Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbin 3-cü sinif şagirdləri ilə uşaq yazıçısı, şair, filologiya üzrə elmlər doktoru, professor Zahid Xəlil və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında növbəti onlayn görüş keçirilib. SİA-nın məlumatına görə, görüşün keçirilməsində məqsəd kitabxananın hazırkı fəaliyyəti haqqında oxucuları geniş məlumatlandırmaq, onlara bu günlərdə dəstək olaraq elektron ədəbiyyatı təbliğ etmək, eləcə də uşaqların sevimli yazarları ilə canlı ünsiyyət qurmasında vasitəçi olmaqdır.
Görüş çərçivəsində Ş.Qəmbərova şagirdlərin təhsilə və kitaba olan marağını yüksək qiymətləndirib, uşaqlara Zahid Xəlilin yaradıcılığı, əsərləri haqqında geniş məlumat verib. O, eyni zamanda, mütaliədə kitabxananın rolundan danışıb. Uşaqlara evdə qaldıqları bu dövrdə kitabxananın internet resurslarından səmərəli istifadə etməyi məsləhət görüb.
Zahid Xəlil uşaq ədəbiyyatına məhz uşaqları sevdiyi üçün gəldiyini bildirib. Məktəblilərlə geniş diskussiya aparan Z.Xəlil onları daim mütaliə edərək dünyagörüşlərini inkişaf etdirməyə çağırıb.
Sonra yazar uşaqların xahişi ilə ən çox sevilən şeirlərindən səsləndirib və onları maraqlandıran bütün sualları cavablandırıb.