Böyük Britaniyanın COVID-19 əleyhinə peyvəndi cari ilin sentyabrında hazır ola bilər

11 Aprel 2020 22:24 (UTC+04:00)

Böyük Britaniyada COVID-19 koronavirusu əleyhinə peyvənd artıq cari ilin sentyabrında hazır ola bilər.

SİA “Times” qəzetinə istinadən xəbər verir ki, bunu Oksford Universitetinin vaksinologiya professoru Sara Hilbert deyib. Koronavirusa qarşı vaksin üzərində çalışan tədqiqatçılar qrupuna rəhbərlik edən professorun sözlərinə görə, hər şey ideal alınsa peyvəndin hazırlanması sentyabr ayında başa çata bilər.

Sara Hilbert yaxın iki həftə ərzində peyvəndin klinik sınaqlarının başlanacağını bildirib.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Bu gün Bakı vaxtı ilə saat 21:00-a olan məlumata əsasən, indiyədək dünyada 1 milyon 736 mindən çox yoluxma və 106 min 558 ölüm faktı qeydə alınıb, 393 minə yaxın insan isə COVID-19 xəstəliyindən sağalıb.