"Azərbaycan Prezidenti qətiyyətli mövqe nümayiş etdirir" Elçin Əhmədov

11 Aprel 2020 15:23 (UTC+04:00)

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiklərinə görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusa və iştirakçı dövlətlərin başçılarına təşəkkürünü bildirən Prezident İlham Əliyev çıxışında bildirib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir və pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq, eləcə də pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır. Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

Dövlət başçısı bildirib ki, koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış, faciəvi nəticələrə gətirib çıxarmışdır. Və pandemiya səbəbindən ölkələrimizdə, eləcə də dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir, yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.

Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir və bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür, eləcə də bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.

Dövlət başçısı Azərbaycanın koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdığını bildirərək demişdir: “Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq olunub. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir”.

Bununla yanaşı, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir: “Biz mart ayının əvvəlində təşkilatın mütəxəssislərini Azərbaycana dəvət etmişik. Qısa müddətdə dəvətimizə cavab verilmişdir. Belə ki, 9-13 mart tarixlərində təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olmuşdur. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət vermişlər. Ekspert missiyasının hazırladığı hesabatda da öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır”.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır və qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmış, mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalayıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndirir.

Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə ölkə daxilində görülmüş işlərdən geniş bəhs edən Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurmuşdur. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır.

Dövlətimizin başçısı vurğuladı ki, fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Bununla yanaşı, Prezident İlham Əliyev qeyd edib ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır və Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir: “Ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.

Azərbaycan hökumətinə və Azərbaycan xalqına verdikləri töhfəyə görə təşəkkür edən və videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşünə Cenevrədən qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Azərbaycan 5 milyon ianə verib. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanla yanaşı, Türkiyəyə də təşəkkür edib. Tedros Adhanom Qebreyesus Türk Şurasının fövqəladə Zirvə görüşünün işində iştirak etməyin onun üçün böyük şərəf olduğunu vurğulayaraq pandemiyaya son qoymaq üçün əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirməyə çağırış edən ÜST-nin Baş direktoru deyib: “Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik”. ÜST-nin Baş direktoru qeyd edib ki, bu Azərbaycanın və Türk Şurasının bizimlə sıx əlaqələri sərhədləri aşan əməkdaşlıq nümunəsidir.

Ümumiyyətlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və iştirakçı dövlətlərin başçıları çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Bu mühüm hadisə onu göstərir ki, artıq ölkəmiz təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrdə və təhlükələrdə də öz sözünü deyir, eləcə də mövqeyini ortaya qoyur. Qeyd etmək lazımdır ki, son 16 ildə həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti dünya miqyasında baş verən qlobal hadisələrdə və təhlükələrdə də qətiyyətli mövqe nümayiş etdirir. Bu da, onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.