ƏƏSMN: Hüquq-mühafizə orqanlarına müraciət ediləcək

13 Aprel 2020 16:35 (UTC+04:00)

"Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə fəaliyyət göstərilməsi müşahidə olunur". SİA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər işini və qazancını itirmiş vətəndaşlara onlayn müraciət edilməsində ödəniş müqabilində öz xidmətlərini təklif edirlər: "İşini və qazancını itirmiş əhali qrupuna sosial dəstək üçün nəzərdə tutulan tədbir üzərindən qazanc, mənfəət əldə etmək meyllərini qəti şəkildə pisləyirik.

Bildiririk ki, bu cür fəaliyyətlərini davam etdirəcəkləri halda onlar barədə toplanmış məlumatlar hüquq mühafizə orqanlarına təqdim ediləcək. Vətəndaşları isə belə fırıldaqçılara aldanmamağa çağırırıq".