“Ölkə rəhbərinin addımları ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir” MÜNASİBƏT

8 Aprel 2020 15:21 (UTC+04:00)

“Humanizmə, qayğıkeşliyə, əsasən də həmrəyliyə söykənən sosialyönümlü qərarların qəbulu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməl prinsipidir”. Bu fikirləri SİA-ya millət vəkili Əliabbas Salahzadə Prezidentin imzaladığı əvf Sərəncamını şərh edərkən deyib.

Onun sözlərinə görə, dünyanın koronavirus təhlükəsi bürüdüyü bir zamanda, eləcə də insanların həyatının həssas vaxtında 65 və daha artıq yaş qrupuna olan məhbusların əfv olunmaları onların özləri ilə yanaşı, həm də ailələrinə sevinc bəxş edib: “Məhz bu faktor möhtərəm Prezidentimizin idarəçilik üslubudur. Çünki o daim öz çıxışlarında vurğulayıb ki, insan amili onun üçün əsasdır. Ona görə də, dünyada insanların qlobal təhlükə olan koronavirusla üzləşdiyi, bir çox ölkələrdə insanların təlaş və təşviş içində olduğu məqamda ölkəmizdə 176 nəfər məhkumun cəzasının bağışlanaraq azadlığına qovuşmasını təmin edən ölkə rəhbərinin addımları ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir”.

“Sözsüz ki, bu ərəfədə belə bir əfv sərəncamının verilməsi 176 ailənin sıxıntılı dönəmlərində onlara sevinc bəxş edilməsi humanizm nöqteyi-nəzərdən çox təqdirəlayiqdir”, deyən deputat onu da qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə son illərdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlara diqqət etsək, möhtərəm Prezidentimizin bu sahədə onun humanist siyasətinin, xüsusən cəzaların humanistləşməsinin bir daha şahidi olarıq: “Xüsusilə, bu Sərəncam bütün hallarda vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz İlham Əliyevin həyat amalının xalqın maddi-rifahının, həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi olduğunun təsdiqidir. O cümlədən, əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq, üçün atılan addımın dövlətin humanist siyasətinin, vətəndaşa verilən diqqət və qayğının ardı-arası kəsilməyən nümunələrindən biri kimi qəbul edildi”.

Rəfiqə HÜSEYNOVA