Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatının və fikir tarixinin qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayan Nəriman Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Sərəncam imzalamışdır.
Nəriman Nərimanovun yaradıcılıq diapozonu çox zəngindir. Nəriman Nərimanov – yazıçı, Nəriman Nərimanov – dramaturq, Nəriman Nərimanov – tərcüməçi, Nəriman Nərimanov – həkim, Nəriman Nərimanov – ictimai və dövlət xadimi və s..
Ancaq bütün bunlara rəğmən milli pedaqoji fikrin inkişaf tarixini “Nadanlıq” (1893), “Şamdan bəy” (1895), “Nadir şah” (1898), “Bahadır və Sona” (1896-1913), “Pir” (1913) adlı pyesləri, publisist və elmi məqalələri ilə milli maraq və görüşləri təkmilləşdirən Nəriman Nərimanovun həyat yoluna nəzər salan zaman görürük ki, vətən fədaisi həyat yolunu heç də fərəh dolu yaşamamışdır.
Qori seminariyasını bitirdikdən sonra ali təhsil almaq arzusunda olsa da 20 yaşında atası Nəcəfi itirməsi arzusunu gözündə qoyur. Nərimanov yazır ki, “Bu vəziyyət mənə güclü təsir etdi və mən təhsilimi davam etdirmək xəyalı ilə yaşadım. Atamın ölümündən sonra dolanmaq üçün heç bir şəraiti olmayan ailəmiz haqqında düşünməyə başladım”. 1909-1913-cü illərdə xalq arasında maarifçi inqilab ideyaları yaydığına görə 1909-cu il martın 1-də Tiflisdə həbs edilir. Altı ay Metax qalasında qaldıqdan sonra iki il müddətinə Həştərxana sürgün edilir.1918-ci ildə ağır xəstəlik keçirir və Həştərxanda müalicə alır.19 mart 1925-ci ildə isə NərimanNərimanov müəmmalı şəkildə vəfat edir. Ancaq bütün bunlara baxmayaraq, Nərimanov mənalı, şərəfli ömür yaşamış, ömrünün sonunadək mütərəqqi pedaqoji ideyalar yaymış, doğma xalqının maariflənməsi yolunda usanmadan, yorulmadan mübarizə aparmışdır.
Azərbaycanın maarif və mədəniyyət tarixinə tanınmış pedaqoq kimi daxil olan Nəriman Nərimanovun müəllimlik fəaliyyəti fasilələrlə 1890-1902-ci illəri əhatə edir. Bu illər ərzində böyük pedaqoq “Kaspi”, “Tərcüman”, “Həblülmətin” kimi jurnal və qəzetlərdə çıxış edərək müəllim və müəllim kadrları haqqında, ana dili və onun tədrisi, əqli təhsil, qadın təhsili, tərbiyənin məqsədi və rolu haqqında, rus dilinin milli məktəblərdə öyrədilməsi problemlərindən özünəməxsus ustalıqla bəhs etmiş, təlim və tərbiyəyə aid demokratik maarifçifikirləri, mütərəqqi pedaqoji ideyaları “sətirlər arasında” oxuculara çatdırmışdır.
N.Nərimanovun məqalələrində qaldırılan mühüm pedaqoji problemlərə, habelə pedaqogika və psixologiyanın bir sıra nəzəri məsələlərinə nəzər salan zaman görürük ki, o, dünya və rus klassik pedaqoqlarından Yan Amos Komenski, Jan Jak Russo, İohan Henrix Pestalotsi, Konstantin Dimitriyeviç Uşinskinin və başqalarının pedaqoji fikirləri ilə yaxından tanış olmuşdur.Pestalotsidən bəhs edən Nəriman Nərimanov yazırdı ki, “Bir müəllim müəllimliyə hazırlanarkən ola bilərmi ki, Henrix Pestalotsinin adını eşitməsin? Ola bilərmi ki, bunun uşaqlara olan məhəbbətini bilməsin? Təlim və tədrisə dair nəsihətlərini oxumasın?”.
Oxuculara yaxşı məlumdur ki, Nəriman Nərimanovun bu kimi görkəmli pedaqoqların həyat və yaradıcılığı ilə tanış olması onun Qori seminariyasında (1885-1890-cı illər) aldığı dünyəvi təhsildən irəli gəlirdi.
