Kitabxana onlayn xidmətini davam etdirir

8 Aprel 2020 13:55 (UTC+04:00)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının karantin müddətində “#evdəqal. Dünyamızı və ölkəmizi tanı” və başqa aksiyaları müvəffəqiyyətlə davam etdirir. SİA-nın məlumatına görə, kitabxana günün tələblərinə uyğun olaraq, tamamilə onlayn xidmətə keçib və öz oxucularına kitabxananın rəsmi saytı - www.ryl.az, “Instagram”, “Facebook” səhifələri və www.azlibnet.az saytı vasitəsilə xidmət göstərir.

Mövcud şəraitdə gənclərin fərdi inkişafının, boş vaxtlarından səmərəli istifadəsinin əhəmiyyətini nəzərə alaraq, kitabxana #evdəqal. Dünyamızı və ölkəmizi tanı” adlı aksiyanı müvəffəqiyyətlə davam etdirilir. Bu aksiya sosial şəbəkə istifadəçilərini dünya ölkələri və şəhərləri haqda məlumatlandırmağa yönəldilib. “Instagram” və “Facebook” sosial şəbəkələrində sözügedən aksiya üzrə ABŞ, Almaniya, Fransa, İtaliya, Vatikan, Türkiyə (Kapadokya), Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Portuqaliya, Estoniya, Litva, Braziliya, Hindistan, Vyetnam, Qazaxıstan, İsveçrə, Norveç, Danimarka, Finlandiya, Sinqapur, Kuba, Macarıstan kimi dünya ölkələri, Bakı, Gəncə, Şəki, Şamaxı, Qəbələ və s. şəhərlər haqqında 25-dən çox video və foto material yerləşdirilib. Sosial şəbəkə istifadəçiləri kitabxananın əməkdaşları tərəfindən yaradılan bu videoçarxları izləyərkən sözügedən ölkə və ya şəhər haqqında tam dolğun məlumat alır, virtual olaraq bu ölkənin küçələrinin səyahətçisinə çevrilir, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri, dünəni və bu günü ilə tanış olur. Hər bir sözügedən ölkənin musiqisi ilə müşayiət olunan bu videoçarxlar izləyicinin gözü qarşısında canlanır, real səyahət turuna çevrilir. Çarxların hazırlanmasında tematik görüntülərə, qısa, lakin eyni zamanda, dolğun məlumatların çeşidlənib, yığılmasına xüsusi önəm verilir. Hazırlanan videoçarxların yorucu olmaması, qısa zaman kesiyində faydalı məlumatın ötürülməsi imkanı kitabxanaçıların ən əsas məqsədidir.

Sonradan bu videomaterialların qruplaşdırılaraq, elektron daşıyıcılara köçürülməsi və kitabxananın fonduna daxil edilməsi planlaşdırılır.