Çin Ümumdünya Səhiyyə Təşkilatının işini tam dəstəkləməyə davam edəcək

10 Aprel 2020 00:55 (UTC+04:00)

Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işini tam dəstəkləməyə davam edəcək.

SİA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien təşkilatın ABŞ tərəfindən ədalətsizliklə ittiham olunması fonunda ÜST-nin fəaliyyətini müdafiə edib.

“COVID-19 infeksiyası yayılmağa başlayandan ÜST Baş direktor Tedros Qebreyesusun rəhbərliyi ilə öz vəzifələrini fəal şəkildə yerinə yetirir, obyektiv, elmi və qərəzsiz mövqe nümayiş etdirir. Qurum ölkələrə pandemiyaya reaksiya verməkdə və ona qarşı beynəlxalq əməkdaşlığın təşviqinə yardım göstərməkdə mühüm rol oynayır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət alıb”, - deyə Çin rəsmisi bəyan edib.

Cao Licien Çinin bundan sonra da ÜST-nin fəaliyyətini, habelə təşkilatın pandemiya əleyhinə qlobal əməkdaşlıqda davamlı liderliyini tam dəstəkləyəcəyini deyib, COVID-19-un dünyada sürətlə yayıldığı bir vaxtda beynəlxalq ictimaiyyətin sıx əməkdaşlığa ehtiyac duyduğunu bildirib.