Nəriman Nərimanovun pedaqoji görüşlərində təlim və tərbiyənin məzmununa, üsul, vasitə və tərzlərinə aid bu gün də çağdaş dövrümüzdə əhəmiyyətini saxlayan dəyərli fikirlər çoxdur. Müəllim “Universitet nişanı” ilə deyil, əməli-pedaqoji fəaliyyəti ilə özünü göstərməli və fərqlənməlidir – görüşündə olanNərimanov yazır ki, hər bir müəllim pedaqogikanı, təlim və tərbiyənin prinsip və üsullarını, psixologiyanı yaxşı bilməlidir. Müəllim əgər bunları bilərsə o, şagirdlərin fərdi xüsusiyyətlərinə istinad etməyi bacarar, həmçinin, təlim və tərbiyə işində uğur əldə edə bilər.Çünki “...hər uşağın özünə görə bir qeyri xasiyyəti, təbiəti olmağı binaən hamıya bir qayda və qanun ilə dərs vermək, hamıya bir dildə bəyan etmək olmaz.Hamını bir ölçü ilə ölçmək olmaz. Uşaqların bir parası zehinli, bir parası zehinsiz, fəhmsiz, bir parasının qüvveyi-hafizəsi qüvvətli, bir parasınınki naqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını mühafızə edər, hər kəsin öz biliyinə, qanacağına görə hərəkət edərsə, hər kəsin eyibinə görə çarə taparsa, əlbəttə, təlim və tərbiyə düz yol ilə gedib, tərəqqi əla dərəcəsinə çatar”.
Nəriman Nərimanovun publisist yazılarında təlimin məzmunu və üsullarına aid dəyərli fikirlər çoxdur. O, bir tərəfdən tərəqqiyə kölgə salan sxolastik məktəbləri, “zavallı uşaqların, gələcək millət balalarının fəhmlərini, zehinlərini korlayan”, orta əsrlərdən qalma üsul ilə dərs keçilən mollaxanaları, digər tərəfdən isə dövlət məktəblərinin ruslaşdırma siyasətini kəskin tənqid və ifşa edirdi. Təlimin ana dilində aparılması ideyası Nərimanovun pedaqoji fikirlərinin əsasını təşkil edirdi. “Millətin dilini bilmədən, onun dərdinə dava etmək çətindir”– deyən Nəriman Nərimanov müasiri və məsləkdaşı Abbas Səhhət kimi müəllimlik peşəsini həkimlik peşəsi ilə müqayisə edir və qeyd edir ki, “həkim azara görə dərman verdiyi kimi, müəllim də tələbə görə bilik verməlidir”. O deyirdi ki, “Naxoşun ruhunu təmizləməkdənsə, qanını təmizləyin. İnsanın dili onun qanıdır. Qan təmiz olanda ürək yaxşı işlədiyi kimi, dilin də saf olması millətin tərəqqisinə səbəb olur”.
Nəriman Nərimanov sələfləri sayılan İzzətdin Həsənoğlu, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım Bəy Zakir kimi ana dilinin keşiyində durmuş və xələfləri sayılan Seyid Əzim Şirvani, Aleksey Osipoviç Çernyayevski, Rəşid bəy Əfəndiyev, Məhəmməd Tağı Sidqi, Abdulla Şaiq kimi ana dilində dərslik yazaraq milli məktəblərdəki boşluqları doldurmağa təşəbbüs göstərmişdir. Təbii ki, o dövrdə dərslik yazmaq mühüm hadisə kimi dəyərləndirilirdi. Müasir dövrümüzdən XIX əsrin ortalarına baxsaq, o dövrün dərslikləri müəllim və şagirdləri müalicə edən qüdrətli bir vasitə rolunu oynamışdır.
Ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanına bir daha nəzər salsaq XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid dərslik və dərs vəsaiti yazıb nəşr etdirənlərin cərgəsində Nəriman Nərimanovun da adına rast gələrik. Fərmanda deyilir: “Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərslik və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır”.
Milli kütləvi kitabxana-qiraətxananın əsasını qoyanNəriman Nərimanov, həmçinin, 1899-cu ildə nəşr etdirdiyi “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”, “Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça”, “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça” adlı dərslikləri xalqımızın bu gün də öz mənəvi əhəmiyyətini qoruyub saxlayan milli xəzinəsidir.
