Dünyanı lərzəyə salan koronavirus: “Bravo çinlilər”

14 Aprel 2020 13:48 (UTC+04:00)

(Yazıçının gündəliyindən I yazı)

Artıq keçən ilin dekabr ayının 24-dən dünyanı təlatümə gətirən, lərzəyə salan və getdikcə insanları daha çox qorxuya mübtəla eləyən koronavirus haqqında doğrudan da düşünməyə və bunların hansının həqiqətlər və hansının yalanlar olduğunu ömrünün 50 ilini ədəbiyyata, incəsənətə və jurnalistikaya sərf eləyən bir insan kimi bütün bunları açıq fikirlə, məntiqi düşüncə ilə təhlil eləmək qərarına gəldim. Ona görə də hər şeyi oxduğum yazılar, baxdığım video lentlər, məşhur alimlərin mülahizələri və özümün təhlillərim, başa düşdüyüm və sonda yazmağa qərar verdiyim nəticələrdən sonra oxucularla bölüşmək istəyirəm. Ola bilər ki, mən nədəsə yanılıram. Nəyisə düz fikirləşməyim. Nədəsə yanlış olum. Təki Allah eləsin ki, yanılım. Çünki zaman bir nəhrdir. Gec-tez hər şey tam aydın olacaq. Ola bilər ki, yaxın vaxtlarda bütün bunların sirri açılmasın.

Amma zaman ötdüksə hər şey məlum olacaq. Çünki tarixlər boyu belə olub və həmişə də belə olacaq. Axı tarixlər boyu gizlədilən böyük sirlər, insanlarda böyük maraq doğurduğundan, elə ağıllı, güclü məntiqi düşüncəli adamlar olur ki, onları açır. Ya da o hadisələri törədən zaman adamların zaman keçdikcə vicdanı dilə gəlir və əsl həqiqəti deyir. Axı atalarımız da deyib ki, “cidanı çuvalda gizlətmək olmaz”. Əgər bütün həqiqətlər açılsa, onda doğrudan da dünyada Üçüncü Dünya Müharibəsi başlayacaq... Bu isə adi müharibə yox, əsl bioloji müharibə olacaq... Bununla da yer kürrəsinin yəqin ki, ən azından yarısı dağılacaq. Və uzun illər bunun üstündə baş sındıran “alimlərin”, “siyasətçilərin”, “aparıcı ölkə başçılarının”, “böyük qırğınlar törədənlərin” arzusu reallaşacaq. Çünki bu həşəratlar deyirlər ki, yer kürrəsində adamlar çoxdur və bu adamların ən azından iki milyardı məhv olmalıdır. Guya əgər belə olsa və iki milyard insanlar qırılsa, onda aclıq, səfalət və çoxlu xəstəliklər azalacaq... Yer kürrəsi guya bu qədər adamları öz üzərində saxlamağa və onları dolandırmağa qadir deyil. Görün, bu nə qədər absurddur? Görün, bu faşistlər insanları məhv etmək, onların arzularını yarımçıq qoymaq, milyonlarla insanların həyatına qəsd etmək üçün nələri fikirləşirlər? Axı günahsız insanların həyatına qəsd edildiyini görən Böyük Yaradan tez-tez öz möcüzələrini zəlzələlər, sunamilər və başqa fəlakətlər vasitəsilə göstərir, amma bütün bunlar həmin faşistlərə “dərs” olmur... Deməli, doğrudan da Yer kürəsində ən böyük yırtıcılar, vəhşilər olduqlarını tam sübut edirlər...

İlk öncə oxuculara deyəcəklərim, yazacaqlarım aydın olsun deyə, koronavirusun başladığı Çin Xalq Respublikasının 11 milyon əhalisi yaşayan Uhan şəhəri ilə hal-hazırda bu dəhşətli xəstəliyinin tüğyan elədiyi yerlərin məsafəsini olduğu kimi yazmaq istəyirəm.

1.Uhan-Şanxay- 629 km

2. Uhan-Pekin-1052 kim

3. Uhan-Milan-8700 km. ( İtaliyanın ikinci ən böyük şəhəri)

4.Uhan-Nyu-York- 12 000 km.

5. Uhan-Paris- 8900 km.

6.Uhan-İspaniya- 9830 km.

