Vüqar Rəhimzadə: "Türk Şurasının Zirvə görüşü həmrəyliyin bariz nümunəsidir" - MÖVQE

11 Aprel 2020 12:13 (UTC+04:00)

“Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü həmrəyliyin bariz nümunəsidir. Çünki Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulub”. Bu fikri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada bu beynəlxalq təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir: “Elə bu səbəbdəndir ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda biri-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir. Sirr deyil ki, Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir”.

“Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb” deyən Vüqar Rəhimzadə əlavə edib ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.

“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Türk Şurasının Zirvə görüşünün Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi də onu isbatlayır ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə dünyada öz fəal rolunu oynayır: “İlk günlərdən başlayaraq Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb. Həmçinin Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalanıb: “Artıq hər kəsə bəllidir ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılıb, ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib”.

“Azərbaycanın səhiyyə sistemində köklü işlər görülüb, aparılan testlərin sayına görə ölkəmiz dünyada 30-cu yerdədir” deyən Vüqar Rəhimzadə söyləyib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürülməsi Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir: “Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Təbii ki, dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir. Eyni zamanda, Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayrılıb”.

Vüqar Rəhimzadə sonda qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verməsi bütün görülən işlərin nəticəsidir: “Azərbaycana səfər edən ÜST-ün mütəxəssisləri görülmüş işlərə müsbət qiymət veriblər. Ekspert missiyasının hazırladığı hesabatda əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır”.