"Bu, Ermənistanın ən böyük faciəsi olacaq" ÖZƏL - AÇIQLAMA

13 Aprel 2020 11:45 (UTC+04:00)

"Hər bir şeyin həddi var. Azərbaycanın da səbri tükənə bilər. Azərbaycanın səbrinin tükənməsi Ermənistanın ən böyük faciəsi olacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Cümşüd Nuriyev Ermənistanın sərhəd xəttində törətdiyi təxribatlarla bağlı danışarkən deyib.

O bildirib ki, Ermənistanın getdiyi siyasi xətt həmişə sabit olub və onlar həmişə problemli məqamda qarşı tərəfi vurmağa çalışıblar:

"Bütün dünyanın koronavirusla mübarizə apardığı dövrdə ermənilər istər dövləti, istərsə də milləti vurmağa çalışırlar. Ermənistan qarşı tərəfi həmişə belə məqamlarda vurmağa çalışır. Həmin anda ki, dövlətin və millətin məşğul olduğu problemi və ya digər ciddi bir məsələsi var. Ermənilər tarix boyu zaman-zaman bunu ediblər. Ermənistan rəhbərliyindən bu gün də başqa bir şey gözləmək olmazdı. Başqa bir şey gözləməyə ehtiyac da yoxdur. Paşinyan iki ilə yaxındır ki, hakimiyyətə gəlib, may ayında artıq 2 il olacaq və adam verdiyi sözün heç birinə əməl etməyib".

Politoloq Dağlıq Qarabağda keçirilən saxta "seçkilər"ə də toxunub. O bildirib ki, Paşinyanın bu addımı beynəlxalq hüquq çərçivəsində qəbuledilməzdir:

"Paşinyan bir tərəfdən Dağlıq Qarabağda saxta prezident və parlament "seçkilər"i keçirdi. Baxmayaraq ki, həm Dağlıq Qarabağda, həm də Ermənistanda koronavirusa yoluxma halları var. Yəni, vəziyyət kifayət qədər gərgindi. Artıq, Ermənistan politoloqları da qeyd edirlər ki, Azərbaycan hər an öz torpaqlarının azad olunması istiqamətində addım ata bilər.

Hazırda, Azərbaycan özünün koronavirusla bağlı problemlərini həll edir. Ölkəmizdə insan daha böyük kapitaldır. Dövlət ilk növbədə insanlarını qoruyur. Sonra digər məsələləri həll etməyə çalışır. Ermənistanda isə belə bir adət yoxdur. Lakin, hər bir şeyin həddi var. Azərbaycanın da səbri tükənə bilər. Azərbaycanın səbrinin tükənməsi Ermənistanın ən böyük faciəsi olacaq. Ermənistan da sanki, qəsdən buna çalışır".