Astarada koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs edildi

13 Aprel 2020 11:54 (UTC+04:00)

Astara rayonunda bir nəfərin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ayrı-ayrı şəxslərə koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyən edilib və o, Astara RPŞ-yə dəvət olunub.

Aparılmış araşdırmalarla D.Məmmədovun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edilib və o inzibati qaydada həbs olunub.