7. Uhan-Hindistan- 3575 km.

8. Uhan- İran – 6560 km.

Dünyanın ən böyük ticarət mərkəzlərindən biri olan, dünyanın 120-dən çox ölkəsinə məhsul göndərən, 46 maliyyə mərkəzləri arasında 3-cü və Asiyada 1-ci olan, Çin Xalq Respublikasının içərisində özü də bir dövlət olan Honq Konqda da həyat öz axarında davam eləyir. Mən yuxarıdakı məsafə siyahısını artıra da bilərdim. Amma fikirləşdim ki, elə bu bəsdir. Çox maraqlıdır ki, Uhanda başlayan bu koronavirus adlı “şeytan virus” artıq bütün dünyanı öz cənginə alıb, amma Pekində, hətta şəkililər deyən kimi” “ha budu ey Uhanın ağzının içindı olan” Şanxayda bu xəstəlik yoxdur. Gəlin bunu məntiqlə aydınlaşdıraq. Pekin, Çin Xalq Respublikasının həm mərkəzi və həm də elə bir şəhəridir ki, burada respublikanın bütün liderləri, hərbi rəhbərləri, dünyanın ən varlı milyonçularının ofisləri, beynəlxal səviyyəli banklar, dünyanın bütün səfirlikləri və sairə çoxlu var-dövlətin cəmləşdiyi bir yerdir. “Ha budu ey Uhanın ağzının içində olan” və hətta Çinin ən böyük ticarət mərkəzlərindən biri olan, milyonlarla əhali yaşayan Şanxayda da, 12 milyondan çox əhali yaşayan Honq Konqda da bu virus haqqında heç bir söhbət gəzmir və bu şəhərlərdə heç bir “karantin” deyilən şey də yoxdur. İnsanlar öz kefində və damağındadır. Çünki Honq Konq da və Şanxay da bütün dünya səviyyəli milyonerlərin, varlıların böyük sərvət qoyduğu şəhərlərdir. Bu şəhərlər də dünyanın ən böyük ticarət mərkəzlərindən biridirlər.

Axı Çin “alimləri” və onlara “züy tutan alimlər, həkimlər” özlərini “yırtıb-dağıdırlar” ki, bu xəstəlik insanlara hava ilə keçir. Əgər hava ilə keçirsə bəs niyə Şanxaya, Honq Konqa, Pekinə yox, bu şəhərləri “basa-basa” bütün dünyaya yayılır?.. Bu gün İtaliya, İspaniya, Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, İngiltərə və sairə ölkələr bu qorxuc, dəhşətli xəstəliyin girdabındadırlar. Hətta mənim ən çox baxdığım və dünya əhalisin ən çox sevdiyi “Euronüs” televiziya kanalını da pul vasitəsilə necə ələ ala bliblərsə, bu televiziya kanalı da bütün günü insanları qorxu altında salan, onlarda stresslər, depressiya yaradan verilişlər göstərirlər. Həm də bu verilişləri bir gündə 10-15 dəfə təkrar etməklə və insanların beynini yeməklə, onları tam qorxuya və stresə salıralar. Tibb elmində də belə bir danılmaz və təsdiq olunmuş həqiqət var ki, bütün xəstəliklər çoxu qorxu və srtress vasitəsilə insan orqanizmində yaranır. Deməli, insanları stressə və qorxuya salmaqla onları az bir vaxtda çoxlu xəstəliklərə salacaqlar və insanlar həqiqətən də çəyirtikə kimi qırılacaqlar... Onların hətta hansı xəstəlikdən öldükləri belə məlum olmayacaq. Bax budur silahsız, raketsiz əsl müharibə... Yadımıza salaq 1918-ci ili. Həmin vaxtı “ispanka” adlı dəhşətli xəstəlikdən yer kürrəsində 20 milyon çox insan öz həyatını itirmişdi. Həmin vaxtı elm, texnika belə inkişaf eləməmişdi və bu insanların nədən öldükləri də tam aydınlaşmamışdı. Bəs indi? Axı elm, texnika belə böyük vüstələ inkişaf etdiyi, belə yüksək həddə çatdığı bir zamanda, çox sirlərin üstünü elə indi açmaq olar. Amma həmin adamlara hələ ki, imkan vermirlər...

