələrini nə ilə əlaqələndirə bilərsiniz?

- Onların davası Prezidentin islahat aparmasına müəyyən əngəllər törətməkdir. İndiki şəraitdə, torpaqlarımızın işğal altında olması ölkəmizdə bütün siyasi partiyaların birliyini tələb edir. Hər bir partiya bu işdə öz məsuliyyətini dərk edərək, ümumi işə yardımçı olmalıdır. Dünyada tüğyan edən dərin iqtisadi böhran respublikamızın milli maraqlarına təhlükədir, daxili siyasi qüvvələrin də birliyinə böyük ehtiyac var.

- Hacı müəllim, dövlət ağır durumda olan “Azadlıq” partiyasının sədri Əhməd Oruca və ailəsinə maddi-mənəvi dəstək göstərdi. Bunu siyasi baxışlarından asılı olmayaraq dövlətin hər bir vətəndaşına göstərilən diqqət və qayğısı kimi qiymətləndirmək olar?

- Azərbaycanın siyasi hakimiyyətinə müxalifətdə olan “Azadlıq” Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlərlə əlaqədar xəstəxanada olmasından xəbər tutan ölkə Prezidenti Cənab İlham Əliyev ona xeyirxahlığını göstərmişdir. İndiki zamanda dünyada tüğyan edən iqtisadi böhran fonunda koronavirusdan respublika əhalisini qorumaq üçün aparılan tədbirlər öz müsbət nəticələrini verir. Belə ağır vəziyyətdə ölkə Prezidentinin eyni zamanda cəmiyyətdə insaniyyət və xeyirxahlıq islahatlarının da aparması təqdirəlayiqdir. Prezidentin müxalifət nümayəndəsinə göstərdiyi qayğıkeşliyi, həssaslığı, diqqətliliyi, onun ailəsinin dərdinə şərikliyi humanistlikdir. Azərbaycan Kommunist Partiyası müxalifət partiyasının sədrinə göstərdiyi mənəvi hörmətə görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürünü bildirir. İnanırıq ki, Əhməd Oruc ona göstərilən mehribançılıqdan və səmimiyyətdən ruhlanıb tezliklə sağalacaq və siyasi fəaliyyətini davam etdirəcək.

- “REAL” partiyasının sədri İlqar Məmmədovun və həmin partiyanın idarə heyətinin üzvü Rauf Cəfərovun apelyasiya şikayətlərinə Ali Məhkəmənin bəraətverici qərar verməsi və onlara təzminat ödənilməsi barədə qərar çıxarması qanunçuluğun təmin olunmasında atılan humanist addım kimi qiymətləndirmək olar?

- Ali Məhkəmənin plenumunda “REAL” partiyasının sədri İlqar Məmmədovun və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərovun cinayət işlərinə bəraətverici əsaslarla xitam verilməsi insan üçün ən qiymətli, ən dəyərli nemət hesab olunan siyasi azadlıq, mətbuat azadlığı və söz azadlığına verilən qiymətdir. “REAL” partiyasının sədri ilə şəxsi tanışlığım yoxdur, lakin siyasi partiyalardan birinin üzvləri olduqlarını nəzərə alaraq, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizədə ümumi maraqları müdafiə cəbhəsində olacaqlarına inanıram.

- ABŞ-dan və Avropadan yayımlanan internet TV-lərdə Azərbaycanın milli və dövlətçilik maraqlarını təhqir edən, şər və böhtanlar səsləndirən Əli Kərimli və tərəfdarları bununla siyasi etik qaydaları kobud şəkildə pozuqlarını demək olar?

- AXCP sədri Əli Kərimli və tərəfdarları siyasi dialoqa hazır deyillər. Əli Kərimlini aparılan iqtisadi, siyasi və ideoloji islahatlar qorxudur. Çünki o və tərəfdarları islahatların çox gizli məqamlara, xəyanətlərə aydınlıq gətirəcəyini anlayırlar.

İ.ƏLİYEV