İqlim dəyişikliyi zərərvericilərin yayılmasına gətirib çıxara bilər

14 Aprel 2020 12:00 (UTC+04:00)

Azərbaycanda iqlim dəyişikliyi zərərvericilərin yayılmasına gətirib çıxara bilər. Azərbaycan Milli Elmlər Akademiyasından SİA-ya verilən məlumata görə, Dendrologiya İnstitutu son onilliklərdə Azərbaycan florasında iqlim dəyişikliyi hesabına karbon qazının bitkilərin artım dinamikasına, fenologiyasına, boy artımına, məhsuldarlığına təsirini araşdırıb. Dendroxronoloji tədqiqatlarda iqlim dəyişikliyinin meşələrdə ağacların böyüməsinə təsirləri təhlil edilib.

Tədqiqata əsasən, son iqlim dəyişmələri fonunda artan quraqlıq Naxçıvan Muxtar Respublikasının bəzi yüksək ərazilərində ağac artımının azalmasına səbəb olacağı gözlənilir. Bundan əlavə, iqlim dəyişikliyi həm yerli, həm də ekzotik növlər daxil olmaqla zərərvericilərin yayılmasına gətirib çıxara bilər.

Abşeronda ağacların böyüməsinin azalma səbəbi quraqlıq və zərərvericilərlə izah olunur. Bundan əlavə, qışın sonunda, yaxud yazda baş verən quraqlıq və ya patogen həşəratlar ağac köklərinə böyük zərbə vurur.

Qeyd edək ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert qrupunun (IPCC, 2007) son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8-1,2 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar - karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələri təşkil edir. BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına (UNFCCC) əsasən, iqlim dəyişikliyi atmosferin tərkibini dəyişdirən və insan fəaliyyətinə birbaşa və ya dolayı yolla təsir edən bir amildir.