164 avtomobil Qarabağ müharibəsi əlillərinə veriləcək

8 Aprel 2020 16:51 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Azərmaş" MMC-dən "Khazar LX" markalı 164 avtomobilin alınacağı ilə bağlı məlumatlara aydınlıq gətirib. SİA xəbər verir ki, Nazirliyin mətbuat katibi Fazil Talıblı bu il də Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təmin olunmasının nəzərdə tutulduğunu bildirib.

Fazil Talıblı qeyd edib ki, alınacaq 164 avtomobil də Qarabağ müharibəsi əlillərinə veriləcək. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 164 ədəd "Khazar LX" markalı minik avtomobillərinin satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.

"Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderin qalibi "Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Şirkətlə dəyəri 1,99 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.