“Turizm və Xidmət üzrə iş” Komissiyasının onlayn iclası keçirilib

23 Aprel 2020 15:05 (UTC+04:00)

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və Xidmət üzrə iş” Komissiyasının onlayn iclası keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevin moderatorluğu ilə baş tutan iclasda ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostu departamentinin inzibati ərazi vahidləri üzrə fəaliyyətinin təşkili şöbəsinin müdiri Adil Əhmədov, “Skal İnternational Baku”nun prezidenti Ceyhun Aşurov, DAİR sədri Samir Dübəndi, ATTA-nın sədri Rüfət Hacıyev, ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov, AZTA sədri Əhməd Qurbanov, müxtəlif turizm şirkətlərinin, hotellərin rəhbərləri iştirak ediblər.

İclasda əsasən pandemiya xarakteri alan COVİD-19 virusunun turizmə təsiri və cari vəziyyət, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planının icra vəziyyətinə münasibət, dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti, postpandemiya dövründə turizmin inkişafının hansı istiqamətlərdə qurulması və mart-avqust aylarında təxirə salınan aviauçuşların və erkən rezervasıyaların ləğvindən sonra yaranan maliyyə öhdəlikləri, turizm şirkətlərinin, mehmanxanaların və digər turizm təsisatlarının bu yöndə mövcud problemlərinin həlli yolları məsələləri müzakirə edilib.

Maraqlı müzakirələrlə davam edən iclasda dövlət nümayəndələri dövlətin pandemiya dövründə həyata keçirdiyi sahibkarlara dəstək mexanizmindən bəhs ediblər. Həmçinin özəl sektorun nümayəndələri təmsil etdikləri turizm müəssisələrinin mövcud problemləri və cari vəziyyəti haqqında məlumat veriblər, eyni zamanda, vəziyyətdən optimal çıxış yolları və təkliflər səsləndirilib. İclasın sonunda sual-cavab olaraq dövlət nümayəndələri şirkət sahiblərinin suallarını cavablandıraraq sahibkarlara öz tövsiyələrini veriblər.