Çinin yaxınlığında olan və əhali sayına görə yer kürrəsində ikinci yerdə sayılan hindlilər yazırlar ki, “bu gün bizim turizmdən ən çox pul qazandığımız 130-dan çox beynəlxalq səviyyəli məşhur istirahət mərkəzlərimiz bağlanıb, amma Çin Xalq Respublikasında bütün istirahət mərkəzləri fəaliyyət göstərir. Bunun sirri nədir? Bizim bütün iqtisadiyyatımız bu dəhşətli hadisədən sonra tam çöküb. Amma Çində artıq hər şey öz qaydasında gedir. Çin iqtisadiyyatına bu koronavirus hadisəsindən sonra milyonlarla, milyardlarla manat gəlir gəlib. Çünki bu xəstəliyi eşidən və ondan qorxuya düşən ən varlı beynəlxalq şirkətlər öz obyektlərini, zavodlarını, fabriklərini, ticarət mərkəzlərini, banklarını dəyər-dəyməzinə çinlilərə satıb, tez oradan qaçdılar. Çünki uzun illər idi ki, Çinin kimya və metallurgiya sənayesi amerikalıların və avropalıların əlində idi. Onlar da bu işlərdən böyük qazanc götürürdülər. Və uzun illər idi ki, çinlilər də kimya və metallurgiya sənayesini onların əlindən almaq istəyirdilər. Bu isə mümkün deyildi. Çünki zor gücünə alsaydılar buna Beynəlxalq səviyyədə qarışa bilərdilər və Çin də tam uduzardı. Amma bu “oyun” hər şeyi tam həll elədi. Çinlilər də bunun hesabına dünyada yenə də ticarət, iqtisadiyyat sahəsində öz birinciliyini geri qaytarıblar. Təkcə bu obyektləri çox ucuz, dəyər-dəyməzinə almaqla 20 milyarddan çox dollar pul qazandılar”.

Bax buna deyərəm ağıl. Buna deyərəm əsl biclik siyasəti... Yadıma bir vaxtlar çinlilərin məşhur Çin səddini çəkməsi düşür... Onlar bu ağılları ilə özlərini türklərdən və başqa güclü ölklərdən qorudular...

Dünyanın başı öz xəstələrinə, öz insanlarını qorumağa, öz ölkəsində daha az təlafat vermək üçün yollar axtarmağa, insanların evdən çıxmasına dəhşətli qadağalar qoymağa, düşdükləri bu iqtisadiyyatın çökməsi bataqlığından necə çıxmağa başı qarışdığı, “baş sındırdığı” bu dəhşətli işə qarışdığı bir vaxtda, Çin artıq dünya ölkələrinə “əlini uzadır”, “pulsuz maskalarla” təmin edir, “həkimlər” briqadası göndərir, “yardımlar” eləyir. Allah bilir daha hansı “oyunlardan” çıxır... Amma bu qısa vaxtda dünyanın ən aparıcı ölkələrinin iqtisadiyyatı çökür. Kiçik ölkələr isə bunda daha çox itirməklə “mağmun” gününə qalırlar. Bu ölkələrin başçılarının çoxu artıq başlarını itiriblər... Bu ağır, dəhşətli vəziyyətdən ölklərini və əhalisini necə çıxmaq üçün yollar axtarırlar...

Deməli, İkinci Dünya və Böyük Vətən Müharibəsindən sonra dünyada tüğyan eləyən aclıq, fəlakət, xəstələrin dərdinə əlac tapılmadığı vaxtlar yenidən başlayacaq... Bax bu da çoxlu insan fəlakətinə gətirib çıxaracaq. Bəli, bəli. Heç bir silah işlətmədən stresslər, qorxular yaşayan, immun sistemi zəif olanlar “siçovul” kimi qırılacaqlar. Yəqin ki, həmin “ispan” xəstəliyindən daha çox adam dünyasını dəyişəcək. Bax bu idi hegemon rəhbərlərin çirkin “arzusu”... O da artıq reallaşır...

Amma yazımın bu yerində bu gün “dəhşətli” koronavirusdan və başqa xəstəliklərdən son üç ayda ölən insanların siyahısını yazmaq istəyirəm. Bu, mənim uydurmam yox, Dünya Səhiyyə Təşkilatının siyahısıdır.

