TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur

9 Aprel 2020 03:31 (UTC+04:00)

Koronavirusun aşkarlanması üçün gün ərzində icra edilən testlərin sayı 3-4 min arasında dəyişir. Həmin testlərin sayını 5 minə çatdırmağı nəzərdə tutmuşuq. Bu gün ölkədə 3 mindən çox test aparılıb. Bununla da aparılan testlərin sayı 53 mini ötüb. Koronavirusun təyini məqsədilə Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb. Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılması planlaşdırılır.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

“Bakıda və regionlardakı gömrük-keçid məntəqələrinə yaxın olan bütün hotellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı istirahət mərkəzləri, xüsusilə də Nabrandakı istirahət mərkəzləri karantin üçün ayrılıb. Qərb, şimal və cənub bölgələrimizdə bütün 3, 4 və 5 ulduzlu hotellər karantin kimi istifadə olunur. Karantində olan vətəndaşların sayı isə 3 mindən çoxdur. Hazırda ölkə üzrə 751 aktiv koronavirus xəstəsi var ki, onlardan da 37-nin vəziyyəti ağırdır. Həmin xəstələrdən 20-dən çoxu məhz bu yaxınlarda fəaliyyətə başlayan “Yeni klinika”da müalicə alır. Ümumilikdə Azərbaycanda koronavirusa görə 22 tibb müəssisəsi ayrılıb”, - deyə R.Bayramlı diqqətə çatdırıb.