Çörəyi ver çörəkçiyə...

20 Aprel 2020 11:50 (UTC+04:00)

Qələm adamları bilir, hər dəfə hansısa mövzuda yazıya başlayanda, ilk növbədə ona başlıq seçmək haqqında düşünməli olursan. Çünki başlıq elə seçilməlidir ki, həm yazacağın yazının əsas məğzini özündə ehtiva etməli, həm də mümkün olduğu qədər oxucunun diqqətini çəkməlidir. Bu yazıma da başlıq haqqında düşünəndə yenə ulularımızın kəlamı yadıma düşdü. Və nəzərdə tutduğum məramı özündə ehtiva edən bundan daha tutumlu başlıq mümkün olmadığını yəqin etdim. Rəhmətlik atalarımızın buyurduğu və yazıma bağlıq seçdiyim həmin kəlamdakı fəlsəfəni hər kəs anlayır.

Odur ki, bu fəlsəfə üzərində dayanmadan birbaşa keçirəm mətləbin ortasına. Çox keçmişə və çox da uzağa getməyəcəm. Son iki ildə Azərbaycan dövlətində aparılan islahatlar daxilində yeni və daha bacarıqlı kadrların yüksək məmur postlarına təyin edilməsindən sonrakı durum üzərində kiçik bir “gəziti”yə çıxacam. Ölkə başçısı cənab İlham Əliyev 2018-ci ilin Prezident seçkilərində ölkədə bütün sahələrdə, o cümlədən kadr sahəsində köklü islahatların aparılacağına vəd vermişdi. Həmişə olduğu kimi, yenə vədinə sadiq qalan Prezident ölkənin idarə olunmasında kadrların seçilib yerləşdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, əksər dövlət qurumlarına, həm mərkəzi, həm də yerli icra orqanlarına yeni kadrlar təyin etməyə start verdi. Nəticə göz önündədir.

Təhsil Nazirliyində kiçik zaman kəsiyində çox mühüm saflaşma islahatı aparan Mikayıl Cabbarov ölkənin ən ağrılı mərkəzi icra orqanlarından birinə - Vergilər Nazirliyinə təyin ediıdi. Onunla paralel Gömrük Komitəsinin də rəhbərliyi dəyişdirildi. Cəmi bir ilin ərzində iki mərkəzi icra orqanlarının fəaliyyətində baş verən dəyişiklik onunla nəticələndi ki, dövlət büdcəsinə nəzərdə tutulduğundan bir milyarddan çox əlavə vəsait daxil oldu. Ən diqqət çəkən isə odur ki, yeni rəhbərlik bu nailiyyəti adamlara cəza verməklə, kimlərisə həbs etməklə, cərimələməklə deyil, vergi sahəsindəki köklü islahatlarla gerçəkləşdirə bildi. Məhz həmin vəsait imkan verdi ki, vətəndaşların sosial durumunun yaxşılaşması məqsədilə bir ildə iki sosial paket ortaya qoyuldu və insanların həyat şəraitinin yaxşılaşdırılması yönündə mühüm addımlar atıldı.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni, gənc kadrın təyin edilməsi bu sahədə nə qədər yeniləşmələrə səbəb olduğu göz önündədi. Korrupsiyanın, bürokratiyanın baş alıb getdiyi bu nazirlikdə saflaşma, təmizlənmə, insanlarla davranış mədəniyyəti sahəsində baş verən dəyişikliklər bu nazirliyə müraciət edən hər kəsə bəllidi. Bütün sosial təyinatların müəyyənləşdirilməsi, təyin edilməsi və ödənilməsi işinin tamamilə elektronlaşması və DOST xidmətinin geniş vüsət alması isə Azərbaycanda sosial xidmət sahəsində inqilab adlandırıla bilər. Bir il ərzində üç yüz minə qədər qeyri-formal fəaliyyət göstərən ölkə vətəndaşlarının Əmək Müqaviləsi bağlayaraq qanuni fəaliyyətə üstünlük verməsi də həm Vergilər Nazirliyinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə apardıqları məqsədyönlü islahatların nəticəsidir.

