"Dağlıq Qarabağda keçirilən "seçkilər”in heç bir legitimliyi yoxdur” RƏY-ÖZƏL

10 Aprel 2020 11:23 (UTC+04:00)

“Bəşəriyyətin sınağa çəkildiyi və Azərbaycanın da dünya ilə həmrəylik nümayiş etdirdiyi bir vaxtda Ermənistanın yenə də öz məkrli siyasətindən əl çəkmədiyinin şahidi olduq. Belə ki, dünyanın ürəyinin tək bir arzu ilə çırpındığı zaman Ermənistan nəinki bu qorxunc virusla mübarizə aparmaq məsələsində ümumi axının əksi istiqamətində hərəkət edir, hətta Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda “seçkilər” keçirməklə şou göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, hazırki dövrdə separatçı rejimin belə bir addım atması tək Azərbaycana qarşı deyil, eyni zamanda, beynəlxalq aləmə meydan oxumaq deməkdir.

Onun sözlərinə görə, birincisi, bu, bir daha onu sübut edir ki, humanizm prinsiplərini pozan Ermənistan üçün bir dövlət olaraq koronavirus pandemiyasının insanların həyatına necə təsir edəcəyi maraqlı deyil: “İkincisi isə işğalçı Ermənistan Dağlıq Qarabağda “seçki” keçirməklə bir daha beynəlxalq hüququ saymadığını nümayiş etdirdi”.

Politoloq söyləyib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun işğal edildiyini artıq bütün dünyaya məlumdur: “Əvvəla, bu beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobudcasına pozulması deməkdir. Bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb ki, belə bir şəraitdə “seçkidən”, beynəlxalq hüquq normaları çərçivəsində dövlətlər üçün müəyyənləşdirilən və onlara xas olan hər hansı bir fəaliyyətdən söhbət gedə bilməz. Çünki seçki beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən bir hadisə olmaqla yanaşı, eyni zamanda, beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan dövlətlər tərəfindən həyata keçirilir ki, bu, həm də beynəlxalq standartlara cavab verən bir tələbdir”.

Ş. Həsənova vurğulayıb ki, Ermənistanın özünün də üzv olduğu ATƏT-in 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı bu qurumun əsas prinsipidir: “Bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. Deməli, Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda “seçki” keçirilməsi Ermənistanın təşkilata üzv ölkə kimi bu prinsipi və təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri kobudcasına pozması deməkdir. Bu “seçkilər” beynəlxalq hüququn aktorları tərəfindən qəbul olunan normal seçkilərdən tamamilə fərqlidir və heç bir legitimliyi yoxdur”.