Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 9-cu sinif şagirdləri, Respublika Narkoloji Dispanserin həkimi Asif Kəngərli və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında onlayn görüş keçirilib. SİA-nın məlumatına görə, görüş “Narkomaniya XXI əsrin bəlasıdır” mövzusunda gerçəkləşib.
Onlayn görüşün bu mövzuya həsr olunmasında əsas məqsəd dünyanı bürüyən narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyan haqqında yeniyetmələrə məlumat vermək və onları maarifləndirməkdir.
Asif Kəngərli yeniyetmələrə “Bəla” tamaşasından bəhs edib və ölkəmizdə bu mövzuda çap olunmuş kitablar haqqında söhbət açıb. Eyni zamanda şagirdləri maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.
Ş.Qəmbərova uşaqlara zərərli vərdişlərin ağır fəsadları barədə məlumat verib. Uşaqları daima sağlam həyat tərzi sürərək zərərli vərdişlərdən uzaq durmağa səsləyib.
Sonda Ş.Qəmbərova şagirdlərə vətəninə, millətinə, dövlətinə, ailəsinə yararlı və sağlam bir insan kimi yetişməyi arzulayıb.