Samux rayonuna virtual səyahət

9 Aprel 2020 14:32 (UTC+04:00)

Bütün ölkələrdə olduğu kimi, Azərbaycan ərazisində də koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilir. Artıq ölkəmizdə ciddi karantin rejimi tətbiq olunub. Bəzi müəssisələr online xidmətlərin tətbiqinə üstünlük verir. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən də “Vətənimizə virtual səyahət” layihəsi reallaşır. Kitabxanada “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanan videoturlar #evdəqal çağırışına dəstəkdir.

Növbəti virtual tur Samux rayonunadır. "Samux" adının mənşəyi qədim alban toponimləri ilə əlaqədar olub, "meşəlik", "ağaclıq" mənasını verir. "Samux" sözü qədim alban dilində "ov üçün meşəlik yer" kimi tərcümə edilə bilər. XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri olmuşdur. Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. İqlimi quru-kontinentaldır.

Videoçarxda Samux rayonu haqqında ümumi məlumat verilmiş inzibati və ictimai obyektlərinin fotoları əks olunmuşdur. Samux rayonunun kənd təsərrüfatının əsasını təşkil edən üzümçülük, heyvandarlıq, taxılçılıq və tərəvəzçilik, meyvəçilik sahələrini əks etdirən fotolar videoçarxda yer alır. Burada, həmçinin rayonun bitki və heyvanat aləmini, meşə və çaylarını əks etdirən fotolar maraq doğurur. Videoçarxda Samux mətbəxinə dair fotolar da verilib.

Videoçarx Zahidə Günəşin ifasında “Samux” mahnısı ilə müşayiət olunur.