Haqq olduğuna məni qandıra bilmirsənsə...

22 Aprel 2020 14:17 (UTC+04:00)

Az qala otuz ilin söhbətidi. 1922-ci ilin aprel ayı idi. O zaman Azərbaycanın müstəqilliyi və ərazilərimizin toxunulmazlığı uğrunda gedən ümumxalq hərəkatının önündə gedən Azərbaycan Xalq Cəbhəsinə maskalanıb (indiki koronovirusa qarşı taxılan maskalardan yox a...) soxulmuş bir qrup vəzifəpərəst ünsürlərin istəyinə zidd olaraq, Əbülfəz Elçibəyin prezidentliyə namizədliyinin irəli sürülməsini həm xalqa, həm xalqın milli azadlıq hərəkatına, həm də AXC sədrı Ə.Elçibəyin özünə xəyanət kimi dəyərləndirir və bu namizədliyə qarşı təkbaşına açıq savaşırdım. Həm də bu savaşı sadəcə AXC daxilində deyil, o dövrün mətbu orqanlarında da aparmaqla, bu yanlış addımı ictimailəşdirirdim. Saysız-hesabsız tərəfdarlarım olmaqla, ondan da çox əleyhdarlarım var idi. Elə indiki kimi, o zaman da mənə dəstək olanların tam əksəriyyəti məqamı gələndə susmağa üstünlük verirdi və məqsədi də aydın idi: bəlkə mkan oldu, o da AXC hakimiyyətindən nəsə qoparmalı oldu.

Ancaq mən mübarizəmi sona kimi davam etdirməyə qərarlı idim, davam da etdirdim. Nə yazıqlar ki, rəhmətlik Əbülfəz bəy istisna olmaqla, etiraf etməyə özlərində güc tapmasalar belə, tarix sübut etdi ki, AXC Ali Məclisinin Ə.Elçibəyin Prezidentliyə namizədliyinin irəli sürülməsinə səs verən 91 və bitərəf qalan Tahir Kərimli deyil, məhz mən haqlı imişəm. Xülasə, bunları ona görə yazdım ki, indi deyəcəklərim oxucularımda düzgün anlaşılsın. Həmin dönəmdə o zaman respublikada mövcud olan əksər mətbu orqanlar mənə piyar kompaniyasına başlamışdılar (Həmin mətbu yazıların hamısı bu gün də arxivimdə saxlanmaqdadır).

Saysız-hesabsız yazışmalar zamanı, nəhayət, “Millət” qəzetində, tanınmış jurnalist Hüseyn Əzizoğluna verdiyim müsahibəmdə belə bir cümlə işlətmişdim. Sitat: “Ya mənim yanlış olduğuma, özünün haqq olduğuna məni inandır, o zaman yanlışımı etiraf edib sizin haqq hesab etdiyiniz yola qayıdacağıma əmin olun. Yox bu mümkün deyilsə, o zaman məni qandığım haqq yolundan sapdırmağa çaba göstərməyin. Çünki mən qandığım haqq yolindan dönməyi özümə və mənəviyyatıma xəyanət hesab edərəm!”. Sitatın sonu!

Üstündən otuz ilə yaxın bir müddət keçəndən sonra, yenə həmin sitüasiya ilə üz-üzə qalmışam. “Səs”in ötən saylarından birində gedən “Göydə allah, yerdə padşah!” yazımla da bağlı, gözlədiyim kimi, birmənalı olmayan reaksiyalarla qarşılaşdım. Yenə şükür, əksəriyyət mənim yazdıqlarımla tamamilə,yaxud əsasən razılaşdığını desə də, məni topa tutmaq istyənlər də oldu. Yox, kimsə narahat olmasın. Onlar ermənifason top atəşi atırdılar, mən də türkfason müdafiə sistemlərımin köməyilə o atəşləri elə havadaca zərərsizləşdirirdim. Kor tutduğunu buraxmadığı kimi, yazımdakı digər fəlsəfəni bir kənara qoyub yapışıblar ondan ki,mən ölkə başçılarını peyğəmbərlə(???) müqayisə etmişəm. O qədər iri həcmi də olmayan yazıda bütün digər məqamları bir kənara qoyub “peyğnbər” sözündən belə süni şəkildə sui-istifadə edənlərə yazını təkrar oxumağı və hər yazıda olduğu kimi bu yazıda da məqsədi, məramı anlamağı məsləhət gördüm.

