Islahatlar beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib - ÖZƏL AÇIQLAMA

11 Aprel 2020 10:37 (UTC+04:00)

“Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatla tanış olduqda aydın görünür ki, bütün nazirliklər, komitələr, digər qurumlar Prezidentin qarşıya qoyduğu bütün tapşırıqları yüksək səviyyədə və peşəkarlıqla yerinə yetiriblər. Aparılan iqtisadi islahatlar nəticəsində işsizlik səviyyəsi son 16 ildə ən aşağı səviyyəyə - 4,8%-ə enib. Bu nəticə nəyinki regionda, bir sıra inkişaf etmiş Avropa ölkələrindəki nəticələrdən yüksək göstəricidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, təkcə 2019-cu ildə ölkədə 192 min iş yeri açılıb: “Aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Bunun nəticəsidir ki, Avropa Yenidənqurma və İnkişaf bankının prezidenti avropalı sahibkarların Azərbaycana sərmayə yatırmasını tövsiyə edib. Maliyyə nəzarətinin gücləndirilməsi, qeyri neft sənayesinin böyüməsi, qeyri neft ixracının və valyuta ehtiyatlarının artması nəticəsində ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çox olub. 2019-cu ildə bir sıra mühim qərarlar qəbul edilməsi nəticəsində sosial müavinətlər, təqaüdlər orta hesabla 92%, minimum pensiyanın məbləği 72%, minimum əməkhaqqı 92% artıb. Dünyanın heç bir ölkəsində bu cür iqtisadi sosial artım müşahidə edilməyib.Ən böyük uğurlarımızdan biri də ölkə büdcəsinın demək olar ki, neft ixracından asılılığına son qoyulması istiqamətində görülən işlərdir.Hesabatdan göründüyü kimi, büdcəyə vergi daxil olma, qeyri dövlət sektorundan daxilolmanı 3 dəfə üstələyir. Bu da onun göstəricisidir ki, Azərbaycanda özəl sektor sürətlə inkişaf edir, ölkəmizdən xarici dövlətlərə ixrac həcmi durmadan artır”.

Deputat bildirib ki, hesabat dövründə ölkədə ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin gücləndirilməsi nəticəsində artıq Azərbaycan fermerlərinin kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixrac etdiyi məhsullar dəfələrlə artıb: “Bununla da onların həyat səviyyəsi xeyli yaxşılaşıb və dövlət büdcəsinə xarici valyutanın daxil olunmasını təmin edib.

2019-cu ildə bu cür yüksək göstəricilər bütün sahələri əhatə etməklə çox böyük nailiyyətlər əldə edilib. Bu bunlar bir daha sübut edir ki, 2019-cu ildə Nazirlər Kabineti qəbul edilmiş qanun və sərəncamları yüksək səviyyədə icra edib. Bütün bu göstəriciləri nəzərə alaraq Nazirlər Kabinetinin 2019-cu il üçün hesabatını qənaətbəxş hesab edirəm”.

K.Əliyeva sonda vurğulayıb ki, seçildiyim Zaqatala-Balakən rayonları ilə əlaqədar həllini gözləyən problemlərin bəzilərini nəzərinizə çatdırmaq istəyirəm: 1. Zaqatalanın Uzuntala kəndi Zaqatala rayonundan 25 km aralıda yerləşir. Kəndə gediş-gəliş yolunun əsas hissəsi Balakən rayonunun ərazisindən keçir. Balakən rayonuna aid olan magistral yoldan kəndə qədər olan hissə yararsız vəziyyətdə olduğuna görə əhali rayon mərkəzinə çətin və çox vaxt itkisi ilə çatırlar. Kənd istiqamətində olan yolun 7 km Balakən rayonuna, 2 km isə Zaqatala rayonuna aiddir. 4 kənddən ibarət 2500 nəfərə qədər əhaliyə xidmət göstərən yolun asfaltlaşması ilə əlaqədar kömək etməyinizi xahiş edirəm.

2. Neçə illərdi ki Katex çayının sel suları kəndə daşaraq ziyan vurur. Çay kənarındakı torpaq bəndləri yuyulub dağılır, əhalinin əkin sahələri məhv olur. Bununla əlaqədar Katex çayının məcrasını təmizlənməsinə və bəndlərin qurulmasına yardımçı olmağınızı Sizdən xahiş edərdim.