ABŞ səfirliyi Heydər Əliyev Mərkəzinə təşəkkür edib

14 Aprel 2020 12:54 (UTC+04:00)

Biz ABŞ bayrağını möhtəşəm memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə öz minnətdarlığımızı bildiririk. SİA-nın məlumatına görə, bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada öz əksini tapıb.

Məlumatda bildirilir: "Belə çətin zamanda bu, ABŞ-la Azərbaycan arasındakı həmrəyliyin və iki millət arasında olan dostluğun nümunəsidir. Biz birlikdə COVID-19 pandemiyasına qalib gələcəyik!".

Qeyd edək ki, aprelin 13-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.

Aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.