Qaydaları pozanlar 5 min manata qədər pul cəzasına cəlb edilə bilər ÖZƏL - AÇIQLAMA

9 Aprel 2020 14:35 (UTC+04:00)

"İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, qaydaları pozan şəxslər 5 min manata qədər pul cəzasına cəlb edilə bilər". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev karantin qaydalarına riayət etməyən şəxsləri daha sərt qaydalar çərçivəsində hansı cəzaların gözlədiyi ilə bağlı danışarkən deyib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bundan sonra daha sərt qaydaların tətbiq edilə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirən hüquqşunas deyib ki, daha sərt qaydalar dedikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi nəzərdə tutula bilər: "Bu maddəyə əsasən, həmin sanksiyaları tətbiq edə bilərlər ki, qaydalara riayət etməyən şəxslərə cəzalar tətbiq edilə bilsin. Məsələn, bura aiddir, icazə alınan fəaliyyətlər sahəsinə aid olmadığı halda, işçilərinə icazə alan şəxslər, və yaxud əmək müqaviləsi, həmçinin xidməti müqavilə əsasında işləməyən insana icazə alınması və s. Bu karantin qaydalarının pozulması deməkdir. Sərt qaydaların tətbiq olunması dedikdə bununla bağlı tədbirlər görülə bilər".

Mayis Əliyevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, qaydaları pozan şəxslər pul cəzasına cəlb ediləcək. Bu pul cəzası 2 min manatdan, 5 min manata qədər ola bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin FƏSİL 23, "Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar" başlığı altındakı 211-ci maddəsində deyilir:

"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir".