Bir millət, bir ürək - Türkiyənin xəbər portalı Azərbaycanın dəstəyi barədə VİDEO

12 Aprel 2020 12:25 (UTC+04:00)

Türkiyənin tanınmış xəbər portalı HaberGlobal koronavirusla mubarizədə qardaş Azərbaycanın dəstəyi barədə süjet yayımlayıb.

SİA-nın məlumatına görə, süjet Heydər Əliyev Mərkəzinin üzərində Türkiyə bayrağının əks olunmasına həsr olunub.

Süjetdə Heydər Əliyev Mərkəzində Türkiyə bayrağının Azərbaycan bayrağı ilə yanaşı nümayiş olunması xüsusi vurğulanıb.

Azərbaycanın qardaş ölkəyə dəstəyini Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da izləyib.

Səfir deyib: "Bu mövzuda ölkələrarası əməkdaşlığın çox böyük önəmi var. İki qardaş ölkənin bayraqlarının eyni anda dalğalanması qürurvericidir. Türkiyə və Azərbaycanın bir-birilə yaxınlığını, dəstəyini və qardaşlığını sübut edən gözəl bir hadisənin şahidi olduq".

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu da rəsmi "Twitter" səhifəsində Azərbaycanla bağlı paylaşım edib.

Paylaşımda deyilir ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birliktə dalğalanır. Tək millət, tək ürək! Türkiyə Azərbaycan #BirliktəYeneceğiz".

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.