Zirvə görüşünü təşkil etməklə Azərbaycan etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi - Aydın Hüseynov

12 Aprel 2020 08:55 (UTC+04:00)

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşü indiki çətin şəraitdə milli səviyyədə təcrübəni bölüşmək, ölkələr tərəfindən bir-birinə dəstək göstərmək baxımından çox mühüm əhəmiyyət daşıyır. Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığa və dialoqa daha çox ehtiyac duyulduğu bir dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi özünü bir daha təsdiqlədi.

SİA xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin sədrliyi ilə keçən Zirvə toplantısı vətəndaşların sağlamlığının qorunması, pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi və aradan qaldırılması məqsədilə dövlətlər tərəfindən həyata keçirilən tədbirlər ətrafında konstruktiv fikir mübadiləsi ilə yadda qaldı. “Videokonfrans zamanı Türk Şurasına üzv dövlətləriinn rəhbərləri və Ümumdünya Səhiyyə Təşkilatının sədri belə çətin dövrdə Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımları alqışladıqlarını, pandemiya ilə mübarizədə dövlətimizin qabaqlayıcı tədbirlər həyata keçirərək çoxlarına nümunə olduğunu diqqətə çatdırdılar. Qürur duyulası haldır ki, Türk Şurasına sədrliyi dövründə Azərbaycan üzv dövlətlər arasında əməkdaşlığın və həmrəyliyin daha da genişlənməsinə öz töhfəsini verib. Ölkəmiz eyni zamanda təşkilatın beynəlxalq nüfuzunun artması yönündə mühüm addımlar atıb” – deyə A.Hüseynov vurğulayıb.

Müsahibimiz qeyd edib ki, Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı və ticarət dövriyyəsi üçün etibarlı nəqliyyat sisteminin olması çox vacibdir. Azərbaycanın zaman-zaman irəli sürdüyü təşəbbüslər nəticəsində pandemiya şəraitində belə türkdilli ölkələrin nəqliyyat daşımalarında heç bir problem yaşanmayıb. Xüsusilə, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi olaraq əlavə həcmdə yüklərin daşınması üçün lazımi tədbirlər görüb. Pandemiyanın mənfi təsirinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində Azərbaycan vasitəsilə türkdilli ölkələrdən daşınan yüklərin həcmində ötən illə müqayisədə 40 min ton artım müşahidə olunub. Regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkəmiz dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.

Aydın Hüseynov bu çətin və mürəkkəb vəziyyətdə antimilli qüvvələrdən, onların bədxah niyyətlərindən də danışaraq deyib: “Koronavirusla mübarizədə dövlətimiz bütün mümkün vasitələrdən istifadə edir, xəstəliyin yayılmasının qarşısını almaq üçün maarifləndirici işlər aparılır, sərt tədbirlər həyata keçirilir. Bunlar vətəndaşların təhlükəsizliyi və sağlamlığının mühafizəsi üçün atılan addımlardır. Təəssüflər olsun ki, sapı özümüzdən olan "baltalar" süni ajiotaj yaradır, xalqı təlaşda saxlamaq istəyirlər. “Beşinci kolon”un bu məkrli niyyəti hər kəsə aydındır. Bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə çarpışdığımız bir zamanda fürsəti əldən verməyən belə xain qüvvələr üçün dövlət və xalq amili heç bir önəm daşımır”.

Deputat əmin olduğunu bildirib ki, dövlətimizin dəstəyi, xalqımızın birliyi ilə koronavirus pandemiyasının da öhdəsindən gələcəyik. Azərbaycan hökumətinin həyat keçirdiyi düşünülmüş siyasət və qətiyyətli tədbirlər nəticəsində bu bəladan az itki və zərərlə xilas olacağıq.