Nikol Paşinyanın canlı yayımlarından doğan reallıqlar ANALİTİK

13 Aprel 2020 16:08 (UTC+04:00)

Ermənistanın aparıcı mediaları baş nazirin fikirlərini məsxərəyə qoyurlar

Ermənistanda uzun illərdir ki, davam edən sosial-iqtisadi və siyasi böhrana əlavə olunan koronavirus təhlükəsi işğalçı ölkənin onsuz da çıxılmaz olan vəziyyətini daha da ağırlaşdırıb. Belə ki, ölkə mediası Nikol Paşinyan hökumətinin çarəsizliyinin bütün tərəflərini tam çılpaqlığı ilə ortaya qoymaqdadır.

Başqa tərəfdən, koronavirusla bağlı informasiyaların yayılması məsələsində hökumətin KİV-lərə qoyduğu bir sıra qadağalardan sonra artan narazılıq Paşinyan hakimiyyətinin geriyə çəkilməsi ilə nəticələndi və qadağalar aradan qaldırıldı.

“Past” qəzeti: “Baş nazir xalqın böyük əksəriyyətinin onun siyasətinə dəstək göstərdiyini iddia etsə də, xalq heç də bu fikirlərin həqiqəti əks etdirmədiyini sərgiləyib”

Bu arada, Ermənistanın aparıcı nəşrlərindən hesab edilən “Past” qəzeti yazıb ki, Nikol Paşinyanın fesybuk vasitəsi ilə üç saatlıq canlı efirə çıxması ictimaiyyət tərəfindən verilən sualların hələ də cavabsız qalması ilə nəticələnib. Məsələn, erməni baş nazir xalqın böyük əksəriyyətinin onun siyasətinə dəstək göstərdiyini iddia etsə də, xalq heç də bu fikirlərin həqiqəti əks etdirmədiyini sərgiləyib.

Beləliklə, “Past”ın analitii yazır. SİTAT: “Bir çoxları bildirirlər ki, Paşinyan üç saat boyunca yeni heç nə deməyib və sualların əksəriyyəti ya əvvəlcədən hazırlanıb, ya da baş nazirin fikirlərinə süni şəkildə “layklar” qoyulub. Paşinyan faktiki olaraq, xalqı daha çox maraqlandıran suallara cavab verməyib bu isə yumşaq desək, dərin şübhələr yaradır...

Bütün bunlara əlavə olaraq, hətta dünyanın böhrandan çıxması üçün baş sındırdığı indiki situasiyada baş nazir əvvəl olduğu kimi, öncəki hakimiyyətin və müxalifətin fəaliyyətindən, eləcə də KİV-lərdən narahatlığını gizlətmir”.

Erməni nəşri: “Görüntü yaradılır ki, demə onlar (Paşinyan hakimiyyəti) koronavirusu “divara yaxıblar”, “asfalta yıxıblar” və bu yöndə “məşqlər” edirlər”

Erməni nəşrinin yazdığı reallıqlar bir daha göstərir ki, əslində Paşinyan üçün əsas olan xalqın marağı deyil, hakimiyyətinin qorunub-saxlanılmasıdır. Çünki sözügedən məqalədə digər maraqlı nüanslara da toxunulur. SİTAT: “Ən əsası isə budur ki, canlı yayım digər məsələləri də aşkara çıxardı – bu hakimiyyət hətta böhrandan, ağır vəziyyətdən də dərs çıxarmır, onlar hələ də özlərini günahsız hesab edir, “düşmən” axtarışına çıxır və özünə aid olmayan hər şeyə qarşı kompromatlaşdırma siyasəti aparırlar. Bundan əlavə, görüntü yaradılır ki, demə onlar (Paşinyan hakimiyyəti) koronavirusu “divara yaxıblar”, “asfalta yıxıblar” və bu yöndə “məşqlər” edirlər. Bununla da özlərini əsl reallıqları bilən və dərk edən insanlara güldürürlər. Belə bir qəmgin mənzərənin nə ilə nəticələnəcəyini demək çətindir, lakin bir çoxlarının düşüncələrinə görə, biz siyasi seytnotu müşahidə edirik. Bu, daha aydın şəkildə məhz postkoronavirus zamanında görünəcək”.

Göründüyü kimi, Paşinyanın cəhdləri, var-gəlləri onun vəziyyətini daha ağırlaşdırır. Və hər dəfə sosial şəbəkələrə canlı yayımlara çıxıb, guya xalqla birlik görüntüsünü yaymaqla onun siyasi ömrü qısalır. Hər halda bunu biz deyil, elə erməni mediası da yazır, etiraf edir...

Rövşən RƏSULOV