Nəriman Nərimanov ana dilli məktəblərdə məqsədli şəkildə çarizmin ruslaşdırma siyasətinə qarşı da kəskin tənqidi münasibətini bildirmiş, etirazını açıq fikirlə ifadə etmişdir. Ana dilinə verilən dərs saatlarının proqramlardan çıxarılmasını istəyən, alqışlayan, əl çalan ruspərəst “ziyalıların”, “müəllimlərin”xain istək və arzularına çata bilməyəcəklərini belə ifadə edirdi: “Qoy əl çalsınlar! Lakın haqqı batil edə bilməyəcəklər. Bəşərin fitrət və təbiətindən məknuz (“xəzinədə olan” mənasında – K.C.) olan hissiyyatı elmiyyəni nabud (“məhv etmək”mənasında – K.C.) edə bilməyəcəklər:... Analarımızın laylalarını qulaqlarımızdan çıxarmağı bacarmayacaqlar, illərlə bilüzüm bir şey kimi ayaq altına aldıqları o kəhəri qiymətdən sala bilməyəcəklər, ana dilimiz hər halda qüvvət tapacaqdır”.
Nəriman Nərimanov ana dilinin təlim əhəmiyyətini göstərməklə yanaşı, onun tərbiyəvi rolunu, həmçinin, möhtərəm, müqəddəs, nə qədər əzmli bir qüvvə olduğunu belə bəyan edirdi:“Ana dili ...nə qədər ali, hissiyyatı oyandıran bir kəlmədir! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzmli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqətimadəranəni sənə o dildə bəyan edibdir, bir dil ki, sən hələ bələkdə ikən lay-lay şəklində öz mənafeyini sənə yetirib ruhun ən dərin güşələrində nəqş bağlayıbdır!”.
Nəriman Nərimanovun pedaqoji fəaliyyətində və görüşlərində əmək və əməyə məhəbbət məsələsi də mühüm yer tutmuşdur. Nərimanov yazırdı ki, hər hansı bir kəsdə dostluq, doğruçuluq, səmimilik, təvazökarlıq, sadəlik, insanpərvərlik, vətənpərvərlik kimi əxlaqı keyfiyyətlər görürsünüzsə, deməli o xoşbəxt kəs əməksevər insandır. “Qabarlı əldə olan hünər, qeyrət ağ perçatkalı əldə ola bilməz”– deyirdi. Görkəmli pedaqoqun fikrincə, hər kəs əməkdə iştirak edirsə, ona etibar edilmiş sahədə vicdanla, namusla işləyirsə, deməli o, xalqının inkişafına, Vətənin tərəqqisinə çalışmış olur.“Şərq üçün nicat yolu” adlı məqaləsində oxuyuruq:“..Vətənin qədrini o kimsə bilir ki, Vətən ilə onun ruhani (mənəvi – K.C.) rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Ona binaən, lazımdır Şərqdə bu şüarı buraxmaq: hər kəs xüsusi özü üçün yox, ancaq Vətən, məmləkət üçün işləyirsə, onun haqqı var seçsin və seçilsin. Bu, şura üsul-idarəsinin əsasıdır. Hər bir fərd əqlini, qüvvəsini məmləkətin hər cəhətdən tərəqqi tapmasına sərf etməlidir, yəni, hər bir adam hamı üçün, hamı bir adam üçün işləməlidir”.
Göründüyü kimi, Nəriman Nərimanov insanın həm fiziki və həm də zehni əməyini cəmiyyətin əsası, dayağı hesab etmişdir.Əməyi nəinki iqtisadi və sosial, həm də əxlaqi, tərbiyəvi, fizioloji mənada dəyərləndirmişdir.Nərimanov yazır ki, adamın əxlaqını saflaşdıran əməkdir. Uşaqlarda əməyə sevgi, məhəbbət oyatmağı valideynlərdən daha çox müəllimlərin birinci vəzifə borcu hesab edən Nəriman Nərimanov1924-cü ildə “Elmlərini yenicə tamam etmiş müəllimlərə açıq məktub”unda yazırdı: “Sizin tərbiyənizdə olan azərbaycanlı balaları gərək zəhmətsevən olsunlar. Yəni başqasının yox, öz zəhmətlərinin qüvvəti ilə ehtiyaclarını rəfedici olsunlar.Çünki insanın ruhunu ucaldan bir çox şey varsa, onun ən birinci zəhmətidir”.
