Hindistan ABŞ-a koronavirus müalicəsində istifadə olunan hidroksixloroxin göndərəcək

11 Aprel 2020 20:22 (UTC+04:00)

Hindistanın əczaçılıq şirkətləri ABŞ-a yeni növ koronavirusun (COVID-19) səbəb olduğu xəstəliyin müalicəsində istifadəsi tövsiyə olunan hidroksixloroxin dərmanı göndərəcək.

SİA Hindistan KİV-lərinə istinadən xəbər verir ki, Əczaçılar Alyansının baş katibi Sudarşan Cain dərman şirkətlərinin və apteklərin anbarlarında ölkəyə kifayət edəcək qədər hidroksixloroxin dərmanının olduğunu, gələn həftədən etibarən bu dərmanın Birləşmiş Ştatlara ixracına başlana biləcəyini açıqlayıb.

Qeyd edək ki, Hindistan dünyada hidroksixloroxin dərmanı təchizatının 70 faizi təmin edir. Malyariya əleyhinə dərman kimi tanınan hidroksixloroxini bəzi həkimlər COVID-19 xəstələrinin müalicəsində də tövsiyə edirlər. Bir neçə gün əvvəl Rusiyanın Səhiyyə Nazirliyi də yeni növ koronavirusun yaratdığı xəstəliyin müalicəsində tövsiyə etdiyi dərmanlar arasında hidroksixloroxini də qeyd edib.