Nəticədə üç yüz minədək insan pensiya almaq, xəstəlik zamanı müavinət almaq, işsiz qaldığı zaman dövlət təminatına götürülmək və s. kimi hüquqlar əldə etdi. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində nəzərə çarpan yeni və köklü dəyişiklikləri bu statusdan olan hər bir vətəndaş açıq şəkildə görür və qiymətləndirir. Qaçqın və köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması yolunda vüsət alan indiki sürətli irəliləyişi, həssas təbəqəyə daxil olan bu insanların digər problemlərinə yüksək qayğıkeşliklə yanaşılması, hər ay min-min beş yüz qaçqın və köçkünün birbaşa komitə sədrin özü tərəfindən qəbul edilməsi və digər bütün bu və digər yeniliklər bu sahədə də inqilabi irəliliyişin olduğunu deməyə tam əsas verir.

Eyni fikirləri Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər mərkəzi icra orqanlarının yeni rəhbərləri haqqında da demək mümkündür. Lakin bir qələm adamı olaraq xüsusi dayanmaq istədiyim bir sahə var ki, bu yazını yazmağa məni içimdən vadar edən də məhz budur. O da Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinatdan sonra həm Az.TV-nin, həm də mədəniyyət və idman kanallarının işində hər kəsin diqqətini çəkən yeniləşmədən ibarətdir. Həm sovetlər dövründə, həm də müstəqillik dövründə Azərbaycanın Ana televiziyasına rəhbərlik həmişə qeyri-jurnalist kadrlara həvalə edilərdi. Əlbəttə, demək olmaz ki, jurnalist olmayan bu kadrları hamısı qeyri-peşəkar işləmiş və televiziyanın idarəçiliyi tamamilə yarıtmaz olmuşdur.

Ancaq son illərin təcrübəsi göstərdi ki, televiziya müasir dünyabaxışına malik, işgüzar, bacarıqlı, əsasən də peşəkar jurnalistin fədakar fəaliyyəti nəticəsində şöhrətini geri qaytara və xalqın qəlbini oxşayan bir yayım məkanına çevril bilər. Bir il ərzində bu şirkətin rəhbərliyi altında efirə çıxan hər üç kanalda baş verən dəyişikliklər, yeniləşmə və bu yeniləşmənin Azərbaycan tamaşaçılarının istəyini əks etdirən səviyyədə aparılması, peşəkar fəaliyyətin əhəmiyyətini bir daha ortaya qoymuş oldu. Yuxarıda haqqında danışdığım və danışmadığım digər sahələrdəki uğurları hər kəs görməyə bilər. Həmin sahələrdəki uğurları bilavasitə o sahələrlə əlaqəli insanlar görə və təqdir edə bilərlər. Lakin televiziya elə bir sahədir ki, orda baş verənləri hər bir Azərbaycan vətəndaşı görür, seyr edir, yenilənmənin içində özünün də yeniləşdiyini hiss edir.

Ana televiziyamızda cəmiyyətin bürün sahələrini əhatə edən maraqlı proqramların sayının, demək olar ki, aybaay artması, həm də yeni proqramların peşəkarcasına hazırlanması, cəmiyyətdə baş verən hadisələrin təqdimatını başdansovdu deyil, mütəxəssislərin arqumentləri ilə təqdim edilməsi və digər məqamlar bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan kadr islahatının ölçülüb-biçilərək, yeniləşməyə, safllaşmaya meylli, əsasən gənclərdən ibarət peşəkarlara həvalə edildiyini deyək. Bunun isə cəmiyyətdə oynayacağı daha böyük rolu qarşıdakı illərdə görəcəyimiz qaçılmazdır. Çünki ölkə başçsı çörəyi məhz çörəkçiyə verir, çörəkçi də unu necə yoğurmağın, yapmağın yollarını yaxşı bildiyindən bizlərə dadlı “çörək” buketi təqdim edir.

Ağzımız hər zaman dadlı olsun!

Təhmasib Novruzov