"Türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vacibdir” RƏY-ÖZƏL

14 Aprel 2020 10:37 (UTC+04:00)

“Hazırda dünyanın diqqət mərkəzində olan bir nömrəli məsələ koronavirus pandemiyası olduğundan, bu xəstəliyə qarşı mübarizədə türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, koronovirusa qarşı mübarizədə dünya ölkələrinin hər biri ilk növbədə öz əhalisinin təhlükəsizliyini düşünür: “ Lakin Azərbaycan və Türkiyə yenə də fərqli bir yanaşma, qardaşlıq nümunəsi göstərməyi bacardılar. Azərbaycan maska istehsalı üçün lazım olan xammalı məhz Türkiyədən sifariş edib gətirdi. Bundan əvvəl isə Türkiyə XİN Qarabağda keçirilən uydurma "seçkilər”i tanımadı və bütün dünya ölkələrini bu "seçkilər”i baykot etməyə çağırdı. Belə bir fonda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev hazırda iki mötəbər beynəlxalq təşkilatın – Qoşulmama Hərəkatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədridir və bu vəzifələri layiqincə yerinə yetirir. Prezidnet İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının koronavirus təhdidi ilə bağlı fövqəladə Zirvə Görüşünün keçirilməsi də məhz bu baxımdan diqqətəlayiq hadisədir”.

Poltoloq söyləyib ki, Türk Şurası COVID-19 pandemiyasına qarşı dövlət başçıları səviyyəsində Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşüb: “Bu Zirvə görüşündə təşkilata daxil olan ölkələrin liderləri ilə yanaşı, ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesusun da iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Bilirsiniz ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezident İlham Əliyevə ünvanlanmış məktubda Azərbaycanın gördüyü işlərə yüksək qiymət verilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi qiymətləndirilib”.

N. Məmmədova qeyd edib ki, Fövqəladə Zirvə görüşünün əsas məqsədi də milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda qarşılıqlı dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi: “Həm ÜST baş katibinin, həm də Təşkilata üzv olan dövlət başçılarının çıxışları onu göstərdi ki, etnik birlik və regional əməkdaşlıq prinsipləri əsasında bir araya gələn türkdilli ölkələr Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanındadırlar. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Eyni zamanda türkdilli ölkələr ÜST və digər beynəlxalq təşkilatlarla da əməkdaşlığa hazırdırlar. Bu məsələdə Azərbaycan yenə də təşəbbüskar ölkə olduğunu və üzərinə düşən işləri layiqincə yerinə yetirdiyini göstərdi”.