Səfir Fəxrəddin Qurbanov Azərbaycana maraq göstərən Böyük Britaniya iş adamları ilə işgüzar görüş keçirib
20 Aprel 2011 18:37 (UTC+04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov mənzil-qərargahı London şəhərində yerləşən Mərkəzi Asiya və Cənubi Qafqaz Assosiasiyasında (Central Asia and Southern Caucasus Association - CASCA) Azərbaycana maraq göstərən Böyük Britaniya iş adamları ilə işgüzar görüş keçirib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, səfir F.Qurbanov Böyük Britaniya iş adamları qarşısında çıxış edərək, ölkəmizin yenidən müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu və bu sahədə əldə olunmuş nailiyyətlər və uğurlar, Azərbaycandakı işgüzar mühit və onun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən həyata keçirilmiş iqtisadi islahatlar haqqında iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın Böyük Britaniya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə mühüm önəm verdiyini qeyd edərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı durumu və onun daha da inkişaf etdirilməsi perspektivləri haqqında danışıb.
Səfir F.Qurbanov tədbirdə iştirak edən şirkətlərin ölkəmizə olan marağını alqışlayıb və onları ölkəmizdə özlərinə biznes tərəfdaşları tapmağa dəvət edib. Həmçinin, ölkəmizdəki iqtisadi imkanlara dair yaxın zamanda Londonda və Bakıda keçiriləcək tədbirlər haqqında Böyük Britaniya iş adamlarına məlumat verilib.
Çıxış tədbir iştirakçılarının marağına səbəb olub və məruzəçi tərəfindən onların çoxsaylı sualları cavablandırılıb. Görüş zamanı həmçinin ölkəmizdəki işgüzar mühit və iqtisadi imkanlara dair məlumat kitabçaları paylanıb.