Daha 20 min şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib

13 Aprel 2020 12:36 (UTC+04:00)

İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfərin birdəfəlik ödəmə ilə təmin olunması üçün vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edir.

Qeyd edək ki, aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.