MM-in komitəsi onlayn iclas keçirib

9 Aprel 2020 16:42 (UTC+04:00)

Xəbər verildiyi kimi, koronavirus (COVİD-19) ilə mübarizə tədbirləri çərçivəsində parlamentin komitə iclasları onlayn qaydada keçirilir. SİA-nın xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasları da bu qaydada keçirilməkdədir. Komitənin martın 26-da, martın 29-da, aprelin 1-də və aprelin 8-də keçirilən iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Ziyafət Əsgərov təqdim edib.

Bu iclaslarda “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətçəkmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi və “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuş, deputatlar bu məsələlərlə bağlı fikir mübadiləsi aparmış, rəy və təkliflərini veriblər.

Müzakirəyə çıxarılmış qanun layihələri baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.