İlhamə MƏHƏMMƏDQIZI
Dünyayla yox savaşım. Axı niyə dalaşım? Zamanla üz-üzə dayanaraq, dərin fikrə dalaraq düşünürəm: axı dünyanın nədir günahı? Günahsızlığımı? İnsanların haqsızlığımı əridir onu? İnsansız məgər dünya dünyamı? Onun kədərinə şərik olan, sevincini bölə bilən canlılarda can sızlarmı, nur saçarmı? Özü böyük, dərdi böyük dünyanın dünyada qayğıya ehtiyacı var.Saflaşsa, parlasa, durulsa bütün insanlar nə olar?! Nə olar zirvə zirvəyə düşmən olmasa, naşılar öz yolunu azmasa,göz yaşı axmasa, torpaq alışmasa, yanmasa... Böyüklər qorusa böyüklüyünü, dillərdə yatmasa yalanlar, duyanlar səadətdən pay alsa, xeyirxah olsa bütün insanlar, dargözlər, xəbislər töhmətə çatsa, qəm ürəkdə düyünün açsa... dünya da hər zaman, hər vaxt sevinər, isinər, gülər, güldürər. Dünyanın taleyi, insanın taleyi oxşayır bir-birinə. İş qalıb Tanrının məsləhətinə. Dünyanın da, insanın da payı olmaz. İnsan ürəyindən, insan qanından laqeydlik tamam silinsə əgər, tələbkar yanaşsa hərə özünə, dünya da dünya boyda qürurlu olar, duyanlar arasında qiymət qazanar. Hansı gözlə baxarsan dünyaya, o gözlə də görərsən onu. Dünyadan yox, ürəyin sınmasından, şərəfsizin çoxalmasından, qatığa qara, oda kül deyilməsindən, xəbisin, xainin, vicdanını dananın artmasından... qorxa bilərsən yalnız.
Nəhayət, narahat dünyada əbədi rahatlıq tapanda da sən, ancaq bunu diləməlisən: Yaşasın dünya, yaşasın dünya!
VAR OLSUN YAXŞILAR, YAXŞILIQLAR
Dünyanı al-ver elə sürüyüb. Satan çox, alan az. Dünyanı döyüş meydanı bürüyüb. Namərd çox, mərd az. Dünya qarışıq rəngə bürünüb. Qara çox, ağ az. Dünyada yalan, yaman sürünüb. Yanan çox, qanan az. Hər kəsin bu dünyada öz qisməti, alın yazısı var. Kimisinə az pay düşür, kimisinə çox. Kimisi razı qalır, kimisi narazı. Çörək var ki, dünyada ona yağ çəkilir, çörəksizin ürəyinə dağ çəkilir. Bir əllə kəbin yazılır, bir əllə qəbir qazılır. Bu dünyada insanların Arazı var, bazarı var. Bu dünyada insanların Afrikası, Tiflisi var, başı taclı iblisi var. Gecəsi var, gündüzü var. Demək iki cür üzü var. İkiüzlülük elə bir libasdır ki, onun altından altındakı görünür. İnsan dünyaya gələndə bilmir havası nə, suyu nə. Ancaq qəbul edir özünə. Sonralar isə dərk edir ki, onlarsız yaşamaq heç nə. Bəs bu dünyanın insana hədiyyəsi nə?
Fəqət, bu dünyanın insanlarının arzusu çoxdur, nəhayətsizdir, sonsuzdur. Hamısını ifadə etmək mümkünmü? Əlbəttə, yox! Heyhat, bu dünyada Tanrı qənim kəsilsin paxıl, xəbis, pis adamlara. Bu dünyanın insanları fəlakət dəllalı olmasınlar. Bədbin, qara tablolar çəkəndə çıxış yolu, çarə, əlac axtarsınlar. Dünyada bütün təzadlar bir hesabat kitabıdır ki, onda olanları görəndə nə edək sualı silkələsin hər kəsi.
Odsevərlik inamı olan ana Vətənimizdə Zərdüşt təqvimində “Azər”adlanan ay od və ildırım içərisində yaşayan mələk kimi təsəvvür edilib. Bu mələk sonralar səma odu olan Günəşin Yer üzərindəki vəkili adlandırılıb. Azərsevərlər həmişə “Nari-Azər”, yəni “Azər odu” yandırıblar. Onlara “azərkeş” deyiblər. Bu günün azərkeşləri qalxsınlar ayağa, artırsınlar dünyada sevinci. Maddi bir şeyi bölüşdürəndə azalır. Sevinci paylayanda isə, əksinə çoxalır. Sevincin artması əzabı azaldır. Dərdin çoxalması qəmi, kədəri artırır. Dünyada bunlardan hansı kimə çox çatır? “Sirli-sehrli, gəlimli-gedimli” dünyanın əvvəli nə, axırı nə? Diləyim büdür: müəmmalı, cavabsız suallar verilməsin heç kəsə. Dünya Yaradanındır. Yaradan yarananındır. Yarananlar yarısınlar bir-birindən. Qovuşsun xoş məramlar, arzular. Tükənməsin saf diləklər. Dünya durduqca var olsun yaxşılar, yaxşılıqlar!
AĞ XALATLI HƏKİMLƏR
Həyatı gözəlləşdirirsiniz təbiəti gözəlləşdirən gül-çiçək kimi. Ömrə nur çiləyirsiniz nurlu günəş kimi. Neçə-neçə ürəyə sevinc paylayırsınız xeyirxah müjdəçi kimi, ağxalatlı həkimlər!
Naümid baxışlara, nigaran doğmalara, üzüntülü körpəyə, gəncə, qocaya, bir sözlə, Sizə gümanı, ehtiyacı olanlara, Sizə tapınanlara bir vüqar rəmzi, bir çıraq, bir dayaqsınız, ağ xalatlı həkimlər!
Sizdən şəfa tapanların, xoş diləyə çatanların , saf istəyə qovuşanların minnətdarlıq hissidir ən böyük qazancınız!
Sağlam, gümrah görünmək hər kəsin diləyidir. Bu diləklə də Sizə üz tutanlara diqqət və qayğınız Sizi daha ucadan uca, doğmadan doğma edir. Bu inamı, bu etibarı qazanmağınız, şərəflə və fərəhlə sağlamlıq keşiyində dayanmağınız, şəfqət bəxş etməyiniz bəndəyə xoş olduğu qədər də, Tanrıya xoşdur! Tanrı Sizi qorusun, ağ xalatlı həkimlər, dağ vüqarlı həkimlər!
ÖZÜMƏ TƏSƏLLİ
Qəribə günlər,
Qəribə işlər,
Qəribə görüşlər,
Qəribə təsqdüflər!
Hamısı qəribədir. Bu qəribəliklər içərisində səbr tükənir, inam, ümid azalır, süallar çoxalır, cavablarsa haçalanır. Özlüyündə keçirsən geniş təhlilə və görürsən ki, özün də qəribələşirsən. Lakin gərək dözəsən, səbr eləyəsən. Bunuçün də lazımdır iradəli olasan. Yalnız və yalnız iradəli! Sonrası həlledici, intizarlı gələcəyin işidir!