Nəriman Nərimanov əməyə baxış və görüşü akademik Hüseyn Əhmədovun sözləri ilə desək ictimai bir kateqoriya kimi qiymətləndirmişdir. O, qeyd etdiyimiz kimi əməyi nəinki cəmiyyətin tərəqqisi, həm də insanların rifahı üçün mühüm şərt hesab etmişdir. “Oğlum Nəcəfə” adlı bir şeirində yazırdı:
Zəhmətdir insanı insan edən, oğul.
Zəhmətdir onu heyvandan seçən, oğul.
Budur bütün tərəqqinin əsası.
Zəhmətdir əqlə yol verən, oğul.
Nəriman Nərimanov özünün “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı dərsliyində uşaqlarda əməyə məhəbbət tərbiyə etmək üçün tərbiyəvi xarakterli mətnlərə də geniş yer ayırmışdır.
Nəriman Nərimanovun şəxsi həyat yolu da əməksevərliyin bariz nümunəsi olmuşdur. Dövlət xadimi Əli Heydər Qarayevin dediyi kimi, “İlk azərbaycanlı inqilabçılarından biri olan N.Nərimanov çarizm və onun üsul-idarəsilə tam 30 il ardıcıl mübarizə aparmışdır”.
Nəriman Nərimanovun yaradıcılığını sərf-nəzər edən zaman görürük ki, o, şəxsiyyətinformalaşmasında, təşəkkül tapmasındairsiyyətdən və mühittən fərqli olaraq tərbiyə ilə təhsilin birgə roluna, təhsilin tərbiyəyə müsbət təsirinə yüksək dəyər vermişdir.Fikrimizi əsaslandırmaq üçün “Gəncədə teatr barəsində bir neçə söz” adlı məruzəsinioxuyaq:“Heç ata-analar istərlərmi uşaqları bədbəxt olsunlar? Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün.Amma nə fayda bunların hamısını görürük və gözlərimizdən qan yaşlar tökülür.Bəs lazım gəlmirmi bu dərdin dərmanını tapaq?!Nə vaxtadək qoca ata və analarımız sudlara düşəcək?Günah kimdədir?Bəyəm günah qazamatda çürüyən uşaqlarımızdadır?Xeyr.Günah özümüzdədir.Vaxtında lazım olan tərbiyəni verməyib öz əlimizlə uşaqlarımızı odda yandırırıq. Bəs bunu bilə-bilə nə üçün uşaqlarımıza elə pərvəriş verməyirik ki, nadanlığın əlindən xilas olalar?”.
Nəriman Nərimanov tərbiyədə yaranan qüsurların səbəbini valideynlərdə görürdü.Çünki nə qədər ki, valideynlər uşaqlarını dərdin dərmanı olan məktəbdən, elmdən, təhsildən kənar saxlayırlarsa, bir o qədər də zillət, fəlakət girdabında yanıb qovrulacaqlar.Onun “Məktəb, məktəb! Bizi ancaq məktəb nadanlıqdan xilas edər”, – deməsi fikrimizə əyani sübutdur.
Nəriman Nərimanovun tərbiyə və təhsillə birgə vəhdətin münasibəti tək publisist-elmi yazılarında, çıxışlarında, məruzələrində deyil, maraq dolu əsərlərində də həyati dolu faktlarla öz əksini tapmışdır. Hələ Qori seminariyasında oxuduğu illərdən üzərində işlədiyi və Borçalı qəzasınınQızıl Hacılı kəndində müəllim işləyərkən yazıb bitirdiyi “Nadanlıq” əsərində Ömərin diliilə “nadanlığın”, “avamlığın”, “bimərifətliliyin”, “heyvanlığın” pik nöqtəsini təsvir etmişdir.Budur, kəndin ağsaqqalı hesab olunan Hacı AbdullanınRusiyada təhsil almış böyük oğlu Ömərə nifrəti sonsuzdur, ondan çox incikdir, narazıdır.Ona görə ki, Öməri oxutmaqla“qeyrətsiz” etmişdir, özü öz başına kül ələmişdir,Ömər “düz yoldan çıxmışdır”.Ona görə ki,artıq Ömərkiçik qardaşı Vəli kimi nə yol kəsməyi, nə kəbinli arvad qaçırmağı və nə də adam öldürməyi bacarır. Əziz oxucu! Hacı Abdulla kimilərinin tərbiyə işinə belə münasibət bəsləməsi özü nadanlıq, faciə deyilmi?
