“Müxalifət humanist qərara qərəzli yanaşır və cəmiyyətin nifrətini qazanır” RƏY-ÖZƏL

8 Aprel 2020 15:24 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyevin 65 yaşı keçən məhkumların əfv olunması barədə sərəncam imzalamasını yüksək qiymətləndirirəm". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti kimliyindən və hansı cəza törətməsindən asılı olmayaraq böyük bir humanist addım atıb: "Prezidentimizin bu humanist addımına xaricdən maddi və mənəvi dəstək alan müxalifətin qarayaxmaq kampaniyası aparması onların müstəqil olmalarının əyani göstəricisidir. Burada qərəzli mövqeyə ehtiyac yoxdur. Müxalifət humanist qərara qərəzli yanaşmaqla cəmiyyətin növbəti nifrətini qazanmış olur. Nəzərə almaq lazımdır ki, ölkə Prezidentimiz əfv sərəncamını imzalamaqla bir çox ailələri sevindirdi. Radikal müxalifət düşərgəsini təmsil edən şəxsləri Azərbaycan cəmiyyəti çox yaxşı tanıyır. Belə olan halda da, onların nə deməsindən asılı olmayaraq cəmiyyətimiz onların dediyi fikirlərə ciddi yanaşmır. Demək olar ki, bu gün kimlər hansı fikir deyirsə əlbəttə ki, o dediyi fikirlər onların öz fikirləri deyil. Ölkədə nə isə xoşagəlməz bir vəziyyət yaratmaq istəyən, xaricidən idarə olunan qüvvələr var. Yəni ağa qara demək və görülən işlərə kölgə salmaq istəyən qüvvələr mövcuddur. Amma onların nə deməsindən və etməsindən asılı olmayaraq heç vaxtı onlar öz istəklərinə çatmayacaqdır".