ABŞ və Avropa bir virusla mübarizə apardığı halda İran iki virusla mübarizə aparır - İran Prezidenti

14 Aprel 2020 00:44 (UTC+04:00)

ABŞ və Avropa bir virusla mübarizə apardığı halda İran iki virusla mübarizə aparır. Bu viruslardan birinin adı koronavirus, digərinin adı isə sanksiyadır.

SİA xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

Prezident bildirib ki, Avropa və ABŞ-dan fərqli olaraq İranın koronavirusla mübarizəsi daha uğurludur. Ölən və yoluxanların sayına nəzər salsaq görərik ki, İranda vəziyyət sabitləşir. Aprelin 13-də ilk dəfə olaraq İranda sağalanların sayı ölənlərin sayından çox olub.

Bu gün Tehranda mətbuat konfransı keçirən İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bildirib ki, ABŞ-ın Beynəlxalq Valyuta Fondunun qərarına veto qoymaq hüququ yoxdur. Onun sözlərinə görə, İran uzun illər fonda üzvük haqqını ödəyib və öhdəliklərini yerinə yetirib. Digər dövlətlər də imkan verməməlidirlər ki, ABŞ hər hansı bir dövlətə qarşı qanunsuz addım atsın.

“Los Angeles Times” qəzeti yazır ki, Donald Trampın addımları humanistliyə ziddir. İran hakimiyyətinə qarşı yönəldilən sanksiyalar xalqın əleyhinə yönəlir və koronavirusla mübarizəyə imkan vermir. Məqalədə Ağ ev administrasiyasına başqa mübarizə üsulu seçmək məsləhət görülüb.