Müəllim Məhəmməd Ağanın kənd camaatı olan Qurbanəliyə, Ağakişiyə, Niyazəliyə, Hacı Abdullaya uşaqlarını məktəbə göndərmələri üçün yalvarması, dil tökməsi də faydasızdır.Hacı Abdulla deyir ki: “Ay Məhəmməd Ağa! Boş yerə başını niyə ağrıdırsan! Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünə görə bir dərdi var. Birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir, biri yer əkir: Uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan məsəva, doğrusunu demək: rusca oxuyan düz yoldan çıxır”.
Əsərdə oxuyuruq ki, kənd camaatının torpağa kor-koranə yanaşmasında torpaq məhsulvermir.Ancaq Ömər elmi əsaslara söykənərək, torpağın necə şumlanmasını, taxılın səpilməsini, becərilməsini kənd əhlinə aşıladıqdan sonra torpaq artıq bol məhsul verir.Molla abdullalar isə Ömərin təqdirəlayiq işini görməməzlikdən gəlirlər.Haqsızlığa göz yummağı bacarmayan müəllim Məhəmməd Ağa isə Öməri müdafiəyəçalışaraq belə deyir: “İş o deyil ki, əlinə kotan alsın. Onun köməkliyi bu olubdur ki, yerinizi necə ki, lazımdır şumlayıb, təzə çıxan kotan alıbdır, əsl budur və bunların hamısını oxumaqla tapıbdır.Yeri elmə müvafiq şumlamaq və nə tövr kotanla əksən, taxıl yaxşı çıxar, bunların hamısı kitablarda yazılıbdır. Hərgah Ömər oxumasaydı, belə şeyləri bilə bilərdimi?”.
Müəllimin Öməri müdafiəsi də bir nəticə vermir. Hələ əksinə, müəllim və savadlı, ədəbli, tərbiyəli Öməri ələ salıb gülürlər.Nəriman Nərimanovun öz sözləri ilə desək həyat hər kəsə öz payını verən, öz əkdiyini biçdirəndir.Ağsaqqal Hacı Abdullanın yol kəsməsi, adam öldürməsi, kəbinli arvad qaçırması, qeyrəti və bacarığı ilə qürur duyduğu kiçik oğlu Vəli ailəni bədbəxt edir. Rəzil, eybəcər, murdar, mərifətsiz, insani sifəti olmayan Vəli öz qardaşı Öməri güllə ilə vurub öldürür. Ömər ölərkən deyir: “Məni... nadanlıq... avamlıq... bimərifətlik güllələdi... Ah, nadanlıq”.
Nəriman Nərimanov insanın insan tərəfindən istismarının, köləliyin əleyhinə olmuşdur.Bəşəriyyəti nadanlıqdan xilas etmək üçün yollar aramış və axtarmışdır. Fikrimizin daha geniş təzahür formasını oğluna, ümumən götürsək gəncliyə yazdığı, ünvanladığı“Bitməmiş məktublar”danoxuyaq: “Əziz oğlum! Mən ictimai fəaliyyətdə təskinlik tapıram.Mən insanın insan tərəfindən istismarının, köləliyin əleyhinəyəm.Harada olur-olsun, bəşəriyyətin azad yaşaması üçün bütün qüvvəmi qoyuram və qoyacağam da.Mən bəşəriyyəti nadanlıqdan xilas etmək üçün yollar axtarırdım. Xüsusi olaraq mənim millətimin taleyi məni həmişə düşündürüb... Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşdı... açığı, biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olub əsas işi əldən buraxmışıq”.
Nəriman Nərimanovun “boş işlərlə və çəkişmələrlə məşğul olub əsas işi əldən buraxmışıq” sözlərindəki təvazökarlığı əminik ki, hər bir oxucu psixoloji hisslə tutur.Nəriman Nərimanov nakam ömrünün sonuna kimi daim xalqını, millətini, onun parlaq gələcəyini düşünmüş, vətəninin istiqlalı üçün daim çalışmış, ictimai, ədəbi və pedaqoji fəaliyyəti ilə əziz millətini bəsirət sahibi etmişdir.
Kamal CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
AYB-nin üzvü