Beləliklə, son üç ayda koronavirusdan dünyada ölənlərin sayı- cəmi 76 min 328 nəfərdir. Mövsümü qripdən ölənlərin sayı- 130 min 479 nəfər, maliyariyadan ölənlər- 262 min 479 nəfər, intihar nəticəsində ölənlər- 286 min 962 nəfər, ayrı-ayrı xəsrəliklərdən ölənlər- 193 min 479 nəfər, ayrı-ayrı təbiət fəlakətlərindən ölənlərin sayı- 445 min 950 nəfər, spirtli içkilərdən ölənlər- 669 min 292 nəfər, siqaret və başqa narkotik vasitələrdən ölənlər- 1 milyon 337 min 736 nəfər, onkoloji xəstəliklərdən ölənlər- 2 milyon 197 min 727 nəfər, yol qəzaları nəticəsində ölənlər- 361 min 237 nəfər, abortlardan ölənlər- 11 milyon, 374 min 800 nəfər, doğuş zamanı ana ölümləri- 82 min 713 nəfər, HİV/QİÇS-dən ölənlər- 449 min 840 nəfər. Hələ infaktdan ölənlərin sayı isə tam dəqiq məlum deyil. Çünki infakt da ən qorxuc xəstəlikdir. Bu xəstəlikdən də dünya ölklərində insanlar çox böyük əziyyət çəkirlər. Bu xəstəlikdən ölənlərin da sayı yəqin elə onkoloji xəstəliklərdən ölənlər qədərdir. Yuxarıda yazdığım kimi koronavirusdan ölənlərin sayı isə vur-tut cəmi 76 min 328 nəfərdir. Deməli, koronavirusa görə belə də əsəb gərginliyi keçirib, streslər, depressiyalar yaşamaq lazım deyil. Bu, sadəcə dünyanı idarə eləmək istəyən Amerika və Çinin bir-birilə apardığı müharibədi... Bəli, “mədəni müharibədi”. Dünyada iqtisadiyyat, ticarət, hegemonluq və başqa sferalarda birinciliyi əla almaq müharibəsi...

Ona görə də indi dünya iki cəbhəyə bölünüb. Amerika Birləşmiş Ştatlar və Çin Xal Respublikası cəbhələri.

Amerikanın ətrafında mənim düşüncəmə görə bu ölkələr var. İngiltərə, Hindistan, Fransa, Almaniya, Kanada, Yaponiya, İsrail, Latviya, Litva, Estoniya, Gürcüstan, başqa Avropa, Latın Amerikası ölkləri, bir sıra Ərəb ölkələri və başqaları.

Çinin ətrafında isə- Rusiya, Kuba, Türkiyə, İran, İtaliya, İspaniya, Argentina, MDB məkanında olan ölklər, bir neçə Latın Amerikası, Asiya ölkələr və başqaları.

Tarixdən bizə məlumdur ki, Birinci Dünya Müharibəsindən sonra dünya iki yerə bölünmüşdü. İkinci Dünya Müharibəsindən sonra yenə də dünya - Amerika və SSRİ tərəfindən iki yerə bölündü. SSRİ-nin çökməsilə Amerika tam üstünlüyü ələ aldı. Bu da dünya ölklərinə sərf eləmədi. Çünki Amerika Birləşmiş Ştatları Ərəbistanda dəhşətli müharibələr yaratdı. Səddam Hüseyni, Mühəmmər Qəddafini aradan götürməklə, İsraillə birlikdə İslam-Şam Dövlətini yaratmaqla, böyük qırğınlar törtməklə Ərəbistanı, Afrikanı çökdürmək istədi. Əslində elə çökdürdü də. Çünki dünya ölkələri içərisində ən çox qaçqınlar Ərəb ölkələrindən və Afrika ölklərindən Avropaya gedir. Amma ABŞ-ın Suriyaya gücü çata bilmədiyinə görə, qarşısında Rusiyanı, İranı gördüyündən dayandı...

Dünyada əhali sayına görə birinci yerdə olan Çin Xalq Respublikası Mao Tszedun və Den Syaopinin böyük ağlıları ilə öz iqtisadiyyatını gücləndirdi və hətta özünün boş torpaqları az olan, əhali sıxlığına görə dünyada birinci olan bu ölkə dünya ölklərinə çoxlu kənd təsərrüfatı məhsulları ixrac eləməyə başladı. Deməli, bu ölkə özünü dünyanın ən hegemon ölkəsi etməyə layiq olduğunu sübut eləməliydi və elədi də... Mao Tszedun Çində “mədəni inqilabın” banisi olmaqla və Den Syaopin Çin iqtisadiyyatını, kənd təsərrüfatını dünya bazarına çıxarmaq ideyasının müəllifi olmaqla və 1960-1990-cı illərdə bu sahədə böyük işlər görməklə bu ölkəni onlar doğrudan da ildırım surətilə dirçətdilər. Həmin vaxtı Sovet rəhbərlərinin başı vəzifə bölgüsünə qarışmaqla, “perepiska” ilə məşğul olmaqla, bir-birinə və SSRİ əhalisinə yalan satmaqla, Əfqanıstan müharibəsini yaratmaqla onlar “fil” qulağında yatmışdılar...

