Proqram iştirakçıları üçün onlayn təlimlər keçirilir ƏƏSMN

14 Aprel 2020 12:25 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, BMT İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə icra olunan “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramını iştirakçılarına online təlimlər keçirilir.

Nazirlikdən SİA-ya verilən məlumata görə, Gəncə, Zaqatala və Sumqayıt şəhərində həyata keçirilən layihəyə 47 gənc cəlb olunub. Onlara “Satış vərdişləri”, “Müsahibələrə hazırlıq” və “Şəbəkələşmə” mövzuları tədris edilir. Növbəti mərhələdə iştirakçılara işə düzəltmə potensialını artırmaq üçün müxtəlif mövzularda əlavə təlimlər təşkil ediləcək və gənclərin özünüməşğulluq təşəbbüslərinə dəstək veriləcək.

Gənclərdə innovativ ruhun təbliğinə, onların məşğulluğunun artırılmasına xidmət edən layihə çərçivəsində gənclər müasir iş axtarma üsullarına yiyələnir. Onlara təqdimatlar keçirmək, komanda işi, işəgötürənlərlə əlaqələrin qurulması, telefonla ünsiyyət, CV-lərin tərtibi və müsahibələrə hazırlıq və s. üzrə bacarıqlar aşılanır.