Çin Xalq Respublikasının Mienyen şəhəri COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərib.
SİA Sumqayıt Şəhər İcra Hakimiyyətinə istinadən bildirir ki, humanitar yardıma xüsusi qoruyucu vasitələr daxildir.
Mienyen şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalına çatıb. Tibbi ləvazimatlar dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib. Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq.
Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi. Humanitar yardıma görə Mienyen sakinləri və şəhər rəhbərliyi Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu da ünvanlamışdı.