Amma kimə deyirsən? Mən kimisə müqəddəsləşdirmək fikrində deyiləm. Kiməsə sitayiş də edən birisi deyiləm. Elə müqəddəs kitabımız olan Qurani-Kərimdən çıxış edərək, yalnız yaradanı müqəddəs qüdrət kimi tanıyır və bu əlçatmaz qüvvəyə sitayiş edirəm. Eləcə də, yenə yaradanın öz rəsulunun dedityi kimi, peyğəmbərlərə də sitayiş etmirəm.İstər on üç xüsusi seçilmiş və yaradanla hər hansı formada əlaqədə olan tanrı elçiləri olsun, istər də 124 min rəqəmi ilə qeyd olunan tanrının göndərilmişləri olsun. Mən ərəbcə “peyğəm” sözünün lüğəti mənasını qeyd etmişəm və onun lüğəti mənasının “göndəriş” olduğunu ərəb dilinə az-çox bələd olan hər kəs yaxşı bilir. 124 min peyğəmbərin – göndərilmişlərin də bu qədər çox sayda olmasının da dünya düzənində, cəmiyyətlərin idarə olunmasında fədakarcasına çalışanlarla əlaqədar olduğunu qeyd eləmişəm. Və hesab edirəm ki, subyektiv düşüncəmin məhsulu olsa da, haqlıyam. Bütün dəyərləri,o cümlədən dini dəyərləri fanatikcəsinə qəbul etməyin qəti əleyhinəyəm.

Məhəmməd (S.Ə.) buyururdu ki, islamı dərk etmədən qəbul etmək, onu qəbul etməməkdən daha böyük günahdı. Hədislərdən oxuyuruq, allahın rəsulu buyurur ki, islamın qəbulu üç mərhələdən keçir:idrak, iqrar və əməl! Yəni dərk etməli, dərk etdiyini dilə gətirməli, nəhayət əməlinlə sadiqliyini sübut etməli! Bu gün bəzi din xadimlərinə sual verəndə ki, əvvəl müsəlmansan, yoxsa türk, cavab verirlər ki, əvvəl müsəlmanam! Bu anormallıq deyilmi. 1400 il tarixi olan dini, azı yeddi-səkkiz min il tarixi olan milli varığından üstün tutmaq,nə dərəcədə mükəmməllikdir? Odur ki, mənim düşüncəmə görə, “peyğəmbər” kəlməsinin ərəb dilində adi söz olduğunu anlamaqla, bu kəlməni kiməsə şamil etməyin günah olduğunu iddia edənlər, bir daha düşünməlidirlər. Və, bəli, hesab edirəm ki, xalqını ən təhlükəli məqamdan xilas edib, onu ardınca aparıb dünyada yerini möhkəmləndirmək kimi missiyanı uğurla başa vura bilən kəs, yaradanın göndərdiklərindəndir – yəni peyğəmbərdir! Sadəcə, xüsusi seçilmiş, yaradanla ünsiyyətdə olanlardan deyil, 124 min kimi boynuna missiya qoyulan və bu missiyanı uğurla sona kimi aparanlardandır.

Bu, mənim qandığımdır. Kim bunun əksini mənə sübut edə bilirsə, buyursun, edə bilmirsə, o zaman bu gerçəyi qəbul edib, fanatik düşüncə girdabından özünü xilas etsin. Fanatizm hər zaman zərərlidir, o cümlədən müqəddəslərimizə münasibətdə!

Təhmasib Novruzov