Bütün bunları təhlil elədikcə, dünyanın ən aparıcı həkimlərinin, siyasətçilərinin, təbiblərinin və bəzi ölkə başçılarının dediklərini dinlədikcə adam bu qənaətə gəlir ki, bu koronavirus deməli, həqiqətən Çin tərəfindən bir bioloji silahdır. Amma bunu onlar kimlərlə fikirləşib, kimlərlə müzakirə eləyib, kimlərdən razılıq alıblar?.. Bu dəhşətli “oyunun” başında kimlər dayanır? Bax buna demək bir qədər çətindir. Hətta ola bilər ki, bu xəstəliyin Çində elə lap əvvəlcədən dərmanı da var. Sadəcə onlar gözləyirlər ki, vəziyyət bir az da pisləşsin və çoxlu ölklər Çindən “imdad” diləsinlər və bundan sonra onların “ürəyi yansın”, “ürəyi yumşalsın” və başlasınlar dünya xalqlarına kömək eləməyə. Çünki bu xəstəlik artıq Çində demək olar ki, sıfır nöqtəsindədirsə, deməli, özlərinin dediyi kimi dərmanını da tapıblar. Bu dərmanı da dünya ölkələrinə satmaqla onlar bundan da böyük pullar qazanacaqlar. Burada mən yalnız bu cümləni deyə bilərəm: “Bravo çinlilər”.

Mən bu və bundan sonrakı yazılarımda bir yazar və ziyalı kimi öz fikirlərimi, düşüncələrimi yazıram. Ola bilər ki, kimlərsə mənimlə razılaşmasın. Hər kəs elə öz fikrində qalsın. İnsana Böyük Yaradan tərəfindən sərbəst düşünmək azadlığı verilib. Bunu onun əlindən almaq, ən böyük günah və qəbahətdır. Kimin düz, kimin səhf olduğunu da yəqin ki, zaman lazım olan kimi göstərəcək. Bəli, “hər şeyin zamana ehtiyacı var”,-deyib babalarımız.

P.S. Artıq aprel ayının 8-dən Uhan şəhərində koronavirusla bağlı qadağa götürülüb. Artıq orada toy şənlikləri, konsertlər, tamaşalar və başqa kütləvi tədbirlərin keçirilməsnə tam icazə verilib. Hətta indi toy edənlərin, ailə quranların sayı üç dəfə artıb. Deməli, dekabr ayının 24-də orada koronavirus başlayıb və 3 ay 15 gündən sonra hər şey qurtarıb və həyat əvvəlki kimi Çin Xalq Respublikasında öz axarında davam eləyir. Hətta İran İslam Respublikasında da aprel ayının 10-dan “karantin” rejimi götürülüb. İnsanlar öz kefində və damağındadlar. Axı Çindən sonra koronavirus əsasən İranda “tüğyan” eləməyə başlamışdı. Bəs orada bu xəstəlik nə tez keçib getdi?.. Maraqlıdır, deyilmi?.. Bu sualların cavablarını tapmaq da çox çətindir... Allah yer kürrəsindəki bütün sülsevər insanlara səbr versin. Axı Allahın birinci adı da səbrdir. Səbr də elə uca ağacdır ki, hər adamın bağında bitmir. Səbrsizlik də həmin adama və ölkəyə streslər, əsəb gərginliyi, qorxu xofu gətirməklə, onları çoxlu xəsrəliklərə mübtəla eləyir. Ona görə də səbirli olub, bu “oyunun” sonunu gözləməliyik...

Əgər ölkə başçımız tərəfindən qərar verilibsə ki, evdə qalaq, deməli evdə qalmalıyıq. Yəqin ki, onlar da nələrisə bilir... Onların da bu dünyada davam eləyən “oyunlardan” yəqin ki, tam xəbərləri var. Onlar da istəyir ki, Azərbaycan xalqı bu “oyundan” çox az, cüzi itgi ilə çıxsın. Axı bizim məmləkət hər tərəfdən düşmənlərimizlə əhatə olunub. Belə vəziyyətdə ölkə əhalisini qorumaq, onları bu “oyundan” çıxarmaq daha çətindir... Deməli, hamılıqla ölkə başçımıza kömək eləməklə, böyük səbrlə çalışmalıyıq ki, az bir vaxtdan sonra məmləkətimizdə həyat və işlərimiz əvvəlki kimi öz axarında davam eləsin. Gəlin atalarımızın bu məsəlini yadımıza salaq: “El bir olsa, dağ oynadar yerindən”...

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi