"Qanunsuz seçki münaqişənin həlli üçün heç bir hüquqi baza yarada bilməz" - ÖZƏL ŞƏRH

9 Aprel 2020 15:57 (UTC+04:00)

“Qondarma Dağlıq Qarabağ Respublikasında (DQR) bu günlərdə keçirilmiş Azərbaycan konstitusiyasına və beynəlxalq normalara tam zidd seçkinin bütün dünya tərəfindən pislənməsi və birmənalı tanınmaması tarixi əhəmiyətli faktdır və Azərbaycanın şəksiz üstünlüklərini bir daha nümayiş etdirib”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu seçkilərin qlobal olaraq pislənməsi Azərbaycanın ərazi bütövlüyünün növbəti dəfə tanınması faktıdır: “Dünya açıq etiraf və bəyan etdi ki, bu qanunsuz seçki Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir hüquqi baza yarada bilməz və belə proseslər sülh danışıqlarına maneçilik etməkdən başqa bir şey deyil. Dağlıq Qarabağda qondarma seçkinin bütün dünya boyu iqnor edilməsi həm problemin əsil mahiyyəti barədə dünyada rəylərin daha da möhkəmlənməsinə səbəb oldu, həm də Ermənistanın təqsiri üzündən dalana girmiş sülh prosesində məhz Azərbaycanın mənafelərinə uyğun mərhələnin açılmasına öz sürətləndirici təsirini göstərib”.

Politoloq bildirib ki, beynəlxalaq reaksiyaların ən əhəmiyyətli məqamı bu oldu ki, dünyaya Qarabağ probleminin ən ədalətli həlli üçün hansı hüquqi bazanın məqbul olduğunu nümayiş etdirdi və ermənilərin yaratmaq istədikləri hüquqi çərçivənin yolverilməz, ziyanlı, dağıdıcı və tanınması qeyri-mümkün olduğunu sübut etdi: “Danışıqlar prosesində irəliləyiş üçün ən uyğun hüquqi yanaşmaları tətbiq etmək üçün Qarabağdakı seçkilər barədə beynəlxalq ittihamçı və inkarçı bəyanatlar olduqca böyük əhəmiyyət daşıyır. Bundan sonra Ermənistanın qondarma respublikanı tərəf kimi danışıqlara qatmaq və sair kimi pozucu ideyaları daha kəskin süngülərlə qarşılanacaq və inkar ediləcək”.

A.Quliyev vurğulayıb ki, qondarma seçkilər barədə beynəlxalq reaksiyaların başqa bir əhəmiyyətli tərəfi də var: “Dünya bir daha əmin oldu ki,Ermənistan işğalçı ölkədir və Azərbaycan torpaqlarını dincliklə heç cür qaytarmaq niyyətində deyil. Beynəlxalq reaksiyaları həm də Azərbaycanın haqlı mövqeyinə dəstək və zorən güc yoluna əl atacağı təqdirdə onun mövqelərinin dünyada anlayışla qarşılanacağına razılıq əlaməti kimi də qəbul etmək olar. Ermənistan qondarma seçki ilə uydurma "DQR"-nı tanıtmağa yeni cəhd göstərdiyi halda, daha sarsıdıcı əks-zərbə aldı. Danışıqların sonrakı raundlarında bu əsassız seçkilər pozuculuq cəhdi kimi Ermənistan rəhbərliyinə xatırladılacaq. Sülh danışıqlarında Ermənistan rəhbərliyinin diskomfort vəziyyəti daha da güclənəcək”.