Gəncədə tibbi maska istehsalına başlandı

14 Aprel 2020 15:24 (UTC+04:00)

Gəncədə tibbi maska istehsalına başlanılıb. Gəncə Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə başlanılan maska istehsalı "Sahibkar Qadınlar" İctimai Birliyinin müəssisəsi olan "Qızıl Əllər" MMC-də həyata keçirilir. Tibbi maskaların istehsalı üçün lazım olan xammal isə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev tərəfindən təmin olunur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Millət vəkili Pərvin Kərimzadə "Qızıl Əllər" MMC-yə baş çəkib, tibbi maskaların istehsal prosesi ilə tanış olublar. "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri Zemfira Ağayeva bildirib ki, əgər əvvəl tibbi maskalar daxili imkanlar hesabına 3-5 dərzi xanım tərəfindən tikilirdisə, hazırda istehsal prosesinə 20-yə yaxın işçi cəlb edilib. Xammal biçilərək dərzilərə paylanır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər.

Niyazi Bayramov öz köməyini əsirgəməyərək istehsal prosesində yaxından iştirak edən dərzi xanımlara minnətdarlığını bildirib. O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar göz qabağındadır. Bu istiqamətdə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır. Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən isə dövlət başçımızın tələb və tövsiyələrinə əməl etmək, koronavirusa qarşı mübarizədə birlik olmaqdır.

Tam steril şəraitdə hazırlanan tibbi maskalar xidmət sahələrində çalışan şəxslərə, o cümlədən Gəncə Uşaq Evi və Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin əməkdaşlarına təmənnasız paylanılacaq.