Şəmkirdə arvadını öldürən kişi könüllü təslim olub - RƏSMİ

20 Aprel 2020 11:30 (UTC+04:00)

Şəmkir rayonunda arvadını öldürən kişi tutulub. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov SİA-ya açıqlamasında bildirib ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verərək könüllü təslim olub.

Araşdırmalarla M.Məmmədovun həmin gün saat 09:00 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.