"Artıq elə bir mərhələyə gəlib çatmışıq ki,.." ÖZƏL - MÖVQE

9 Aprel 2020 10:55 (UTC+04:00)

“Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla bağlı atdığı addımlar fikrimcə, koronovirusun ölkəmizdə yayılmasının qarşısını almağı xeyli səngitdi. Əlbəttə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu qərarları qəbul edərkən ilk növbədə burada dövlət başçımızın, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidentinin tövsiyyələri, rəyləri, tapşırıqları nəzərə alınır. Bütövlükdə Operativ Qərargah da xeyli sayda peşəkar insanlardan formalaşıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

“Atılan hər bir addım yalnız və yalnız ona ünvanlanıb, hədəflənib ki, Azərbaycan insanı bu pandemiyadan mümkün qədər zərərsiz, itkisiz çıxa bilsin. Hesab edirəm ki, qabaqlayıcı tədbirlər xeyli atıldı. Artıq elə bir mərhələyə gəlib çatmışıq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin ciddi karantin rejiminə keçidlə bağlı qərar qəbul etdi. Fikirləşirəm ki, yeni qəbul olunmuş qərarın icrasına başlanandan sonra pandemiyanın əhatə dairəsinin genişlənməsinə imkan verilməyəcək. Bununla da hadisələri idarə etmək mümkün olacaq. Bu gün artıq insanlarımız bu xəstəliyin fərqindədirlər. Mən bu prosesin həyata keçirilməsində xüsusilə Azərbaycan polisinin peşəkarlığını, qətiyyətini görürəm. Eyni zamanda bizim həkimlərin əməyi böyükdür. Onlar çalışırlar ki, dövlətimiz bu pandemiyada qalib gəlsin. Operativ Qərargah çox peşəkarcasına öz işini ortaya qoydu”-deyə, İ.Orucov fikrini tamamlayıb.