"Azərbaycan hökuməti əhalinin sosial müdafiəsini diqqət mərkəzində saxlayır" Sevinc Hüseynova

14 Aprel 2020 14:08 (UTC+04:00)

“Koronavirus pandemiyasının ölkəmizin iqtisadiyyatına və sosial həyatına mənfi təsirini azaltmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər həyata keçirilir. Bu istiqamətdə Tədbirlər Planının təsdiq olunması böyük əhəmiyyət kəsb edir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Tədbirlər Planı iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir. Onun sözlərinə görə, sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə dörd istiqamət üzrə on tədbir əksini tapıb və ümumilikdə 2 milyon vətəndaşı əhatə edən bu tədbirlər üçün 400 milyon manat vəsait ayrılıb. Bu tədbir dövlət sektorunda çalışan 910 min, qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir. Eləcə də, əhalinin məşğulluq imkanlarının artırılması nəzərdə tutulur.

“Tədbirlər Planı həm məşğul əhalinin, yəni, muzdla işləyənlərin, eyni zamanda, çalışmayan vətəndaşların sosial təminatını və eləcə də onlara birbaşa yardımın edilməsini nəzərdə tutur. Belə ki, dövlət və özəl sektorda çalışanlara dəstək, məşğulluq məsələləri, yaşı 65-dən yuxarı olan vətəndaşlara qayğı və s. məsələlər hökumətin diqqət mərkəzindədir. Sənəddə iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur. Birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə olsalar belə, əməkhaqlarını ala bilmələridir. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşları əhatə edəcək. Əgər hansısa bir vətəndaşın kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsi varsa, dövlət ona dəstək göstərəcək”.

Millət vəkili deyib ki, müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun mövcud olduğu dövrlərdə iki ay müddətinə 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması prosesinə başlanılıb. Bu məqsədlə büdcədən 30 milyon manat vəsait ayrılıb. Dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində, yəni, 190 manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulur.

“İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması üçün 20 milyon manat vəsait ayrılacaq. Xüsusi karantin dövründə bütün ailələrə ünvanlı sosial yardımın verilməsinin rejim bitənədək davam etdirilməsi və ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi nəzərdə tutulur. Bu, 62 min insanı əhatə edəcək. Aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığın artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir. 12 aprel tarixinə 78 min 722 ailə və ya 32666 883 nəfər ailə üzvü yardım alıb, artım 1 aprel tarixi ilə müqayisədə 8 min 114 ailə və ya 33 644 nəfər ailə üzvüdür. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır. Eyni zamanda, sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Eləcə də, yaşı 65-dən yuxarı olan vətəndaşlara, ahıl və tənha insanlara sosial xidmətin göstərilməsi çox vacib məsələlərdir”-deyən, S.Hüseynovanın fikrincə, həyata keçirilən tədbirlər dövlətimizin uğurlu sosial siyasətinin ifadəsidir.

Millət vəkili söyləyib ki, ümumilikdə, 9-12 aprel tarixlərində 55 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. İşsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi üçün də addımlar atılır. Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsinə gəlincə, 2020-ci il üzrə 11 ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, cənab Prezidentin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır.